Azərbaycanda
dincəlməyin 10 səbəbi
Əsrarəngiz
təbiəti, zəngin tarixi-mədəni irsi,
müalicəvi təbii imkanları ilə geniş
turizm imkanlarına malik
Azərbaycan dünyanın dörd
yanından qonaqları, mənalı və sağlam
istirahət həvəskarlarını cəlb edir.
Azerbaijan.travel saytı bütün
bu zənginlikləri bir
arada toplayaraq Azərbaycanda
istirahət etməyin 10 əsas səbəbini
açıqlayıb. Mütəxəssis fikirlərinə, müşahidələrə və tarixi faktlara əsaslanan “onluq” belə sıralanıb.
1. Doqquz iqlim qurşağı
Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə olunur. Ölkə ərazisində həm quru və rütubətli subtropik (Lənkəran-Astara), həm də dağ tundra (Böyük Qafqaz dağları) iqliminə rast gəlinir. Ölkənin cənubunda subtropik iqlim limon, mandarin, portağal, kivi, hətta banan kimi ekzotik meyvələr yetişdirməyə imkan verir. Qışda mülayim, yayda isti hava turistlər cəlb edir. Çimərlik turizmi üçün böyük imkanlar mövcuddur. Xəzər sahilində çimərlik mövsümü mayın sonlarında başlayıb, sentyabrın axırına qədər davam edir.
2. Dünyada ən böyük duzlu göl - Xəzər
Coğrafi parametrlərinə görə Xəzər dənizi dünyada ən böyük göldür. Sahəsinin böyüklüyünə (371 min kvadrat kilometr) dəniz adlansa da, dünya okeanı və başqa dənizlərə birbaşa çıxışı olmadığına görə isə göl hesab edirlər. Xəzərin suyu çox şor olmadığına, gözü acışdırmadığına və dərini qurutmadığına görə burada çimmək əlverişlidir. Buraya Abşeronda, eləcə də və xüsusilə Nabran ərazisindəki çimərlik sahələrində yaradılmış infrastrukturu, hotelləri, yaxt-klubları, katerlə gəzintini, balıq ovu, dayvinq üçün şəraiti də əlavə etsək, onda Azərbaycanın nə üçün Xəzəryanı ölkələr içərisində çimərlik turizmi mərkəzi adlandırılmasının səbəbləri aydın olar.
3.
UNESCO-nun mədəni irs siyahısına salınan abidələr
Azərbaycanın bir neçə
tarixi abidəsi və qeyri-maddi mədəni irs
nümunəsi UNESCO-nun siyahısındadır.
Bunlardan biri dünya mədəniyyətinin nadir incilərindən
və ilk qədim yaşayış yerlərindən
olan Qobustandır.
Qobustandakı unikal qayaüstü
rəsmləri tarixin qədim qatlarını, mədəniyyət tarixini
öyrənmək baxımından
qiymətli mənbədir.
Tədqiqatçı alimlər qoruq
ərazisində 6 mindən
artıq qayaüstü
təsvir, 20 mağara
və yaşayış
yeri, 40 kurqan aşkar edərək öyrəniblər. Bu qayalarda regionun 15 min illik tarixi - Yuxarı paleolit dövründən Orta əsrlərə qədər
böyük bir zaman kəsiyi əks olunub. 1966-cı ildə bu unikal məkan
tarixi-bədii qoruq elan edilib. Qoruq 2007-ci ildə
UNESCO-nun “Mədəni irs
siyahısı”na salınıb.
UNESCO-nun siyahısına salınan digər tarixi məkan Şirvanşahlar sarayı
və Qız qalası ilə birgə İçərişəhərdir. Hazırda 22 hektara
yaxın ərazini əhatə edən İçərişəhərdə vaxtilə 28 məhəllə
olub. Burada Şərq memarlıq
üslubunda tikilmiş
məscidlər, karvansaralar,
hamamlar və digər abidələr avropalı səyyahların,
şərqşünasların, alimlərin böyük marağına səbəb
olub, onları heyrətləndirib.
Azərbaycanda turizmin inkişafı üçün geniş imkanların yarandığı
hazırkı dövrdə
Qobustanın və İçərişəhərin “Dünya mədəni irs siyahısı”nda olması mədəni turizm baxımdan mühüm əhəmiyyət
kəsb edir. Bundan əlavə, Azərbaycan mədəniyyətinin inciləri
olan muğam, xalça sənəti, aşıq sənəti,
tar ifaçılığı sənəti də UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni
irs xəzinəsinə
daxil edilib.
4. Müalicəvi Naftalan nefti
Naftalan neftinin müalicə məqsədilə
istifadə olunmasına
dair ilk yazılı məlumat XII əsrə təsadüf edir. Naftalan neftinin
texniki istismarına isə XIX əsrin 70-ci illərində başlanılıb.
1892-ci ildə alman mühəndisi Y.İ.Eger ilk dəfə Naftalanda neft çıxarmaq üçün
buruq qazdırıb və kiçik bir zavod tikdirib.
Orada «Naftalan» və «Kojelon» adlı preparatlar hazırlanırdı.
Bu preparatlar Almaniyaya,
oradan isə dünyanın müxtəlif
ölkələrinə göndərilirdi.
Məşhur alman dermotoloqu P.P.Unna 1903-cü
ildə demişdi:
«Kim Naftalana malikdirsə,
onun hər şeyi var».
Naftalan kurortu
1933-cü ildə fəaliyyətə
başlayıb, əsas
inkişafı isə
1970-1980-ci illərə təsadüf
edir. 1987-ci ildə burada SSRİ məkanından
70 minə qədər
insan müalicə olunmuşdu. Hazırda yenidən
qurulan Naftalan yenə keçmiş şöhrətini özünə
qaytarır. Burada müasir
infrastruktur qurulub, hotellər tikilib. Bir çox ölkələrdən
insanlar müalicə olunmaq üçün Naftalana gəlir.
5. Palçıq vulkanları
Azərbaycan palçıq vulkanlarının
sayına görə dünyada birinci yeri tutur. Yer kürəsindəki
800-dək palçıq vulkanından
320-dən çoxu ölkəmizin
ərazisində, eləcə
də Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınıb. Əsasən Bakı və Abşeron yarımadasında,
eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış
palçıq vulkanlarının
bəziləri təbiət
abidəsi kimi formalaşıb. Ölkəmizdə qeydə alınmış
palçıq vulkanlarının
70 faizi fəaliyyətdədir.
Vulkanların gili, palçığı
əsəb sistemi, dəri və oynaq xəstəliklərinin
müalicəsində uğurla
istifadə olunur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Bakı və Abşeron yarımadasında 50-dək palçıq
vulkanına təbiət
qoruğu statusu verilib. Sərəncamda palçıq vulkanlarından
ekoturizm obyekti kimi istifadə olunmasının zəruriliyi
vurğulanır.
6. Bənzərsiz Azərbaycan
mətbəxi
Dünyanın ən zəngin və dadlı mətbəxlərindən olan
Azərbaycan mətbəxi
ölkənin çoxəsrlik
mədəniyyətinin ayrılmaz
parçasıdır. Azərbaycan mətbəxinə
aid yeməklərin əksəriyyəti
qoyun, mal, quş və balıq ətindən hazırlanır.
Ölkənin müxtəlif regionlarının
özünəməxsus mətbəx
nümunələri də
var. Bölgələrin müxtəlif
çeşidli şirniyyatları
da daima qonaqları heyrətləndirib.
Ölkəmizdə hər bayramda
müxtəlif çeşidli
yeməklər və şirniyyatlar hazırlanır.
Bu da xalqımızın
mətbəx mədəniyyətinin
zənginliyindən xəbər
verir.
7. İpək Yolu üzərində yerləşən
Şəki
Böyük Qafqaz dağlarının ətəklərində, tarixi
İpək Yolunun üzərində yerləşən
Şəki şəhəri
qədimdən ticarətçiləri
özünə cəlb
edib, XV əsrdən Qafqazın ipəkçilik
mərkəzi kimi tanınıb. 1861-ci ildə
şəhərdə dünyanın
ən iri ipəkçilik fabriki inşa edilib. Əcnəbilər Şəki haqqında
deyirlər ki, İsveçrə dünyada
saatı ilə necə tanınırsa, Şəki də öz ipəyi ilə məşhurdur.
2700 il yaşı
olan şəhər tarixi abidələrini, təbii tərtibatını,
erqonomik sifətini qoruyub saxlaya bilib. XVIII əsrdə
yenidən qurulan Şəki şəhəri
memarlığı ilə
fərqlənir. Dünya memarlığının
incilərindən olan
Şəki Xan Sarayı 1762-ci ildə tikilib. Buradakı karvansaralar da
Şəki memarlığını
xarakterizə edir.
Şəkili zərgər, dulusçu,
nəqqaş və şirniyyatçılar tarixən
Azərbaycandan uzaqlarda
da məşhur olublar.
8. Odlar Yurdunun atəş ruhu və sirləri
Qədim zamanlardan Azərbaycan Odlar Yurdu kimi
tanınıb. Abşeronda torpaqdan çıxan
yanar qazların möcüzə kimi tanınması dünyanın
bir çox yerlərindən insanların
bu diyara səfər etməsinə
səbəb olub.
Belə məkanlardan biri Bakının Suraxanı rayonu ərazisindəki Atəşgah məbədidir.
«Atəşgah məbədi»
Dövlət Tarix-Memarlıq
Qoruğu UNESCO-nun «Dünya
irsinin ilkin siyahısı»na daxil edilib.
Təbiətin qədim Azərbaycan torpağına bəxş
etdiyi daha bir möcüzə - Bakının Abşeron rayonunun Məhəmmədi
kəndi yaxınlığında
yerləşən Yanardağdır. Orta əsr mənbələrində
Bakı od
püskürən şəhər
kimi təsvir olunur. Bakının rəmzi hesab
olunan üç yanar alov dili
Yanardağın mövcudluğuna
istinadən qəbul edilib. İslamdan öncə Yanardağ
da Atəşgah məbədi kimi atəşpərəstlərin dini inanc, sitayiş
yeri olub. Digər möcüzə Yanardağın
ən yüksək zirvəsində yerləşən
«Qurd qapısı» adlı mağaradır.
Deyilənlərə görə, vaxtilə
burda canavarlar məskən saldığına
görə mağaranı
belə adlandırıblar.
Yanardağın yuxarı ərazisinin hündürlüyü 116 metrə
çatdığına görə
Abşeronda ən hündür yer hesab olunur. Yanardağ Qafqaz
sıra dağlarının
son zirvələrindən biridir.
Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı
sərəncamla “Yanar
dağ”ın ərazisi
dövlət tarix-mədəniyyət
və təbiət qoruğu elan edilib.
9. Bakı bulvarı
Paytaxt Bakının ən gəzməli və görməli yerlərindən biri Dənizkənarı Milli Parkdır. 2009-cu ildə 100 illik yubileyini qeyd edən bulvarda müxtəlif əyləncə, ticarət, mədəniyyət və idman mərkəzləri fəaliyyət göstərir. Bura paytaxtımızın qonaqlarının və sakinlərinin ən çox sevdiyi məkandır. Hazırda bulvarın ərazisi Dövlət Bayraq Meydanından başlayıb Bakı dəniz limanında yekunlaşır və təxminən 8 km-ə yaxındır. Yaxın illərdə bu ərazi sahil boyu Bibiheybət və Zığ istiqamətlərinə doğru genişləndiriləcək, 25 k-m çatdırılacaq.
10. Müasir unikal arxitektura
Müasir Bakının tarixi ənənələri ilə yanaşı yeni simvolları da var. Bunlardan biri bütün dünyada tanınan «Alov qüllələri»dir. «Alov qüllələri» həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir.
Şəhərdəki Heydər Əliyev Mərkəzi də futuristik üslubu ilə müasir dünya memarlığının incilərindəndir. Bakını dünyada məşhurlaşdıran məkanlardan biri də «Eurovision 2012»nin keçirilməsi münasibətilə tikilən «Bakı Kristall Holl» konsert zalıdır. 25 min nəfərlik tutuma malik kompleksin zəngin arxitekturası var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 10.