Mütəfəkkir
ədibin bədii nəsri
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər
Abbasqulu ağa Bakıxanov - 220
Sovet ədəbiyyatşünaslığında bu yöndə tədqiqatlar aparılsa da, müəllifin əks etdirmək istədiyi həqiqətlər lazımınca işıqlandırılmayıb
Prezident İlham Əliyevin 12 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan
ictimai-mədəni fikir tarixinin
görkəmli nümayəndəsi, böyük
maarifçi, tanınmış alim və şair Abbasqulu ağa
Bakıxanovun 220 illik yubileyi
il ərzində müxtəlif tədbirlərlə
qeyd edilir.
Ensiklopedik biliyə və dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid böyük bir irs yaradıb, Qüdsi təxəllüsü ilə qələmə aldığı poetik nümunələrlə klassik ədəbiyyatımızı zənginləşdirib. Onun dil, coğrafiya, tarix, astronomiya, məntiq və sair elmlərə aid əsərləri hərcəhətli bir alim olduğunu göstərməkdədir.
Bakıxanovun zəngin irsində bədii nəsr nümunələri də mühüm yer tutur. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova ilə söhbətimiz də bu barədə oldu. Ədəbiyyatşünaslıq tariximizdə Bakıxanovun bədii nəsrinin layiqincə öyrənilmədiyini deyən həmsöhbətimin fikrincə, mütəfəkkir ədibin yubileyinin dövlət səviyyəsində qeyd olunması bu istiqamətdə də yeni bir mərhələ açacaq.
Bakıxanov təkcə bədii nəsr yaradıcısı kimi deyil, həm də bu məqsədyönlü fəaliyyəti ilə ədəbi dilin formalaşmasına xidmət edən dilçi alim kimi nəzərimizdə canlanır. Onun bədii nəsrinə iki əsəri - “Riyazül-Qüds” və “Kitabi-Əsgəriyyə” daxildir. Könül Nəhmətova qeyd edir ki, sovet dönəmində hər iki əsər müəyyən bəhanələrlə tədqiqatdan kənarlaşdırılmış, Bakıxanovun yazıçılar sırasında yeri məhdudlaşdırılmışdır. Yalnız son dövrlərdə bu sahədə müəyyən təşəbbüslərə rast gəlirik. “Kitabi-Əsgəriyyə” əsəri bədii nəsrimizin inkişaf tarixində önəmli bir mərhələni təşkil edən XIX əsrdə dövrün tələblərinə cavab verən ilk hekayələrdən biridir.
Bakıxanovun 1828-ci ildə “Qanuni-Qüdsi” adında fars dilinin sərf və nəhvini sadə dildə uşaqlara öyrətmək məqsədi ilə yazdığı əsəri onun bir dilçi alim kimi də xidmətlərindən xəbər verir. Tədqiqatçıların qeydlərinə görə, bu dərslik fars müəlliflərinin özlərindən də əvvəl dilin təlimi üçün yazılmış ilk əsərlərdəndir. Əsər 1831-ci ildə fars dilində, 1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmişdir. “Kitabi-Əsgəriyyə” hekayəsinin də XIX əsrdə çap olunmuş qrammatika kitablarına daxil edilməsi maraq doğurmaya bilmir. Hekayə ilk dəfə “Zövi” təxəllüslü Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan “Qəvaidi-Zöviyyə” (“Zövi qaydaları”) adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. 1866-cı ildə isə M.Lazarevin “Türk dillərinin müqayisəli xarakteristikası” kitabına daxil edilmişdir.
Faktlardan çıxış edərək belə qənaətə gəlirik ki, Bakıxanov “Kitabi-Əsgəriyyə” əsəri timsalında müasir tələblərə cavab verən bir hekayə nümunəsi yaratmaqla yanaşı, Azərbaycan türkcəsinin ədəbi dil normalarının müəyyənləşdirilməsinə də xidmət etməyə çalışmışdır. Hekayənin ədəbi dilimizin zənginliyinin ən incəliklərinə qədər diqqətə alınaraq yazılması da fikrimizi təsdiq edir.
Diqqəti çəkən ikinci mühüm məsələ isə hekayənin əlyazmasının müxtəlif variantlarda mövcud olmasıdır. Dilçi alimlərin müxtəlif illərdə bu əsəri çap etdirmələri də əlyazmanın yayılmasını ehtimal etməyə əsas verir. 1946-cı ildə “Kitabi-Əsgəriyyə”ni transfoneliterasiya edərək kiril əlifbası ilə “Ədəbiyyat məcmuəsi”ndə dərc etdirən Həmid Araslı da əlyazmanın iki nüsxəsi ilə “Qəvaidi-Zöviyyə” əsərindəki fərqlərdən bəhs edirdi. Hekayənin bir nüsxəsi Həmid Araslının fəaliyyəti dövründə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun arxiv şöbəsində saxlanılsa da, bu gün yerində yoxdur, ya itirilmişdir, yaxud da ki, böyük ehtimalla kiminsə şəxsi arxivinə aparılmışdır. Əlyazmanın daha bir nüsxəsi haqqında Feyzulla Qasımzadə xəbər verir ki, o, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun arxivində A-1066 şifri altında saxlanılmışdır. İnternet saytlarından aldığımız daha bir məlumata görə, 1974-cü ildə hekayənin bir əlyazması da Təbriz kitabxanalarının birindən tapılmışdır. Bütün bu faktlar sübut edir ki, “Kitabi-Əsgəriyyə” hekayəsi ayrı-ayrı katiblər tərəfindən üzü köçürülməklə yayılmışdır. Lakin talesizlik üzündənmi, kifayət qədər qədirşünas olmamağımızdanmı bu gün əlimizdə hekayənin bir əlyazmasının orijinalı belə yoxdur.
Könül Nəhmətova qeyd edir ki, hekayəni dərindən təhlil edib yazıçının haqqını özünə qaytarmaq ədəbiyyatşünaslığın üzərinə düşən məsuliyyətlərdəndir.
“Kitabi-Əsgəriyyə”nin öyrənilməsi məsələlərinə XX əsrin 50-ci illərindən sonra başlanılıb. Həmin dövrdən etibarən sovet ədəbiyyatşünaslığında hekayə bir sıra istiqamətlərdə tədqiqata cəlb olunmuş, müəllifin əks etdirmək istədiyi gerçəkliklər, həqiqətlər müəyyən qədər işıqlandırılmışdır. Lakin əsərin ehtiva etdiyi dini motivlər mövcud siyasi rejimin diktəsi altında tədqiqatçıların qarşısında maneə kimi durduğuna görə mövzuya səthi yanaşılmış, eyni zamanda əsərin çətin dili də həqiqətin üzərinə çəkilən pərdəni bir daha qatılaşdırmışdır. Bu səbəblərdən hekayənin məzmunu gerçək qavranılmamışdır. Məzmunu yanlış anlaşılan əsərin ideya istiqaməti də doğru müəyyənləşdirilə bilməzdi. İlkin təhlillər də özündən sonra davamlı olaraq yanlışlıqlara yol açmışdır.
Buna görə də hekayənin öyrənilməsi, dolğun tədqiqi zəruridir. Bu mövzuda araşdırmalar aparan Könül Nəhmətova tədqiqatının əsas istiqamətləri əsərin ideya istiqamətini müəyyənləşdirmək, ekspressiv təsirini üzə çıxarmaq, poetika məsələlərini geniş işıqlandırmaqdır. Alim deyir ki, bu məsələlərin hərtərəfli öyrənilməsi hekayənin klassik ənənələrlə bağlarının çözümünə, özündən sonra açdığı yeniliklərin inkişaf yollarına gətirib çıxaracaqdır. Bu günə qədər yalnız lirik hekayə kimi öyrənilən hekayənin satirik əlamətlərinin üzə çıxarılması ədəbiyyatımızda inqilabi sıçrayışlarla inkişaf edən realizmlə Bakıxanovun əlaqəsini möhkəmləndirir.
“Kitabi-Əsgəriyyə” hekayəsinin bədii xüsusiyyətlərini öyrənmək bədii nəsrin gələcək inkişafındakı tendensiyaları da dəqiq qavramaq cəhətindən əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatında, hələ ki, görə bildiyimiz qədər özünü ilk dəfə Nəcəf bəy Vəzirovun hekayələrindən büruzə verərək Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində daha mükəmməl nümunələrini qazanan ironik təhkiyə tipinin qaynaqlarını müəyyənləşdirmək üçün də “Kitabi-Əsgəriyyə” hekayəsinin öyrənilməsi zəruridir.
“Kitabi-Əsgəriyyə” hekayəsi, bir sıra alimlərin hesab etdiyi kimi, nə sənətkarlıq, nə də tematika baxımından ədəbiyyatımızın sonrakı inkişafından kənarda deyil. “Dövrün ruhu və hər millətin təhsili həmişə ədəbiyyatda və digər abidələrdə öz əksini tapır” deyən Bakıxanov idealist baxışları sayəsində daha çox klassik ədəbi ənənələrlə əlaqələndirilən bədii yaradıcılığında məhz zamanın real həqiqətlərinə sadiq qalmağa, dövrün, mühitin əhvali-ruhiyyəsini əks etdirməyə çalışmışdır. Azərbaycan elminin və ədəbiyyatının inkişafında möhkəm mühüm səhifə, mərhələ olan Bakıxanov dühası ömrünün son çağlarında realizminin və həmçinin estetik baxışlarının ən mükəmməl əsəri olan “Kitabi-Əsgəriyyə” hekayəsini, özünün də qeyd etdiyi kimi, “misilsiz kitab”ını bədii nəsr tariximizə bəxş etmişdir.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 13.