“Bakı-2015” - ilk Avropa Oyunlarına doğru
“Əminəm ki, Azərbaycan müasir, dinamik, innovativ və canlı tədbir keçirəcək”
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri Yunanıstanın Olimpiya şəhərində Beynəlxalq Olimpiya Akademiyasının Avropa gənclər sessiyasında iştirak edirlər. Sessiya Olimpiya hərəkatının stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.
Tədbirdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq bu mötəbər tədbirə hazırlıqla bağlı son məlumatları Avropa Milli Olimpiya Komitəsinin nümayəndələrinin diqqətinə çatdırıb.
”Mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı tədbir keçirəcək”, - deyə o bildirib.
Öz strategiyasını “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi komissiyasına təqdim etməzdən əvvəl iştirakçı qruplar həftə ərzində tövsiyələr hazırlayacaq. Komissiya ən innovativ və uğurlu işi qalib kimi seçəcək.
Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.
Gələn il iyunun 12-dən 28-dək Baklıda keçiriləcək Avropa Oyunları maraqlı və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
“Bakı-2015” Avropa
Oyunları idmanın 19 növü üzrə
keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü
müddətində 6 mindən çox
idmançı mübarizə aparacaq.
Mədəniyyət.- 2014.- 8
avqust.- S. 4.