Kinomuzun bayramı

 

Azərbaycan kinematoqrafiyasının 116 yaşı tamam olur

 

2 avqust Azərbaycan kino işçilərinin peşə bayramıdır. 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə kinematoqrafiyanın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən 2 avqust “Azərbaycan Kinosu Günüelan edilib.

 

Nizami Kino Mərkəzində təntənəli mərasim

 

Kino işçilərinin bayramı ənənəvi olaraq milli kinematoqrafiyamızın yeni nümunəsinin premyerası ilə yadda qalır. Avqustun 1-də Nizami Kino Mərkəzində keçiriləcək mərasim də bu baxımdan əlamətdar olacaq. Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filmi təqdim ediləcək.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov və başqaları çəkiliblər.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq. Həmçinin "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Nizami Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

 

"Nabat" Venesiya kinofestivalının müsabiqə proqramında

 

"Azərbaycanfilm" kinostudiyasının yeni istehsalı olan "Nabat" bədii filminin yaradıcı heyəti premyera öncəsi xoş bir xəbər də alıb. Film dünyanın ən nüfuzlu kino tədbirlərindən olan Venesiya festivalının "Horizontlar" müsabiqə proqramına daxil edilib. Kino işçilərinin peşə bayramı ərəfəsində gələn bu xoş xəbər eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının aktivinə yazılacaq uğurdur. İlk dəfə tammetrajlı bədii filmimiz belə nüfuzlu festivalın proqramında yer alır.

Qeyd edək ki, 71-ci Venesiya kinofestivalı avqustun 27-dən sentyabrın 6-dək Lido adasında keçiriləcək. Müsabiqənin “Qızıl şir” mükafatı uğrunda ABŞ, İran, Fransa, İtaliya, Türkiyə, Yaponiya, Çin və digər ölkələrin 20 filmi mübarizə aparacaq.

Festival Meksika rejissoru Alexandro İnyarritununBerdmenfilmi ilə açılacaq. Müsabiqədə Lars fon Triyer, Devid Qordon Qrin, Ceyms Franko Emir Kusturitsanın filmləri nümayiş etdiriləcək.

 

Mədəniyyət.-2014.-1 avqust.-s.3.