GUAM ölkələrinin turizm əlaqələri müzakirə olunub

 

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Kiyevdə bir sıra görüşlər keçirib

 

Xəbər verdiyimiz kimi, aprelin 22-23-də Ukraynanın paytaxtı Kiyevdə Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib. İşçi qrupunun 2013-2014-cü illər üzrə əlaqələndiricisi olan Azərbaycanı tədbirdə qrupun rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda GUAM ölkələrinin mədəniyyət və turizm sahələri üzrə əldə etdikləri nailiyyətlər, statistik məlumat mübadiləsi, 2013-2014-cü illər üzrə tədbirlər planının həyata keçirilməsi, GUAM+ formatında mədəniyyət və turizm sahələri üzrə yeni layihələrin hazırlanması və digər məsələlər ətrafında müzakirələr keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iclasda çıxış edərək Azərbaycanın mədəniyyət və turizm sahəsində son illərdə apardığı işlər və qazandığı nailiyyətlərdən danışıb. Sonda GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun ikinci iclasının yekunlarına dair protokol imzalanıb və xatirə şəkli çəkdirilib.

 

* * *

Nazim Səmədov Kiyevə səfər çərçivəsində aprelin 23-də Ukraynanın "Birinci" kanalının müdir müavini Oleksandr Liyev ilə görüşüb. Görüşdə Azərbaycanın mədəniyyətinin və turizm potensialının təbliğinə dair video materialların həmin kanalda yayımlanması imkanları ilə bağlı müzakirələr aparılıb. O.Liyev Azərbaycanla əməkdaşlığa daim hazır olduqlarını bildirib.

Daha sonra Nazim Səmədov Ukraynanın mədəniyyət nazirinin birinci müavini Olesya Ostrovskaya-Lyuta ilə görüşüb. Mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib, Azərbaycanın bu sahədə qazandığı uğurlu təcrübənin Ukrayna tərəfi üçün də faydalı olacağı qeyd olunub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 9.