“Ümumi
mədəni irs şəhərləri”
layihəsinin icrası başlanıb
Xəbər verdiyimiz kimi, aprelin 2-də Ankarada İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) layihə dövrünün idarə edilməsi sistemi çərçivəsində Türkiyənin İnkişaf Bankı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında "Ümumi mədəni irs şəhərləri" layihəsi ilə bağlı müqavilə imzalanıb.
Bu ilin aprel-sentyabr aylarını əhatə edəcək layihənin ilk mərhələsində COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, 26-30 aprel tarixlərində layihənin ekspertləri Fariz Xəlilli və Tərlan Quliyev Türkiyənin Van, Ahlat, Ərzurum və Amasya bölgələrinə səfər edəcəklər. Səfər zamanı bu bölgələrin arxeoloji turizm potensialı ilə yanaşı, bölgənin turizm imkanları, üstünlükləri, mövcud və ortaya çıxa biləcək problemlər, ortaq turizm məhsulunun yaradılması və turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi imkanları və s. araşdırılacaq.
Səfər öncəsi layihənin
səlahiyyətli şəxsi - Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri
Aydın İsmiyev, layihənin əlaqələndiricisi
Məleykə Hüseynova, koordinator
Türkan Rüstəmova, ekspertlər Fariz Xəlilli və Tərlan Quliyevin
iştirakı ilə görüş keçirilib. Görüşdə
layihənin icrası ilə əlaqədar qarşıda duran məqsədlər, fəaliyyət
planı, bu günədək görülmüş işlər, gözlənilən
nəticələr müzakirə edilib, müvafiq hesabatlar dinlənilib
və rəhbərlik tərəfindən aidiyyəti göstərişlər
verilib. Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təqdim edilən layihə İslam
Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı
üzrə Daimi Komitəsi (COMCEC) tərəfindən
bəyənilərək maliyyələşməsinə qərar
verilib.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 8.