Sufi dünyasında
zəngin irs
sahibi
Dövrünün ictimai fikir tarixində böyük iz qoyan azərbaycanlı
alimlər, mütəfəkkirlər
çox olub. Orta əsrlərdə yaşayıb
yaradan belə filosoflardan biri də sufizm cərəyanının görkəmli
nümayəndəsi Şeyx
Mahmud Şəbüstəridir. O, həm nəsr, həm də nəzmlə əsərlər
yazıb. “Gülşəni-raz”
poeması müəllifə
böyük şöhrət
qazandırıb...
Şeyx Mahmud Şəbüstəri 1287-ci ildə
Təbriz yaxınlığındakı
Şəbüstər kəndində
ilahiyyatçı ailəsində
anadan olub. Öz şəxsi
mütaliəsi sayəsində
ensiklopedik bilik əldə edib, ilahiyyat, fəlsəfə,
astronomiya, tibb, filologiya və başqa elm sahələrinə
bələd olub.
Gənc ikən Misir, Hicaz, Suriya
və İraqa səyahət edir, məşhur alimlərlə
tanış olur.
Görkəmli filosof qısa ömür sürsə də, zəngin ədəbi irs
yaradıb. Buraya “Səadətnamə”, “Həqiqətlər
xəzinəsi”, “Aləmin
yaradıcısını dərk
etmək üçün
şəksiz həqiqətlər”,
“Həqiqət axtaranların
aynası” və “Sirlər gülşəni”
poeması daxildir.
“Sirlər gülşəni”
(“Gülşəni-raz”) məsnəvisi
yazıldığı dövrdən
təsəvvüfün təməl
kitablarından sayılır. Sonralar bu mövzuda kitab yazmaq istəyənlər
“Gülşəni-raz”a təkrar-təkrar
müraciət ediblər...
Bu əsərin yazılma
tarixçəsi də
maraqlıdır. Belə ki, 1317-ci ildə
Xorasanın nüfuzlu
alimlərindən biri
Seyid Hüseyni Hərəvi (1246-1320) Şəbüstəriyə
nəzmlə bir məktub göndərir.
Şəbüstəridən xahiş edir
ki, onun 15 sualını şeirlə
cavablandırsın. Şəbüstəri əvvəlcə bu xahişi qəbul etmək istəmir. Sonra fikrini dəyişir.
Bildirir ki, indiyədək qələmini şeirdə
sınamayıb, sualların
cavabı isə onun nəsrlə yazdığı risalələrində
var. Amma sonradan Şəbüstəri yaxın
bir adamın xahişi ilə suallara şeirlə cavab yazır. Aradan xeyli vaxt keçəndən
sonra Şeyx Hüseyni yenidən Şəbüstəriyə bir
sıra suallar göndərir. Müdrik sənətkar
hər iki məktubdakı sualları
15 mövzuya bölür
və “Gülşəni-raz”
adlı poemasını
qələmə alır.
O, sonralar fəlsəfi
fikirləri mənzum formada ifadə etməkdə çətinlik
çəkdiyini etiraf
edib. Bu, onun
fikrincə, dəryanı
bir qaba yerləşdirmək kimi bir şey olub.
Mənbələrdə göstərilir ki, “Gülşəni-raz” məsnəvisinə
xeyli klassik şərhlər yazılıb. Həmin şərhlər
içərisində ən
məşhuru Şəmsəddin
Məhəmməd Lahicinin
“Məfatihül-ecaz fi
şərhi-“Gülşəni-raz"
(“Gülşəni-raz”ın şərhinə aid möcüzələrin
açarı”) adlı
əsəridir. Lahicinin şərhində
poemanın hər bir beytinin geniş
izahı verilib. Daha sonra Əminəddin Təbrizi, Seyid Yəhya Şirvani (Bakuvi), Baba Nemətullah Naxçıvani və başqa Azərbaycan alimləri də “Gülşəni-raz”a şərhlər
yazıblar. Orta əsrlərdə
“Gülşəni-raz”ın təsiri ilə bir sıra əsərlər
də meydana gəlib. Araşdırmalarda göstərilir ki,
Şeyx İbrahim Tənnuri türkcə məsnəvi şəklində
yazdığı “Gülzarnamə”
kitabını “Gülşəni-raz”ın
təsiri altında qələmə alıb.
XVII əsrdə Sarı Abdullah “Səməratül-Fuad”
əsərində Şəbüstərinin
poemasına istinad edib.
“Gülşəni-raz” iki dəfə türkcəyə tərcümə edilib. Bu klassik tərcümə 1429-cu ildə “Şirazi” təxəllüslü Azərbaycan şairi tərəfindən edilib. XIX əsrdən başlayaraq poema bir çox əcnəbi dillərə də çevrilir və Avropada da tanınmağa başlayır. Alman şərqşünası Hammer Purqstal “Gülşəni-raz”ı tam şəkildə alman dilinə tərcümə (1838) edir, farsca orijinalın mətni və Lahicinin sözügedən şərhi ilə birgə Leypsiqdə nəşr etdirir. 1880-ci ildə “Gülşəni-raz” ingilis dilində Londonda çap olunub. Məsnəvi urdu dilinə də tərcümə edilib. Pakistanlı şair Məhəmməd İqbal (1877-1938) Şəbüstərinin poeması əsnasında “Gülşəni-razi-cədid” adlı əsər yazıb. Lahorda nəşr olunan bu əsər professor Əli Nihat Tərlan tərəfindən türk dilinə tərcümə olunub.
Məşhur ədəbiyyatşünas Məhəmmədəli Tərbiyətin yazdığına görə, Şəbüstərinin dünya kitabxanalarında təsadüf olunmayan “Şahidnamə” adlı bir başqa poeması da olub. Sufi alimləri bu gün də mülahizələrində onun irsinə istinad edirlər.
Şəbüstəri qısa ömür yaşayıb. 1320-ci ildə dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında müəllimi Yaqub Təbrizinin yanında dəfn olunub. Məzarı üstündə türbə inşa edilib, üzərinə mərmərdən xatirə lövhəsi vurulub. Qəbrin sinə daşında yazılıb: “Böyük şeyx 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü”.
Savalan Fərəcov.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 15.