“Britaniya
Şurası dünyada təşkilatlar və
insanlar arasında körpüdür”
“Babam
ötən əsrin əvvəlində Azərbaycanda neft kompaniyasında çalışıb.
Ölkənizə gələndə düşünürdüm
ki, burada insanlar çox mühafizəkardır.
Lakin gördüm ki, onlar ünsiyyətcil, isti münasibətlidir”
Azərbaycan Milli İncəsənət Muzeyində “Şekspir ili”nin açılış mərasimi zamanı fürsətdən istifadə edib bizi maraqlandıran suallarla Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayta müraciət etdik:
- Britaniya Şurasının Azərbaycandakı əsas prioritetləri nədən ibarətdir?
- Bizim qurumun əsas
prioriteti insanlar arasında inam və hörmət qurmaqdır. Biz müxtəlif
ölkələrdə ingilis
dili, təhsil, mədəniyyət və
incəsənət istiqamətində
işləyirik. Məsələn, Azərbaycanda teatr sahəsində çoxlu işlər görürük.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bu sahədə əməkdaşlıq edirik.
Britaniya Şurası dünyada təşkilatlar və insanlar arasında körpüdür. Mən həm
də Böyük Britaniya səfirliyinin mədəniyyət attaşesiyəm.
Onu da deyim ki,
Britaniya Şurası Böyük Britaniya səfirliyinin bir hissəsi deyil. Səfirlik dövlət qurumudur, biz isə qeyri-hökumət təşkilatıyıq. Yuxarıda qeyd etdiyim kimi,
proqramları qarşılıqlı
maraq əsasında tərtib edirik. Böyük Britaniya və fəaliyyət göstərdiyimiz
ölkə üçün
maraqlı olan nədir? Bununla bağlı müxtəlif
layihələrimiz olur.
Prioritetlərə gəlincə, onlar
dəyişə bilər.
Məsələn, 10 il bundan əvvəlki proqramımız
indikindən fərqlidir.
Bu dəyişiklik insanlardan, bizim harada işləməyimizdən
asılı olaraq baş verir. Xüsusilə onu vurğulamaq
istərdim ki, bu dəyişiklik siyasi vəziyyətdən
asılı olmur və biz sadəcə olaraq proqramlarımızı
maraqlı sahələr
üzrə qururuq.
Britaniya Şurası 2008-ci ildə
Azərbaycanda ingilis dili kurslarını bağlamışdı və
mənim fikrimcə, bu yaxşı qərar deyildi. Keçən il
mən Azərbaycanda nümayəndə kimi fəaliyyətə başlayanda
dedim ki, bu kursları açmaq lazımdır.
- Azərbaycanda mədəniyyət
sahəsində daha çox hansı istiqamətlər sizin üçün maraqlı
və cəlbedicidir?
- Britaniya Şurasının
musiqi, film, teatr sahəsində proqramları
var. Ötən il teatr sahəsində çoxlu işlər gördük.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində bununla bağlı müzakirələrimiz
oldu. Əldə
olunan razılaşmaya
əsasən, Dövlət
Gənc Tamaşaçılar
Teatrında ingilis dramaturqu, “Oskar” mükafatçısı
Martin Mak Donaxın “Lineynin trilogiyası” adlı əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik kraliçası”,
“Yalqız Qərb” tamaşaları hazırlandı.
Tamaşanın quruluşçu rejissoru Yan Vilyem Van Den Boh, tərtibatçı rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyon idi. Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin üç
əsərinin bir məkanda nümayişi teatrsevərlərə hədiyyə
oldu. Mədəniyyət və Turizm
Nazirliyi, Britaniya Şurası və Gənc Tamaşaçılar
Teatrının birgə
layihəsi teatr əməkdaşlığına dair müqavilə əsasında reallaşdı.
Layihədə Böyük Britaniyadan
teatr mütəxəssisləri
ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirdilər.
Biz həmçinin Azərbaycan
Dövlət Rus Dram Teatrı, Azərbaycan Milli Dram Teatrı ilə də işləmişik. Britaniya Şurası Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə teatr əməkdaşlığı
layihəsini davam etdirməkdən qürur duyur. Layihə Azərbaycanın dövlət və özəl teatrları ilə əməkdaşlığı
gücləndirəcək. Bu il Şekspirin
450 illik yubileyi çərçivəsində çoxlu proqramlar həyata keçirməyi
düşünürük. Bu baxımdan, onun
pyesləri ilə bağlı da proqramlarımız olacaq.
- Azərbaycana gələnə
qədər hansı ölkələrdə fəaliyyət
göstərmisiniz?
- Əvvəlcə onu
deyim ki, mən Şotlandiyaya yaxın, Şimali İngiltərədə kiçik
bir kənddə doğulmuşam. Artıq 20 ildir ki, Britaniya Şurasında işləyirəm. İlk fəaliyyətim
1993-cü ildə Qazaxıstanda
olub və mən orada qurumun ilk ofisini açmışam. Həmin vaxt
sovet rejimindən qopan ölkə özünü yenidən
qururdu və mənim üçün orada yaşayıb-işləmək
çox maraqlı idi. Sonra mən Sankt-Peterburqda
işləməyə getdim
və bu şəhəri, onun mədəniyyətini sevdim.
Qısa müddət Praqada çalışdıqdan sonra
ərəb dünyasına,
Yəmənə getdim.
Bu ölkə çox
əsrarəngiz idi və 4 il
sonra fəaliyyətimi
Suriyada davam etdirdim. 2011-ci illərin
sonlarında Dəməşqdə
təhlükəli vəziyyət
yaranırdı və
ona görə də fəaliyyətimizi Beyruta keçirdik. Suriyadan sonra mən hər hansı ölkənin belə gərgin anlar yaşamasını istəməzdim.
Sevinirəm ki, hazırda
Azərbaycan kimi sabit, sakit bir
ölkədə fəaliyyət
göstərirəm. Doğrudur, bir
ölkədə işləyərkən
oraya uyğunlaşırsan,
dostluqlar edirsən və sonra ayrılmaq
çətin olur.
Amma düşünürəm ki,
həyat öyrənməkdir.
- Maraqlıdır, ölkəmizlə
bağlı sizdə hansı təəssürat
yaranıb?
- Mən hələ qısa müddətdir ki, Azərbaycandayam. Lakin öz həmkarımdan ölkə ilə bağlı müsbət fikirlər eşitmişəm.
Onu da qeyd edim
ki, mənim babam ötən əsrin əvvəlində
Azərbaycanda olub.
O, neft kompaniyasında
çalışıb. Biz onun fotosunu tapdıq
və orada yazılmışdı “Bakıda”.
Mən Bakıda gözləmədiyim
iki halla qarşılaşdım. Düşünürdüm
ki, burada insanlar çox mühafizəkardır. Lakin gördüm
ki, onlar ünsiyyətcil, isti münasibətlidir. İkincisi isə
şəhərin zəngin
memarlığı məni
təəccübləndirdi. Təəssüf ki, dünyanın
bir sıra ölkələrində və
Böyük Britaniyada
insanların Azərbaycanla
bağlı məlumatları
azdır. Azərbaycanın gözəl regionları da var. Hər bir imkandan istifadə
edib regionlara gedirəm. İsmayıllını, Lahıcı, Altıağacı
sevdim. Bakıda isə İçərişəhərdə
yaşayıram, vaxtım
olanda dənizkənarı
bulvara getməyi xoşlayıram.
Mehparə
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 7.