Muzey Mərkəzində “Krallıq”
Rusiyalı rəssamın
sərgisi “Kukla” art qalereyasının
yaranmasının ildönümünə həsr olunub
Aprelin 23-də Muzey Mərkəzində Bakıda ilk ixtisaslaşmış “Kukla” art qalereyasının yaranmasının bir illiyi münasibətilə sərgi açıldı. Qalereyanın və Muzey Mərkəzinin birgə təşkil etdiyi “Krallıq” adlı sərgidə Rusiyanın Sankt-Peterburq şəhərindən kukla sənəti ustası, rəssam Lada Repinanın əl işləri nümayiş olunur. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Açılışda çıxış edən “Kukla” art art qalereyasının rəhbəri Lalə Kazımova rusiyalı rəssamın yaradıcılığı, əsərləri haqqında danışdı. Bildirdi ki, müəllif “Krallıq” adlı unikal əl işlərini məhz Bakıdakı kukla qalereyası üçün hazırlayıb: “Lada Repina əsərlərini yüksək bədii zövq və qeyri-adi düşüncə tərzi ilə yaradır. Onun kuklaları Bakı tamaşaçılarına artıq tanışdır və onlardan bəziləri “Kukla” art qalereyasının kolleksiyasına daxil edilib. Rəssamın yeni əsərlərinin sərgisinin qalereyanın ildönümünə təsadüf etməsi çox əlamətdardır”.
Qeyd olundu ki, gənc fırça ustası “Liliputlar kralı”, “Qırmızıtoxmaq qadın” adlı əsərlərində rəngarəng, mübaliğə ilə dolu bir mövzu açır. Əvvəlki işlərlə birləşdirilmiş və tamamlanmış bu seriya öz “Krallığ”ının sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirən və onu yüksək sənət və layihə səviyyəsinə qədər ucaldan bir rəssamın böyük əməyinin bəhrəsidir.
Lada Repinanın əsərləri art-obyekt kimi xarakterizə edilə bilər, lakin öz təqdimatına görə, müəllif məhdud xəyali təsvirə keçmir, daha çox vizual bədii estetikaya müraciət edir. Əvvəlcədən elan edilən mövzu bir qayda olaraq silsilə işlərlə nümayiş olunur. Müxtəlif tərəflərdən və fərqli qavrayış nöqtələrindən hər bir obyektin öz təkrarolunmaz mənası var və onlar real kuklanın xarakterini qeyri-real dünya ilə tamamlayır.
İstedadlı rəssam “Ədəbiyyat və teatr qəhrəmanları kuklalarda” (Musiqi Muzeyi, Şeremetyev sarayı), “Milad sərgisi” (Rosvuzdizayn qalereyası), “İncəsənətdə ölüm obrazı”, “Monstrlar. Mifik varlıqlar”, “İncəsənətdə başmaqlar (Rəssam Mixail Şemyakin fondu), “Kukla sənəti” (Moskva Maneji) və bir sıra mühüm sərgilərin iştirakçısı olub.
Sankt-Peterburqda N.K.Rerix adına İncəsənət Məktəbini “qrafik dizayner” ixtisası üzrə bitirdikdən sonra Lada Repina təhsilini eyni ixtisas üzrə A.L.Ştiqlits adına Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyasında davam etdirib. Onun əsərləri Rusiya ilə yanaşı, Azərbaycan, İspaniya, ABŞ və İsraildə şəxsi kolleksiyalarda saxlanılır.
Lada Repina çıxış edərək əsərlərinə göstərilən diqqətə görə öz minnətdarlığını bildirdi. Bakını müasir mədəniyyət və incəsənət mərkəzi kimi xarakterizə edən qonaq sərginin davamlı olmasını arzu etdi.
Sərgi çərçivəsində rəssamın Svetlana Pçelnikovanın (Moskva) “Kuklalar məkanı” şəxsi qalereyasından götürülmüş üç əsəri də nümayiş olunurdu. S.Pçelnikova Moskvada beynəlxalq kukla qalereyasının təşkilatçısı və “Kuklalar dünyası” jurnalının rəhbəridir.
Muzey Mərkəzində
sərgi aprelin 29-a qədər davam edəcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 8.