Milli Qəhrəmanın xatirəsinə həsr edilmiş hərbi şöhrət bayramı

 

Qusar şəhərində Müdafiə Nazirliyininrayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsinə həsr olunan hərbi şöhrət bayramı keçirilib.

 

Şövkət Orduxanov adına şəhər stadionunda keçirilən tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin nümayəndələri, hərbiçilər və rayon sakinləri iştirak ediblər.

Mərasimdə bildirilib ki, Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Qusar rayonunun Gican kəndində dünyaya göz açıb. Hərbi xidməti əvvəlcə keçmiş Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində keçib.

Azərbaycanın Milli Ordusu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edib, düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə döyüş yoldaşları arasında şöhrət qazanıb. Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qusar rayonunun mərkəzi küçələrindən biri Milli Qəhrəmanın adını daşıyır.

Milli Məclis sədrinin müavini Bahar Muradova mərasimdə çıxış edərək dövlətimizin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğundan, güclü müdafiə sənayesinin yaradılmasından danışıb. Digər çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının daim ehtiramla xatırlandığını xüsusi vurğulayıblar.

Mərasimdə hərbiçilərin təqdimatında Milli Qəhrəmana həsr edilmiş bədii kompozisiya nümayiş olunub. Tədbir hərbi keçidlə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 6 avqust.- S. 11.