“Filmlərimizin nüfuzlu festivallarda iştirakı pozitiv dəyişikliklərdən xəbər verir

 

“Məqsədimiz yeni kino təfəkkürünü yaratmaqdır. Bu gün kinoda maddi-texniki

baza ilə yanaşı, yeni zövq, yeni düşüncə də vacib məsələlərdən biridir

 

2 avqust - Azərbaycan Kinosu Günüdür. 1898-ci ilin bu günündə Bakıda fotoqraf Aleksandr Mişonun lentə aldığı ilk süjetlərin kütləvi nümayişi ilə ölkəmizdə incəsənətin yeni növünün - kinematoqrafiyanın əsası qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncamla 2 avqust “Azərbaycan Kinosu Günüelan edilib və hər il kino işçilərinin bayramı kimi qeyd olunur.

 

İlk sənədli süjetlər tədricən irihəcmli kinolentlərə, bədii filmlərlə yol açıb. 1916-cı ildə “Neftmilyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filmi ekrana çıxıb. Fransalı Pirone qardaşlarının şəhərdə yaratdıqları “Filma” səhmdar cəmiyyəti tərəfindən yazıçı İbrahim bəy Musabəyovun əsəri əsasında lentə alınan film Bakı milyonçularının vəsaiti hesabına ərsəyə gəlmişdi.

1923-cü ildə Bakıda ilk dövlət kinostudiyası - Azərbaycan Foto-Kino İdarəsi təsis olunub. Sonrakı illərdə bir neçə dəfə adı dəyişdirilən qurum 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adı ilə fəaliyyət göstərir.

Ötən müddətdə burada kinomuzun salnaməsi yazılıb, milli filmoqrafiyamızın gözəl nümunələri lentə alınıb. 90-cı illərin əvvəlində respublikamızın yaşadığı böhrandan, mədəniyyətimizin digər sahələri kimi, kino təsərrüfatımız da öz nəsibini aldı. Artıq o çətin dövrlər arxada qalıb, dövlətin qayğısı sayəsində Azərbaycan kinosu inkişaf edir, filmlərimiz beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunur. Ölkəmizdə müxtəlif özəl kinoşirkətlər, studiyalar da fəaliyyət göstərir. Milli kinomuzun flaqmanı isə yenə zəngin tarixə malik “Azərbaycanfilm”dir.

Kino işçilərinin peşə bayramı ərəfəsində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla görüşdük. Onun fikir və mülahizələrini, ürək sözlərini oxuculara təqdim edirik.

 

Kinonun inkişafı dövlətin diqqət mərkəzindədir

 

Son illər milli kino sənətimiz tarixinin yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafına zəmin yaratmışdır. Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çox ciddi işlər görülməkdədir. Proqramda mövcud problemlərin həlli, kino sənayesinin yenidən qurulması ilə bağlı mühüm bəndlər var. Əsas məqsədimiz istehsal prosesinin düzgün qurulması və tənzimlənməsi, yarımçıq filmlərin tamamlanması, yaradıcı və texniki potensialımızın müəyyənləşdirilməsi və inkişaf etdirilməsidir. Buna görə də ötən il xaricdə və ölkəmizdə fəaliyyət göstərən gənc rejissorlar kinostudiyaya cəlb edilərək yeni filmlərin çəkilişi təşkil edildi. 2012-ci ildə Prodüserlər Gildiyasını yaradarkən bütün aparıcı şirkətlərin birləşdirilməsini, Azərbaycan kino istehsalında xarici inhisarın qarşısının alınmasını məqsəd kimi qarşıya qoymuşduqonu uğurla həyata keçirdik.

 

Görülən işlərin bəhrəsi - Azərbaycan kinosu dünya miqyasında

 

2014-cü ildə isə ötən dövrdə gördüyümüz işlər öz bəhrəsini verməyə başladı. Kino tariximizdə ilk dəfə olaraq dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta films” şirkətinin birgə çəkdiyi “Sonuncu” bədii filmi Kann kinofestivalının əsas müsabiqələrindən olan “Qısa metr” proqramına daxil edildi. Bundan əlavə, Asif Rüstəmovun çəkdiyi “Axınla aşağı” bədii filmi 5-12 iyul tarixində keçirilən Karlovı Varı beynəlxalq festivalına dəvət aldı və “East of the West” müsabiqə proqramına salındı. Kino Günü ərəfəsində isə dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan Venesiya beynəlxalq festivalından şad xəbər aldıq. Dövlət sifarişi ilə “Azərbaycanfilm”də çəkilişləri yenicə başa çatmış “Nabat” bədii filmi festivalın “Horizontlar” müsabiqə proqramına daxil edilib. Rejissor Elçin Musaoğlunun bu ekran əsəri Qarabağ müharibəsindən bəhs edir. Bu mövzuda filmimizin beynəlxalq arenaya çıxması, heç şübhəsiz, çox böyük önəm kəsb edir. Xüsusilə nəzərə almaq lazımdır ki, “Horizontlar” proqramı dünya kinosunda yeni meylləri ifadə edən filmlər üçün nəzərdə tutulmuşdur. Təcrübə göstərir ki, belə böyük festivalın proqramına qəbul edilən filmlər üçün dünyanın digər festivallarının qapıları da açılır.

Bütün bunlar kinomuzda baş verən pozitiv dəyişikliklərdən xəbər verir. Hazırda “Azərbaycanfilm”də çəkilən ekran əsərləri bu tendensiyanın güclənəcəyinə inamı artırır. Bu filmlərin hər birində mənəvi dəyərlərimiz, sənətə baxışlarımız öz təcəssümünü tapmışdır.

Avqustun 1-də Nizami Kino Mərkəzində keçiriləcək təntənəli mərasimdə Elçin MusaoğlununNabatfilmi təqdim ediləcək. Filmin dünya premyerası isə avqustun 24-dən sentyabrın 6-dək keçiriləcək. Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, filmin daxil edildiyi kataloqa bütün dünya kino şirkətləri baxır və bu yarışda 10 film arasında Azərbaycan filmigörünür. Gürcüstanın kino xadimləri zəng edib bu münasibətlə bizi təbrik ediblər. Hətta etiraf edirlər ki, bu onlar üçün gözlənilməz oldu. Biz artıq dünya kinosuna inteqrasiya edirik. Bu, ilk addımlarımızdır və göstəririk ki, dünya kinosunda “Azərbaycanfilm” də var. İlk növbədə özümüzü beynəlxalq festivallarda tanıtmalıyıq. Məsələn, Venesiya festivalına düşmək çox çətindir. Bu baxımdan “Nabatfilminin belə bir dəvət alması Azərbaycan kinosunun nailiyyətidir.

 

Kadr hazırlığına xüsusi diqqət

 

Kino sənətinə həvəs göstərən gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə “Azərbaycanfilm” kinostudiyası 2014-cü il iyunun 11-dən iyulun 20-dək yenifilm.az qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan etmişdi. Avqustun 1-də keçiriləcək tədbirdə qaliblər elan ediləcək. Yeni istedadlarla tanış olacağıq.

Yeni kadr hazırlığı böyük önəm kəsb edir. Bu istiqamətdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva ilə mütəmadi əlaqə saxlayırıq. Məqsədimiz birlikdə fəaliyyət göstərərək müsbət nəticələr əldə etməkdir. Buzovnada Heydər Əliyev Fondunun dəstəyi ilə möhtəşəm bir peşə məktəbi tikilib istifadəyə verilib. Burada kino mütəxəssislərinin hazırlanması üçün hər bir şərait mövcuddur. Bu yaxınlarda məktəbin rəhbərliyi ilə görüşüb kompleks şəkildə birgə əməkdaşlıqla bağlı məsələləri müzakirə etmişik. Kino elə bir sahədir ki, burada səs, rəng, aktyor, operator, rejissor işi - hər bir detalda kiçik zəiflik ümumi kompozisiyada çox böyük mənfi təsir göstərə bilir. Peşə məktəbində görüşümüz zamanı belə qərara gəldik ki, burada ilkin təhsil verilsin, sonra isə məktəblə birlikdə master-klasslar təşkil edək. Xaricdən mütəxəssislər dəvət edəcəyik və uşaqlar burada peşəyə yiyələndikdən sonra kinostudiyanın və nazirliyin dəstəyi ilə beynəlxalq kino şirkətlərinə təcrübə keçməyə göndəriləcəklər.

 

“Azərbaycanfilm” müasir kino şəhərciyinə çevriləcək

 

Ayda bir dəfə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə kinonun inkişafına dair müzakirələr aparırıq, problemlərin həllinə çalışırıq. İnanıram ki, gələcəkdə kinostudiya təmir ediləndən sonra biz daha da böyük uğurlara imza atacağıq.

Kinostudiyanın konseptual layihəsi artıq tamamlanıb, qəbul olunmaq üzrədir. Ən məşhur mütəxəssislərin rəyləri alındıqdan sonra yaxın gələcəkdə təmir işlərinə başlanılacaq. Çalışacağıq ki, “Azərbaycanfilm” kinostudiyası müasir və gözəl kino şəhərciyinə çevrilsin. Burada yaradılacaq mərkəz müasir avadanlıqlarla təchiz olunacaq. Həmçinin mehmanxana, kino zalları, kino muzeyi, texniki kadrların hazırlanması üçün laboratoriyalars. fəaliyyət göstərəcək.

Bununla yanaşı, biz bu il yerli tamaşaçılarımızın milli filmlərə marağının artırılması yönündə də bəzi layihələr həyata keçirdik və 2015-ci ildə qarşımızda duran əsas məqsədlərdən biribudur. Azərbaycan tamaşaçısının qəbul edəcəyi filmlər üzərində işləyəcəyik. Həmçinin, türk, İranAvropa bazarına çıxışın problemləri də araşdırılacaq. Bir neçə il əvvəl Rusiyada Azərbaycan filmlərinin prokatı müşkül idisə, artıq bu problem aradan qaldırılıb. Hazırda Asif Rüstəmovun “Axınla aşağı” filminin Avropada yayımı üçün danışıqlar aparılır. Film festival dövrünü bitirdikdən sonra bir neçə kino şirkətinə satılacaq.

Hazırda kinostudiyada Yavər Rzayev yeni filmin rejissor ssenarisi üzərində işləyir. Payızda filmin çəkilişlərinə başlanılacaq. Rejissor Elxan Cəfərov “Əsgərin şücaəti” filminin Belarusdakı çəkilişlərini başa çatdırıb. Filmin Azərbaycandakı çəkilişləri Goranboy və Gəncədə gerçəkləşəcək. Yəqin ki, 2014-cü ilin sonlarında biz yekun kataloqu da təqdim edəcəyik.

Yeni bir müştərək layihəmiz də var, onu Fransa və Türkiyə şirkəti ilə həyata keçirmək istəyirik. Sonda bir daha əlavə etmək istərdim ki, əsas məqsədimiz yeni kino təfəkkürünü yaratmaqdır. Müasir zamanda kinoda maddi-texniki baza ilə yanaşı, yeni zövq, yeni düşüncə də vacib məsələlərdən biridir. Elə bu səbəbdən də kinoda düzgün işlək mexanizm qurmağa çalışırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 1 avqust.- S. 6.