Sorağı uzaq ölkələrdən gələn rejissor

 

Əjdər İbrahimovun 95 illik yubileyi qeyd edildi

 

İyulun 25-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığıyla görkəmli kinorejissor, SSRİ Xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Mərasimi kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq Əjdər İbrahimovun yaradıcılıq özünəməxsusluğundan danışdı. Sənətkarın ekran əsərlərinin hər kəsdə yeni-yeni hisslər yaratdığını qeyd etdi.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkarla bağlı xatirələrini bölüşdü: “Onunla görüşmək mənə də qismət olub. “26 komissarfilmi ilə bağlı ona bir neçə sual vermişəm. O, qeyd edirdi ki, bu filmin çəkilməsi Moskva ilə bağlı idi. Hər il plana salınırdı. Filmi mən çəkməsəydim, bizim pulumuzla ermənilər ekranlaşdıra bilərdilər”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və digər çıxış edənlər görkəmli kinorejissorun həyat və yaradıcılığından bəhs etdilər, xatirələrini danışdılar.

Qeyd olundu ki, Əjdər İbrahimov 1919-cu ildə Aşqabadda anadan olub. 1940-cı ildə Aşqabad Teatr Məktəbində təhsil alıb. İkinci Dünya müharibəsində iştirak edib. 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirib. Sonra Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında işlədiyi müddətdə “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər” filmlərinə quruluş verib.

1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyorrejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Görkəmli sənətkar orada iki bədii film çəkib. Ə.İbrahimov 1962-ci ildən “Mosfilm” kinostudiyasında fəaliyyət göstərib. “Ulduzlar sönmür”, “Sevgi əhvalatları”, “Qəribə adam”, “Məhəbbətim mənim, kədərim mənim” kimi filmləri ekranlaşdırıb. O həm də “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və digər kitabların müəllifi kimi də şöhrət qazanıb.

1993-cü il sentyabrın 20-də Moskvada dünyasını dəyişən sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

Kinorejissor Nizami Abbas Əjdər İbrahimova həsr etdiyiNarahat adam” sənədli filmindən söhbət açdı. Ekran əsərində sənətkarın xarakterini, yumor hissi ilə sözünü demək məharətini, dostluqda sədaqətini və yaradıcılığını əks etdirdiyini diqqətə çatdırdı.

Sonda tədbir iştirakçıları “Yaddaş” sənədli filmlər studiyasında ekranlaşdırılmış “Narahat adam” filminə baxdılar.

 

Savalan Fərəcov

Mədəniyyət.-1 avqust.-S.4.