Təbiətlə sənətin vəhdəti
Qəbələdə
növbəti musiqi bayramı - VI beynəlxalq
festival bu gün başa
çatır
Heydər Əliyev Fondunun möhtəşəm incəsənət layihələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən etibarən hər il dünyanın tanınmış kollektivlərini, solistlərini bir araya gətirir. İyulun 23-də start götürən növbəti, sayca altıncı musiqi bayramında da Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Cənubi Koreyanın, eləcə də Azərbaycanın məşhur musiqi heyətləri, ifaçıları, dirijorları iştirak edirlər. Avqustun 1-də başa çatacaq festival zəngin konsert proqramları ilə yadda qalacaq. Kamera və simfonik musiqi incilərinin sırasına milli muğamlarımız da rəng qatıb. Dağlar qoynunda, təbiətlə sənətin vəhdətini nümayiş etdirən festival iştirakçı və dinləyicilərə unudulmaz anlar bəxş edib.
Klassik musiqi və muğam
Xəbər verdiyimiz kimi, festivalın ilk iki günü Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında konsertlər və kamera musiqisi axşamları ilə yadda qalmışdı. İyulun 25-də festivalın proqramına uyğun olaraq Qafqaz Resort hotelində təqdim edilən kamera konsertində tanınmış Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatları, pianoçular - Aslan Aslanov, Müşfiq Quliyev, Alfred Corto adına Paris Musiqi Məktəbinin tələbəsi, klarnet ifaçısı Səddam Novruzbəyov, Madrid Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin tələbəsi, skripka ifaçısı Kamran Quliyev gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar. Proqramda İoqannes Brams, Frits Kreysler, Arnold Malkolm və Sergey Raxmaninovun musiqiləri səsləndirilib.
Həmin gün təqdim edilən muğam axşamı da festivalın yaddaqalan konsertlərindən biri olub. Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayev, beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva, Muğam - Televiziya müsabiqəsi-2011in qalibi Səbinə Ərəbli, istedadlı xanəndə Sərxan Bünyadzadənin ifasında Segah, Çahargah, Dilkəş, Şüştər, Bayatı-Şiraz təsnifləri, Qarabağ şikəstəsi alqışlar doğurub. Muğam ifaçılarını Əməkdar artist Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Səfa Kərimov (ud), Emin Cəbrayılov (nağara), Çinarə Mütəllibova (qanun) müşayiət ediblər.
İyulun 25-də Qafqaz Resort hotelinin zalında keçirilən növbəti kamera musiqisi axşamında Vyana Akademik Orkestrinin solistləri Volfqanq Amadey Motsartın və Yozef Haydnın əsərlərini ifa ediblər. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən Vyana Akademik Orkestri klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngini coşqun, emosional və ekzotik melodiyalarla tamaşaçılara çatdırmağı bacarır. Tanınmış kollektivin solistlərinin çıxışı rəğbətlə qarşılanıb.
İyulun 26-da təqdim olunan daha bir konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Nüfuzlu festivalların iştirakçısı, müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev və vokalçı Azər Rzazadə Moris Ravel, Françesko Paolo Tosti, eləcə də Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərlərini ifa ediblər.
Kiyev solistləri festivalın qonağıdır
İyulun 27-də növbəti musiqi axşamında Ukraynanın Kiyev solistləri kamera orkestri ansamblı çıxış edib. Konsertdə Qəbələ festivalının bədii rəhbərlərindən biri, məşhur violonçel ifaçısı, Yeni Rusiya Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonskinin, beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Tatyana Şafranın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İohan Sebastyan Baxın Alegro, Adagio sempre, Feliks Mendelsonun simli orkestr üçün simfoniya və digər bəstəkarların əsərlərindən parçalar təqdim edilib. Kiyev solistləri ansamblının musiqi rəhbəri Dmitri Yablonski, bədii rəhbəri Natali Duşenkodur.
Qeyd edək ki, ənənəvi olaraq bu il də Qəbələ festivalının iştirakçıları qonşu rayonlarda səyyar konsertlərlə çıxış ediblər. Bu dəfə Kiyev solistləri orkestri Qax və Şəkidə musiqisevərlərin qonağı olublar. İyulun 28-də Qax şəhərindəki İçəribazar turizm və mədəniyyət mərkəzində konsertdən əvvəl kollektivin musiqi rəhbəri Dmitri Yablonski səhnəyə çıxaraq Azərbaycanın bu dilbər guşəsində çıxış etməkdən şərəf duyduğunu deyib. Musiqi axşamında Pyotr Çaykovski, Antonio Vivaldi, İohan Sebastyan Bax və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Nizami simfoniyasından parçalar təqdim edilib.
İyulun 29-da Şəkidəki Yay teatrında keçirilən konsertin fəxri qonaqları arasında festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və digər tanınmış musiqiçilər olub. Konserti musiqişünas Lalə Hüseynova açaraq bu yaxınlarda İpək Yolu V beynəlxalq musiqi festivalına ev sahibliyi etmiş Şəkidə yenidən çox gözəl musiqi bayramı əhval-ruhiyyəsinin yaşandığını bildirib, Kiyev solistləri haqqında tamaşaçılara məlumat verib. Bildirilib ki, kollektiv artıq öz repertuarına Azərbaycan bəstəkarlarının əsərlərini də daxil edib. Konsertdə rus bəstəkarı P.Çaykovskinin, italyan bəstəkarı A.Vivaldinin, alman bəstəkarı İ.S.Baxın, Azərbaycan bəstəkarı F.Əmirovun əsərləri alqışlarla qarşılanıb.
Yohannesburq Simfonik Orkestrindən silsilə konsertlər
Builki Qəbələ festivalının tanınmış iştirakçılarından biri də Yohannesburq Simfonik Orkestridir. 2000-ci ildə yaradılan orkestr Avropa və ABŞ-ın bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib.
Cənubi Afrika Respublikasının kollektivi musiqi bayramında dinləyicilərə bir neçə yaddaqalan musiqi axşamı ərməğan edib. İyulun 26-da Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə keçirilən konsertdə Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə orkestrin müşayiəti ilə Ludviq Van Bethoven, İohan Brams və digər bəstəkarların əsərlərindən parçalar ifa edib.
İyulun 27-də musiqisevərlər Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun rəhbərliyi ilə Yohannesburq Filarmonik Orkestrinin növbəti konsertini dinləyiblər. Proqramda Rusiya bəstəkarları Pyotr Çaykovskinin İtalyan kapriççiosu, Sergey Raxmaninovun Paqanini mövzusuna variasiyalar və digər nümunələr səslənib. Xalq artisti, tanınmış pianoçu, professor Yeganə Axundovanın əsrarəngiz ifası tamaşaçılara unudulmaz anlar bəxş edib.
İyulun 28-də kollektivin daha bir konserti Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə gerçəkləşib. Musiqi axşamında Fikrət Əmirovun Azərbaycan kapriççiosu, Yevgeni Levitasın Zimba, İohan Sebastyan Baxın, Corc Bizenin və digər bəstəkarların əsərlərindən parçalar ifa olunub. Festivalın bədii rəhbərlərindən biri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin, beynəlxalq müsabiqələr laureatı, zərb ifaçısı Çen Zimbalistanın çıxışları alqışlarla qarşılanıb.
İyulun 30-da Yohannesburq Filarmonik Orkestrinin dördüncü konsertini dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı dirijor Yulian Raxlin idarə edib. Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripkaçı Janna Qandelman, məşhur violonçel ifaçısı Dmitri Yablonski orkestrin müşayiəti ilə V.A.Motsartın simfoniyasını, Fiqaronun toyu operasından uvertüranı, A.Dvorjakın və digər bəstəkarların əsərlərindən parçalar təqdim ediblər.
Təl-Əviv balet qrupundan Yeddi gözəl
İyulun 29-da festivalın daha bir qonağının - Təl-Əviv balet qrupunun (İsrail) konserti olub. Məşhur qrup Qara Qarayevin
Yeddi gözəl baletini nümayiş etdirərək tamaşaçılara
unudulmaz anlar bəxş edib. Konsertdə həmçinin muğamlar
və Avropa bəstəkarlarının əsərlərindən
parçalar səsləndirilib.
Gecədə Əməkdar
artist, istedadlı tarzən
Sahib Paşazadə, İsrailin
tanınmış vokal
ifaçısı Mira Avad,
pianoçu Gil Şohat,
istedadlı mərakeşli
gitaraçı Mark Kakon
çıxış ediblər.
2006-cı ildə yaradılan
Təl-Əviv balet qrupu mədəniyyətlərarası
dialoqu, qarşılıqlı
mədəni əlaqələrin
inkişafını, musiqi
mədəniyyətini təbliğ
etmək üçün
müxtəlif ölkələrdə
qastrol səfərlərində
olub. Beynəlxalq müsabiqələrin
münsiflər heyətinin
üzvü olan balet qrupunun hər il
keçirdikləri ustad
dərslərinə yüzlərlə
musiqiçi qatılır.
Kamera musiqisi axşamları
Festival proqramı kamera
musiqisi axşamları
ilə də zəngindir. İyulun 28-də Qafqaz Resort hotelində təqdim edilən konsertdə İsrailin nəfəs alətləri kvinteti çıxış edib.
Kamera musiqisi axşamında klassik Qərb bəstəkarlarının
əsərlərindən nümunələr
təqdim olunub.
Ertəsi gün növbəti kamera musiqisi axşamında dahi bəstəkar, pianoçu
və dirijor Sergey Raxmaninovun və İsrail bəstəkarlarının
əsərləri səsləndirilib. Əvvəlcə İsrailin nəfəs alətləri kvinteti çıxış edib.
Konsertdə klassik Qərb
bəstəkarlarının əsərlərindən də
nümunələr təqdim
olunub. Tanınmış pianoçular Tatyana Şafranın və Gil Şohatın ifası tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
BMT yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri
akademiki, ABŞ-dakı
Culian Musiqi Akademiyasının professoru,
rusiyalı pianoçu
Oksana Yablonskayanın ifası da tamaşaçılara
unudulmaz anlar yaşadıb.
İyulun
30-da keçirilən növbəti
kamera musiqisi axşamında vokalçılar
Fəridə Məmmədova,
Səbinə Əsədova,
Məhərrəm Hüseynov,
beynəlxalq müsabiqələr
laureatları, istedadlı
pianoçular Tofiq Şıxıyev, İlahə
Sadıxzadə və
violin ifaçısı Osman
Əyyublu məşhur
italyan bəstəkarları
Bellini, Rossini və Donisettinin
əsərlərini ifa
ediblər.
Qəbələ festivalı Euronews telekanalında
Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən beynəlxalq festival Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanaraq dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Milyonlarla tamaşaçı auditoriyası olan Euronews telekanalında yayımlanmış reportaj da festivala böyük maraq olduğunu təsdiq edir.
Süjetdə bildirilir ki, Qafqazın ən gözəl bölgələrindən biri olan 2500 yaşlı qədim Qəbələ şəhəri hər il dünyanın 200-dək musiqiçisini bir araya toplayıb tamaşaçılara musiqi ziyafəti verir. Reportajda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin də fikirləri yer alıb. O da bildirilir ki, festivalda ən diqqətçəkən çıxışlar arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Yohannesburq Simfonik Orkestri və Kiyev solistləri kamera orkestri xüsusilə fərqlənir. Festival çərçivəsində təşkil olunan muğam axşamlarının da tamaşaçılara unudulmaz anlar bəxş etdiyi süjetdə xüsusi vurğulanır.
* * *
VI Qəbələ Beynəlxalq Musiqi Festivalına avqustun 1-də yekun vurulacaq. Festivalın sonuncu günündə əvvəlcə kamera musiqi axşamı (Denis Sunqo - gitara, Janna Qandelman - violin, Dmitri Yablonski - violonçel, Yulian Milkis - klarnet) təqdim olunacaq. Festivalın başlanış konsertində İohannesburq Simfonik Orkestri "Viva opera!" adlı simfonik konsertlə çıxış edəcək. Dirijor Əyyub Quliyev, solistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Yusif Eyvazov, Azər Rzazadə və Əli Əsgərovdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.-1 avqust.-S.8-9.