Tarixin min illər öncəsi

 

Təbii mühit və ibtidai insan

 

XX əsrin II yarısınadək Azərbaycan ərazisində ən qədim yaşayış izləri 4 min ildən dərinə gedə bilmirdi. Bununla belə təbiət elmləri üzrə tədqiqatçılar 10 milyon ildən artıq yaşı olan geoloji süxurlardan paleontoloji komplekslər əldə etmişlər.

 

Son dövrlərin paleoantropoloji və arxeoloji tədqiqatları göstərir ki, ilk insan 6 milyon il əvvəl ali canlılar şaxəsinin bir qolu kimi ayrılaraq inkişaf tapmışdır. Ən qədim insan məskənləri Afrikadan (6 milyon il əvvəl) sonra Qafqazda (Azıx - 2,3 milyon il, Dmanisi - 1,4 milyon il), Cənubi Asiyada (1,7 milyon il), Avropada (Vallone - 900 min il, Atepurka (İspaniya) - 800 min il), Çeprano (İtaliya) - 780 min il) olmuşdur. Ona görə qədim insanın Afrikanın ekvatordan yuxarı hissəsi və Azərbaycanın cənub yarısında təşəkkül tapdığını deməyə paleontoloji, paleocoğrafi dəlillər kifayət qədərdir.

Bundan sonrakı mərhələnin fiziki insan tipi olan azxantropların yaşayış yerləri hələlik erkən insan məskənləri açılan ərazilərdə aşkar edilmişdir. Bu mərhələ təxminən 750-800 min il əvvəl başlayıb 530 min əvvələdək davam etmişdir. Artıq bu dövrdə qədim insan ilk universal alət olan əl çapacağı, qasov, biz, bıçaqlar istehsal etmişlər. Ağacdan və daşlardan düzəltdikləri silahlarla nəhəng heyvanları ovlamışlar.

İbtidai insanın formalaşmasında ilk böyük sıçrayış bu vaxt baş vermişdi. Tarix səhnəsində pitekantrop, sinantrop, atepurka, çeprano kimi fiziki insan tipləri gəlir. Onlar mağara ayısı, boz ayı, Mesopotamiya maralı, Zissenbor atı, nəhəng maral, Şotenzak öküzü, Vyusta fili kimi heyvanları ovlayıb qidalanmışlar.

Arxantropların paleantroplarla keçid mərhələsini əks etdirən arxiantroplar Bakı-Xəzər geoloji dövrü ara istiləşmə mərhələsində yaşamışlar. Bu dövrü əks etdirən düşərgələr Ceyrançöldə-Qara düz və Azığın V layındakı düşərgələrdə aşkar edilmişdir.

Paleantroplar kamil insan kimi həmçinin səviyyəcə əvvəlki insan tipindən tam fərqli formalaşmışdı. Onlar sosial texniki komplekslər yaratmış, cürbəcür heyvan dəstələrinə uyğun ov silahları icad etmiş, müxtəlif iqlim şəraitinə müvafiq daldalanacaq qurmuş, od-ocaq əldə edərək onu uzun müddət saxlamışlar. 530 min ildən 150 min il əvvələdək iqlim bir neçə dəfə kəskin növbələşməyə məruz qalmışdır. Mağaralarda dözülməz rütubət və soyuq mühit yarandığından yaşayış kəsilmişdir.

Bir neçə on min ildən sonra iqlimdə yenidən quru isti dövr bərpa olunmuşdur. Bu dövr yaşayış tərzi Azıx mağarasının III təbəqəsində, Qazax və Ağstafa rayonları ərazisinin Qayalı, Şiş-quzey, Qədirdərə, Qarabığ, Sarı burum abidələrində öz əksini tapmışdır.

Alt paleolitin son mərhələsində (mustye) iqlim mülayimləşmişdir. Neandertal fiziki insan tiplərinin beynində, rəng duyumunda, bədən quruluşunda ciddi irəliləyiş baş vermişdir. Artıq insanlar müxtəlif relyef qurşaqlarına yayılmağa hazır olmuşlar. Dəridən geyim tikir, ağac, daş və sümükdən yaşayış komaları qurur, üstünü, yanlarını və döşəməsini heyvan dəriləri ilə örtürdülər. Müxtəlif heyvanları ovlamaq üçün ovçu dəstələri yaranırdı. Kamil insan ölənin qeydinə qalaraq onu dəfn edir, qəbir ətrafına gül çələngi yığırmışlar.

Azərbaycanda mustye dövrü abidələri əsrin müxtəlif pillələrini və texniki istiqamətini, kollektivin təsərrüfat və məşğuliyyət bazasını açmağa imkan verir. Bu dövrə aid düşərgələr Qədir dərə, Çaxmaqlı, Köçəcgər və Ağ göl abidələrində qeydə alınmışdır.

Təxminən 42-15 min il bundan əvvəl tam şüurlu insan yığma ov silahları yaradır. Alətlər yüngül, yuxa lövhələr üzərində düzəldilir. Görünür, əvvəlki dövrlərdəki iri heyvanlar kəskin azaldığından alətlər də yüngül, tezqaçan heyvanlara uyğun ölçüdə formalaşdırılır. Yeni insan dəstələri icma halında yaşayış komaları qurur, bu zəncirvari evlərin içərisində hər ailənin ocağı yanır. İncəsənət meydana gəlir. Daşdan, sümükdən qadın heykəlləri yonulur. Bu da nəsil, məhsul, od davamçısı kimi rəmzi məna daşıyırmış. Məişət, ov alətlərinə bəzəkvurma, naxışsalma, asma, düzəltmə bu vaxtı yaranır.

Üst paleolit düşərgələri Tağlar mağarasının (Qarabağ) II-III təbəqələrində, Zarın (Kəlbəcər) II-III təbəqələrində, Yataq yerində, Damcılı (Qazax), Qobustanda (Qayarası), qismən də Suraxanıda (Müsəlləh yeri) qalmışdır.

Mezolit-neolit (XIV-VII minilliklər) dövrü abidələri Qazax rayonunun Damcılı və Yataq yeri düşərgələri, Qobustanın bir çox sığınacaq-yaşayış yerlərində qeydə alınıb öyrənilmişdir.

Azərbaycan ərazisində XX əsrdə aparılmış tədqiqatlarda (XX əsrin II yarısı) ibtidai insanın izlərinə tez-tez rast gəlinir. Nəticədə ilk ümidverici coğrafi ərazi Qərbi Azərbaycanın aşağı dağlıq qurşağı seçilir. Burada Avey dağının ətəklərində qaya altı, çardaq və zağaların bir neçəsində əşyavi dəlillərin tapılması ilə, nəhayət, Azərbaycanda paleolit dövrünün mövcudluğu sübuta yetirilir. Bunlardan Daşsalahlı kəndinin qərbində mövcud olan üstü saysız məclis, çal-çağır görmüş Damcılı bulağı daha maraqlıdır. Buradakı sıldırım qaya çıxıntısının altında 80 min il əvvəl yaşamış neandertal tipli insanların məskəni açılmışdır. Həmin sığınacaqda daş dövrünün sonrakı pillələri və yazılı tariximizin ilk səhifələrinə aid maddi-mədəniyyət nümunələri də üzə çıxmışdır.

Avey dağının qərb ətəyində kəndin adı ilə Daşsalahlı adlandırılan mağarada yarım metr qalınlığında sarı gilli çöküntüdən ibtidai insan fəaliyyətindən qalmış cürbəcür əmək alətlərinə və ovladıqları müxtəlif heyvanların sümüklərinə təsadüf olunmuşdur. Ov hədəfi isə vəhşi at, qədim ulaq, öküz, keçi, sayqaq, leopard kimi heyvanlar olmuşdur.

Avey dağı düşərgələrindən xeyli şimal-qərbə, Kür çayının sağ sahili terraslarında və dağətəyi zolaqda ona qədər açıq paleolit yaşayış yeri üzə çıxarılmışdır. Bu tip abidələr Ağstafa şəhərindən 10-12 km cənub-şərqdə Tatılı və Köçəsgər kəndləri ətrafında da qeydə alınıb öyrənilmişdir. İbtidai insan məskənlərinin qədimdə yüksək relyefdən, getdikcə isə alçaq yerlərə keçməsi su mənbəyi səviyyəsinin aşağı düşməsi ilə izah olunur. Suyun səviyyəsinin dəyişməsi də öz növbəsində tektonik hadisələrlə - qalxma və çökmələri ilə bağlı olmuşdur. Geoloqlar qeyd edir ki, yer tarixində 3-cü dövrün ortalarından etibarən o vaxta qədər alçaq olan zonalar tədricən ucalmağa, yüksək sahələr isə gərilməyə meyil etmişdir. Ona görə də belə güman edilir ki, indiki dağlar ibtidai insanların gözləri önündə dəyişməyə məruz qalmışdır. Daş dövrü yaşayış məskənlərindən Köçəsgər kəndi yaxınlığındakı Şiş-quzey və Şıxlı kəndindən cənubda yerləşən Kəkil düşərgələri hələlik Kiçik Qafqazın şimal-şərq yamacında ən qədim yaşayış məntəqəsi sayılır və təxminən 150 min ildən artıq yaşı vardır.

Açıq düşərgələrdə ibtidai insan dəstələrini bura cəlb edən rəngarəng xammalın bolluğu olmuşdur. Bununla yanaşı, onlar burada qaldığı müddətdə əlüstü hazırladığı çox da mükəmməl olmayan alətlərdən (sıyırma, kəsmə, arıtlama) müxtəlif işlər görməkdə istifadə edə bilirdilər. Kəkil dağ abidəsində biz müxtəlif formalı nüvələrin başlanğıc, orta və son həddə qalmış seriyalarına təsadüf edirik. Qeyd etmək lazımdır ki, Kəkil dağ emalatxanasından toplanmış minlərlə çaxmaq daşı məmulatların bir çox əlamətlər üzrə dərin incə təhlili bizə belə xarakterli abidələr haqda bəzi mülahizələr söyləməyə imkanlar verir.

Əzəli ibtidai insan buraya baza yaşayış yerinə nüvələr aparmağa gəlirmiş, ikincisi, ola bilsin ki, burada qopardıqları yararlı, ehtiyacı ödəyən hazırlıq materiallarını ov bərələrinə götürmüşlər. Xalis daş məmulatı mübadilə işinə də gedə bilərdi. Üçüncüsü, belə fikir yürütmək olur ki, böyük ibtidai kollektivin müxtəlif məşğuliyyət sahələrində çalışan qrupları olmuş, o cümlədən bir hissəsi də toplayıcılıqla məşğul olmuşlar. Bu xüsusiyyətləri biz Köçəsgər və Çaxmaqlı düşərgələrində də müşahidə etmişik. Bu səpgili abidələrdə bilavasitə ovçuluğa dair alətlər yox dərəcəsindədir.

Açıq düşərgələrin digər qrupunda məşğuliyyət sahələri, alət formaları əvvəlkilərdən tamamilə fərqlidir. I və II Şıxlı kəndləri arasında Qədir dərə deyilən çökəklikdə açılmış düşərgədə xeyli vaxt istifadə olunacaq, dönə-dönə retuşlanmış(dişəklənmiş) hər cür alət istənilən miqdarda qalmışdır. Alət qruplarından məlum olur ki, Qədir dərə düşərgəsində ov alətləri-itiuclu, bıçaq çapma aləti və oturaq vaxtda gərək olan-qaşov, burğuvari, dimdikli, gəzli alətlər bir neçə variantda təmsil olunmuşdur. Belə qənaətə gəlmək olur ki, burada çoxsaylı insan qrupları böyük aralıq mülayim iqlim dövründə çoxsahəli əmək fəaliyyəti göstərmişlər. İlk insanları buraya çəkən hansı təbii amillər olmuş və onların güzəranı nə kimi iqlim şəraitində keçmişdir?

Qapalı (mağara) düşərgələrin qazıntı və tədqiqi prosesi göstərir ki, qədim sakinlər şiddətli soyuma və yağmurlu dövrlərdə çox vaxt mağaralardakı sərt ab-havaya dözə bilməyib “təbii evləri” tərk etmək məcburiyyətində qalmışlar. Bizcə, sərt iqlim dəyişkənliyi zamanı insan dəstələri daha alçaq, mötədil iqlim qurşaqlarına köçüb həyatı davam etdirmişlər. Elə açıq düşərgələrin böyük bir qismi məhz belə yaranmışdır. Bəzən yeni daldalanacaq yerlərində şax, ağac gövdəsi, qamış və otdan komalar qurub yaşamışlar. Çox güman ki, belə komaların örtülməsində iri onurğalı heyvanların sümüklərindən və dərilərindən geniş istifadə olunmuşdur.

Başqa bir fakt da maraq doğurur ki, həddən artıq isti və quraqlıq dövrlərdə də mağara sakinləri “daimi mənzillərinə ara-sıra qayıtmış, bəzənsə heç geri dönməmişlər. Qərbi Azərbaycanda yalnız Qazax rayonu ərazisində Təvədöy və Kür çaylarının qovuşduğu bərabərdə, dağətəyi sahədə bir-birindən 5-8 km aralı nöqtələrdə 10-dan artıq, Köçəsgər və Tatılı kəndləri yaxınlığında isə 6 böyük düşərgə aşkar edilmişdir. Bunların dövrləri müxtəlif olsa da, təxminən 130 min ildən başlayaraq 8 min il əvvələ qədər davam etmişdir. Öyrəndiyimiz dövrlərdən sonrakı minilliklərdə (eneolit, tunc, dəmir) bu əlverişli coğrafi rayonda nadir mədəniyyətlər yayılmış, gur və qaynar həyat mövcud olmuşdur.

Yerin üst laylarını və qədim heyvanat aləmini öyrənən alimlərimizin tədqiqatlarından məlum olur ki, dördüncü dövrün (buna insan erası da deyilir - antropogen) əvvəllərində Xramçayın Kürə töküldüyü çökəklə Ağstafa çayı arasında təxminən 300 min il qabaq alt Xəzər dövründə böyük göl əmələ gəlmişdir. Bu nəhəng su hövzəsi ətrafında cürbəcür flora örtüyü və onlara uyğun heyvan növləri yaşamışdır. Deməli, açıq düşərgələrin bu ərazidə geniş və sıx yayılmasını, çox güman ki, bu təbii varlıqların çoxluğu ilə izah etmək lazım gəlir.

Mağara çöküntülərində aparılan çoxillik müşahidələr göstərir ki, Qafqazda iki kəskin soyuma, yağmur və buzlaşma dövrü olmuşdur. Belə sərt iqlim dəyişmələri təxminən 700 min əvvəl, bir də 150 min il bundan əvvəl iki dəfə təkrar olunmuşdur. Axırıncı soyuqlaşmanın təsiri daha bariz iz qoymuşdur. Belə ki, aşel dövrünün (qədim daş əsrinin orta mərhələsi) sonlarından Qafqaz mağaralarında həyat əlamətləri seyrəklənir və nəhayət, tamam kəsilir. Görünür, uzun müddət davam edən belə iqlimə böyük dairədə ocaq və tonqalların istisinə insanlar tab gətirə bilməyib yeraltı evləri tərk edib, daha alçaq və isti qurşaqlara üz tutmuşlar. Açıq düşərgələrdəki zəngin daş məmulatının çoxcəhətli təhlilindən aydın olur ki, Qərbi Azərbaycanda iki texniki ənənəli, təsərrüfat profilli ibtidai qruplar məskən salmışdır.

Beləliklə, açıq paleolit düşərgələrinin alətlərini mağara materialları ilə müqayisəli öyrənilməsi qədim iqlim və canlı aləm dəyişmələrini, texniki ənənəli dəstələrin təsərrüfat məşğuliyyətlərini aydınlaşdırmağa yeni əsaslar verir.

 

M.Mansurov

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru

 

Ə.Dadaşzadə,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 13.