Vətənimizin
dilbər guşələri
Gəncə-Göygöl-Hacıkənd istiqamətində yeni turizm marşrutu açılır
Ölkəmizin
regionlarında turizmin inkişaf
etdirilməsi, yeni turizm
marşrutlarının açılması məqsədi ilə
mütəmadi olaraq bölgələrə
infoturlar təşkil olunur.
Belə səfərlərdən biri avqustun 5-6-da “Azeturizm” Birliyinin dəstəyi və “Baku
Travel-Tourism” Şirkətinin təşkilatçılığı
ilə Gəncə-Göygöl-Hacıkənd istiqamətində
gerçəkləşdi.
İnfotura ölkəmizdə fəaliyyət göstərən 10-dək turizm şirkətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılmışdı. İnfoturun keçirilməsində əsas məqsəd ölkəmizin bu bölgəsinin turizm imkanlarına diqqəti cəlb etmək idi.
Layihə haqqında məlumat verən “Baku Travel-Tourism” Şirkətinin icraçı direktoru Əziz Şiriyev bildirdi ki, Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkil olunması bu bölgənin turizm potensialının daha geniş tanıdılmasına zəmin yaradacaq: “Ölkəmizin bir çox bölgələrində ayrı-ayrı istiqamətlər üzrə turizm marşrutları var. Amma Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutu, demək olar ki, təşkil olunmur. Məqsədimiz bu istiqamətdə yeni turizm marşrutu açaraq bölgəyə həm yerli, həm də xarici turistləri cəlb etməkdir. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, həm də qədim tarixə malik məkandır. Ona görə də burada turistləri maraqlandıracaq həm tarixi yerlər, həm də gözəl istirahət guşələri var. Burada turistlər Azərbaycan mətbəxinin gözəl təamlarından dadaraq, valehedici təbiət və tarixi yerlərlə tanış ola biləcəklər”.
Göygölün “Cənnət məkan”ı
İnfotur çərçivəsində ilk dayanacağımız Göygöl rayonunun Toğana kəndindəki “Cənnət məkan” İstirahət Mərkəzi oldu. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Burada rahat istirahət üçün gözəl şərait, 180 nəfərədək turistin yerləşə biləcəyi 35 kottec var. Hər tərəfdən dağlar və meşə ilə əhatə olunan “Cənnət məkan” ailəvi istirahət mərkəzində 4 ulduzlu hotelin də tikintisi yekunlaşmaq üzrədir.
Ərazidə sərin bulaqlar axır. Burada milli mətbəxin gözəl təamlarından dadmaq da hər kəsin ürəyincə olar. Bundan başqa, qonaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə idman meydançaları fəaliyyət göstərir. Uşaqlar da yaddan çıxmayıb, onlar üçün müxtəlif əyləncəli yerlər yaradılıb.
Toğanadan o yana bir yol gedir...
Daha sonra tur iştirakçıları
Toğana kəndinin ərazisi ilə tanış oldular. Kəndin mənzərəli yerlərinə baş çəkdik. Başlanğıcını Kiçik Qafqaz
dağlarından götürən,
ümumi uzunluğu
115 kilometr olan Kürəkçayın ətrafında
olduq. Kəndin sonundan uzanıb
gedən yol isə bir vaxtlar
yolçuları indi düşmən əlindəki
Kəlbəcərə aparıb.
Bu yerlərə gələn əcnəbi turistlərə Azərbaycanın
neçə-neçə dilbər
guşəsinin erməni
işğalı altında
olması barədə
də məlumatlar vermək, Ermənistanın
təcavüzkar siyasətinin
fəsadlarını diqqətə
çatdırmaq olar.
Səfərin birinci gününün sonunda “Cənnət məkan” ailəvi istirahət mərkəzində
obyektin rəhbərliyi
və turizm şirkətləri təmsilçilərinin
iştirakı ilə
Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkili
ilə bağlı müzakirələr aparıldı,
diskussiya zamanı yaranan suallara cavab verildi.
Gəncə tarixin özüdür
İnfoturun ikinci günü
ilk baş çəkdiyimiz
məkan Gəncə şəhərinin Hacıkənd
qəsəbəsi ərazisində
yerləşən gözəl
mənzərəli yerlərə,
təbiət guşələri
ilə tanış
olduq. Burada müxtəlif istirahət
məkanları fəaliyyət
göstərir.
Sonra təbiət
qoynunda qədim Gəncəyə yol aldıq. Gəncədə dahi Nizaminin
məqbərəsini ziyarət
etmək, yəqin ki, buraya ayaq
basan hər bir turistin arzusudur.
Nizami Gəncəvinin məqbərəsi
şəhərin mərkəzindən
təxminən 6 km aralıda
yerləşir. Şairin qəbiri
üzərində ilk türbənin
tikintisi XIII-XIV əsrlərə
aid edilir. 1947-ci ildə isə burada yeni məqbərə
ucaldılıb. Hündürlüyü 20 metr olan məqbərə
mərmərlə üzlənib.
Son vaxtlar burada
təmir-bərpa işləri
görülüb.
“Xan bağı”
Ziyadxanlılar nəsli ilə bağlı olan tarixi “Xan bağı”ı
bu gün gəncəlilərin və
Gəncəyə gələn
qonaqların məmnuniyyətlə
üz tutduğu gözəl məkanlardan biridir. Burada bağın salınması
XVIII əsrdə başlanıb.
Cavad xanın dönəmində
abadlaşdırma, böyük
yaşıllaşdırma işləri
aparılıb. Bundan sonra
onun şərəfinə
buranı “Xan bağı” adlandırıblar.
Rus işğalından sonra isə adı dəyişdirilərək Qubernator
bağı olub.
Sovet hakimiyyəti dövründə
isə bu məkan uzun müddət Leninin adını daşıyıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə yenidən Cavad xanın şərəfinə
“Xan bağı” adlandırılıb.
“Xan bağı”ında
ölkəmizdə olan
nadir ağac növləri
qorunur. Eldar şamı və
küknarın üstünlük
təşkil etdiyi bağa vaxtilə Qara dəniz sahillərindən çoxlu
sayda dekorativ kol bitkiləri, ağaclar gətirilib.
Cümə məscidi
İnfotura Gəncənin məşhur
tarixi memarlıq, dini abidəsi olan Cümə məscidi ilə tanışlıqla davam edirik. Məscid Şah Abbasın
əmri ilə Şərqdə tanınmış
memar Şeyx Bahəddin Məhəmməd
Amilin layihəsi əsasında 1606-cı ildə
inşa edilib. 1776-cı ildə əlavə olaraq qoşa minarə tikilib. Bu məscidi
XVIII əsrin sonlarında
Cavad xan əsaslı təmir etdirib. Məscidin daxilində 12 imamın şərəfinə tikilmiş
12 hücrə var. Diqqət
çəkən əlamətlərindən
biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə
itir. Bu da
günorta namazına başlamağın vaxtını
bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində
bənzər məscidlər
var. Bu məscid bölgənin
əsas dini ibadət yerlərindən
biridir.
Tarixi memarlıq
abidəsi sayılan “Çökək hamam” məscidin lap yaxınlığında
yerləşir. Məscidin yaxınlığında yerləşən daha bir abidə xalqımızın qəhrəmanlıq
tarixinə öz adını qızıl hərflərlə yazmış
Cavad xanın məqbərəsidir. Ümumiyyətlə, Gəncə şəhərinin
bu hissəsi sanki özəlliklə yaradılıb və açıq havada muzeyi xatırladır.
Tarix-Diyarşünaslıq Muzeyində 30
min eksponat var
Daha sonra Gəncə şəhərinin mərkəzində
yerləşən Nizami
Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyində
olduq. Muzeyin yerləşdiyi bina
vaxtilə Cavad xanın nəticələri
İsmayıl xan və Adil xan
Ziyadxanovların şəxsi
mülkü olub.
Muzey
1924-cü ildən fəaliyyət
göstərir. Burada Gəncəbasar
zonasından tapılmış
Daş dövrünə
aid olan tarixi abidələrdən günümüzə
qədər dövrü
əhatə edən
30 mindən çox eksponat qorunub saxlanılır.
Gəncənin ən qədim dövrlərindən başlayaraq
tarixi, arxeoloji tapıntılar, maddi-mədəniyyət
abidələri, etnoqrafik,
epiqrafik, numizmatik nümunələri 18 salonda
nümayiş etdirilir. Qədim dövr
şöbəsi Azərbaycanın
ən qədim zamanlarından XIX əsrin
sonunadək tarixi əks etdirir. Muzeyin ekspozisiyasında e. ə.
II minilliyə aid, boyu
2 metr 20 santimetr olan qadın skeleti və onunla bərabər basdırılmış bəzək
və məişət
əşyaları nümayiş
olunur. VII əsrə
aid olan Qafqaz Albaniyası hökmdarına
məxsus qəbirüstü
abidə də maraq doğurur.
Maraqlı eksponatlardan biri də Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın öz qızına hədiyyə etdiyi toy hədiyyələridir. Bundan başqa, muzeydə Gəncə şəhərinin xalqımıza bəxş etdiyi dahi oğullarının da xatirəsini əks etdirən nümunələr yer alıb. Burada Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın və onun nəslinin davamçılarından olan məşhur Ziyadxanovlara aid eksponatlar var.
“Şüşə ev”
Gəncədə turistlər üçün maraqlı olan daha bir yer hamının diqqətini çəkən “şüşə ev”dir. İkimərtəbəli yaşayış evi şüşə butulkalardan inşa olunub. Bu tikilini şəhər sakinləri qonaqlara fəxrlə göstərərək haqqında məlumat verirlər. “Şüşə ev”i əmək və müharibə veteranı olan İbrahim Cəfərov tikib. Evin tikintisi 20 il çəkib və 1966-cı ildə yekunlaşıb. Burada 50 minə yaxın butulkadan, eləcə də çay daşlarından, balıqqulağından istifadə edilib. Hazırda evdə İbrahim Cəfərovun oğlunun ailəsi yaşayır.
Səfər müddətində infotur iştirakçıları həmçinin Gəncə şəhərində yerləşən yeni istifadəyə verilmiş bir sıra turizm obyektlərinin fəaliyyəti ilə də tanış oldular.
Qeyd olundu ki, Gəncə-Göygöl-Hacıkənd istiqamətində turizm marşrutlarının təşkili bölgənin tarix və mədəniyyətinin tanıdılması ilə yanaşı, həm də iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 8
avqust.- S. 8-9.