“Əfsanələr
paytaxtı”nın təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramı çərçivəsində Qəbələ rayonu 2014-cü ildə Azərbaycanın «Əfsanələr paytaxtı» elan olunub.
Aprelin 24-də Qəbələ Mədəniyyət Mərkəzində bununla bağlı təqdimat mərasimi keçirilib. İctimaiyyət nümayəndələrinin, Bakıdan və bölgələrdən qonaqların iştirak etdiyi tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova açaraq «Əfsanələr paytaxtı» ilinin tədbirlər planı barədə məlumat verib. Qəbələnin artıq Azərbaycanın tanınmış turizm mərkəzlərindən birinə çevrildiyini deyən şöbə müdiri bildirib ki, «Əfsanələr paytaxtı» çərçivəsində tədbirlər rayonun daha da tanıdılmasına və təbliğinə zəmin olacaq.
Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Ətayə Osmanova çıxışında qeyd edib ki, Qəbələdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ənənəsi ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu ənənəni Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir: «Biz çox sevinirik ki, Qəbələdə böyük islahatlar gedir. Rayonda keçirilən beynəlxalq festivallar, idman yarışları, çoxsaylı tədbirlər təkcə Qəbələni deyil, eyni zamanda respublikamızı bütün dünyada tanıdır».
Qeyd edək ki, tədbir çərçivəsində Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş rəsm əsərlərinin sərgisi nümayiş olunub. Tədbir rayon incəsənət məktəbi kollektivinin rəngarəng konsert proqramı ilə başa çatıb.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 8.