Turizm və Folklor institutlarının əməkdaşlığı
«Azərbaycan - əfsanələr diyarı»
mövzusunda konfrans keçirildi
Aprelin 22-də Azərbaycan
Turizm İnstitutu və AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlığa
dair memorandumun imzalanması mərasimi keçirildi.
Mərasimdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov
bu əməkdaşlığın
hər iki tərəf üçün
faydalı olacağını
bildirdi, elm və təhsilin üzvi şəkildə əlaqələndirilməsinin
əhəmiyyətini vurğuladı:
«Ölkəmizi, onun turizm imkanlarını tanıtmaq, təbliğ etmək üçün mədəni irsimizi də dərin öyrənməli, təbliğ
etməliyik. İnanıram ki, yaxın
vaxtlarda bu əməkdaşlığın nəticəsini hiss edəcəyik».
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisəsinin
fəaliyyəti barədə
məlumat verdi.
İnstitutun kollektivi tərəfindən
çoxcildli antologiyalar,
tematik elmi toplular, tərcümə əsərlərinin hazırlanaraq
ictimaiyyətə təqdim
olunduğunu diqqətə
çatdırdı.
Qeyd olundu ki, əməkdaşlıq
sənədində Azərbaycan
xalqının qeyri-maddi
mədəni irsinin, tarixi-etnoqrafik dəyərlərinin
toplanması, tədqiqi
və bu istiqamətdə əldə
edilmiş nəticələrdən
ölkənin turizm imkanlarının genişləndirilməsində,
sülhsevər və
qonaqpərvər xalqımızın
gözəl ənənələrinin
təbliğində səmərəli
istifadə edilməsi
məsələləri əksini
tapıb. Memorandum Azərbaycanda
yaşayan azsaylı xalqların folklor ənənələri, etnoqrafik
və dini turizmin inkişafı ilə bağlı birgə tədbirlərin təşkili, inanc yerləri və ziyarətgahlarla bağlı
məlumatların toplanması,
nəşri və tədqiqi, bu istiqamətdə yerli və beynəlxalq turizm marşrutlarının
təşkil olunması
ilə bağlı təkliflərin hazırlanması
kimi istiqamətləri
də əhatə edir. Sənəddə turizm kadrlarının
hazırlanması prosesində
mövcud imkanlardan qarşılıqlı səmərəli
istifadə edilməsi,
birgə elmi konfransların, seminarların,
ezamiyyələrin və
digər tədbirlərin
təşkili nəzərdə
tutulub.
Sonra memorandumun
praktik icrasını təşkil etmək məqsədilə birgə
mütəxəssislər qrupunun
yaradılması qərara
alındı.
Cəfər Cəfərov və Muxtar İmanov sənədi imzaladıqdan
sonra ATİ və Folklor İnstitutunun birgə təşkilatçılığı
ilə «Azərbaycan -
əfsanələr diyarı»
mövzusunda konfrans keçirildi.
Konfransda
AMEA Folklor İnstitutunun
şöbə müdirləri
Nailə Rəhimbəyli,
Əli Şamil, Elxan Məmmədli, Füzuli Bayat, ATİ-nin kafedra müdiri
İbrahim Əliyev, müəllimlərdən Sevil
Kərimova, Günay Qafarova maraqlı təkliflərlə çıxış
edərək, yeni qurulacaq əlaqələrin
Azərbaycan folklorunun
turizm vasitəsilə
tanıdılması işinə
böyük töhfələr
verəcəyini bildirdilər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 9.