“Nabat” -
müharibə kadr arxasındadır
Azərbaycan
Kinosu Günü münasibətilə avqustun 1-də Nizami
Kino Mərkəzində keçirilən mərasimdə Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
istehsalı olan “Nabat” bədii filminin təqdimatı
haqqında məlumat vermişdik. Ekran əsəri
tamaşaçılar, kino ictimaiyyəti tərəfindən
maraqla qarşılandı.
Rejissor Elçin
Musaoğlunun yeni filmi Qarabağ müharibəsindən bəhs
edən, amma döyüş səhnələrinin,
ölüm-itimin olmadığı ekran əsəridir.
Müharibə filmin kadr arxasındadır. Müharibə
haqqında danışılmasa da, tamaşaçı onu
daxilən hər kadrda hiss edir. Bu baxımdan “Nabat”ı Azərbaycan kinosunda bir yenilik
hesab etmək olar.
Müharibədən
müharibəsiz bəhs edən film
Rejissor
Elçin Musaoğlu bildirir ki, filmin ideyası bədii təxəyyülündə
hələ uzaq 1985-ci ildə yaranıb: “Bir dəfə
televiziyada ucqar kənddə yaşayan qoca bir qadından
müsahibə alırdılar. Soruşurlar ki,
burada necə tək yaşayırsan, səni qara basmır?
Dağ kəndi idi. Qadın
deyir ki, mən hara gedim, oğlumun, ərimin qəbri
burdadır. Tüfəngim var, bir də inəyim.
Bu 1985-ci il idi. O vaxt kiçik hekayələr
yazırdım. Bu əhvalatı da yazdım.
Amma mənim qəhrəmanım qarı və
qartal idi. Əsgərlik vaxtı gələndə
düşündüm ki, əsgərlikdir, hər şey ola bilər, bu ideyanı atama
danışdım. Bilirdim ki, atam daha çox
realist yazacaq, məndən fərqli olaraq. 1987-ci ildə
atam dedi ki, yazmışam. Baxdım ki, bir az
pafoslu yazıb. Amma xoşuma gələn
çıraqlar oldu. Yəni qadın
çıraqları yandırır ki, kənd ölməsin.
Nabat qaranlıq kəndə nəfəs verir ki,
kənd yaşasın. Əslində,
bütün qəhrəmanlıqların kökündə
xırda, adi istəklər dayanır”.
Uzun illərdən
sonra bu mövzuda film çəkmək qərarına gələn
rejissorun sözlərinə görə, ssenarinin bir hissəsi
çəkilişlə paralel yazılıb: “Hər dəfə
deyirdim, elə film çəkmək istəyirəm ki,
güllə atılmasın, amma müharibə hiss olunsun. Elxan Nəbiyevlə ssenarini 6 aya yazdıq. Çox şeyi də çəkə-çəkə
yazmışıq. Film
İsmayıllının Həftəsiyab kəndində
çəkilib. Bu məkanı tapmaq
üçün çox rayon gəzdik. Nəhayət,
istədiyimizi tapdıq. Biz Elxanla əvvəlcədən
danışmışdıq ki, filmdə sırf təsvir
olduğu üçün operatorun (Abdulrəhim Beşarat)
işi dəqiq olmalıdır və hər şey də təsvirə
xidmət etməlidir. Hər axşam
çəkdiyimiz səhnələri nəzərdən
keçirirdik. Əsas məqsədimiz o
idi ki, tamaşaçı müəyyən vaxtdan sonra tədricən
filmin aurasına düşsün. Biz kəndi
göstərdik ki, kənd var, orda yaşayanlar var. Sonra bir
gün adamlar kəndi tərk edir. Və
Nabat əri ilə tək qalır, sonra əri də
ölür. Nabat obrazı da fərqlidir.
Qadın əslində qəhrəmanlıq edir,
amma bunun fərqinə varmır, nümayiş etdirmir, pafosdan
uzaqdır. Tamaşaçı qadınla
birlikdə nəfəs almalıdır. Onunla
orda yaşamalı, hərəkət etməlidir. Bir az sanki hipnoz effekti yaranmalı idi. Adama təsir edən sükut, sükutun səsi və
təsvir”.
Qeyd edək
ki, filmdə musiqidən az istifadə
edilib. Kinoda çox vaxt emosionallığı
artırmaq üçün musiqidən istifadə edilir.
“Nabat”ın isə bu emosionallığa
ehtiyacı yoxdur. Burada rejissorun imkanları
və aktrisanın (iranlı aktrisa Fatimə Motamed Arya) oyunu həmin
emosionallığı təsvirlərlə çatdıra
bilir. Filmin bəstəkarı Hamed Sabetdir.
Ekran əsərində təsvirlə musiqi
bir-birini üzvi şəkildə tamamlayır.
“Nabat”
müharibəyə tamamilə fərqli yanaşmadır
Film haqqında kino mütəxəssislərinin fikrini də
öyrənmək istədik. Bəlkə də son
dövrdə ilk Azərbaycan filmidir ki, premyeradan sonra bu qədər
müsbət rəy qazanır. Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə filmin rejissor işi və
mövzusu barədə danışdı:
- Azərbaycan Dövlət Televiziyasının
yaradıcılıq birliyində Elçin Musaoğlu ilə
birlikdə çalışmışıq. Həmin
müddətdə onun bir rejissor kimi istedadına bələd
oldum. Filmlərinə baxanda
görürdüm ki, daim axtarışdadır. Çəkdiyi sənədli və
qısametrajlı filmlərdə rejissor təzə söz demək
istəyir. Sadəcə, film çəkmək
xətrinə sənətə gəlməyib. Onun rejissor görümü və yozumu məni
çox maraqlandırırdı. Sonradan
Elçin böyük ekrana gəldi və “40-cı qapı”
filmini çəkdi. O zaman başa düşdüm ki,
onun axtarışları təsadüfi deyilmiş. Həmin film bir çox festivallarda mükafat
qazandı. Elçin Musaoğlu Azərbaycan
kinosuna iri addımlarla gəldi. “Mən çəkə
bilirəm” deyil, “Mən çəkirəm” dedi.
“Nabat” filminə baxanda isə bir daha şahidi olduq ki,
rejissor filmdən-filmə inkişafdadır. O, sənədli filmdə
etdiyi axtarışları bədii filmdə davam etdirərək
daha da mükəmməl nəticə əldə edir. Qarabağ müharibəsi mövzusunda bu günə
kimi nə qədər film çəkilib. Onların çoxu bir-birinə oxşardır.
“Nabat” isə tamamilə fərqli
yanaşmadır. Müharibə mövzusu
filmdə var, amma biz onu görmürük. Bu maraqlı məqamdır. Vizual
olaraq müharibə səhnələri görünmür.
O müharibə mövzusuna tamamilə yeni bir yozum verdi. Deməli, müharibəni
göstərmədən müharibə haqqında çox
maraqlı, insanı təsirləndirən film çəkmək
olar. Film ilk baxışdan qəribə təəssürat
yaradır. Filmdə qadın
obrazının ifaçısı gözəl
tapıntıdır. Qadının uzun
planlı gəlişi filmin ilk saniyələrdə yorucu təsir
bağışlayır. Sonra məqsəd
məlum olur. Onun uzun yollar keçməsi
növbəti hadisələrə girişidir. Film başqa epizodlarla başlasaydı, bəlkə də
maraqsız olardı. İlk epizodlar
tamaşaçını növbəti hadisələrə
hazırlayır. Filmi mono-rol da
adlandırmaq olar. Əsas rolun
ifaçısı Fatimə Motamed Arya da öz rolunun öhdəsindən
bacarıqla gəlib. Köməkçi
rollar olsa da, bir aktrisanın oyunu təsiri
bağışlayır. Təbii ki,
aktrisanın oyununda rejissorun da rolu danılmazdır.
“Nabat” Qarabağ müharibəsini
tamaşaçılara yeni tərzdə təqdim etdi. Düşünürəm
ki, film xaricdə də qəbul ediləcək. Çünki dramatik və faciəvi bir filmdir.
Dramatizmi baş qəhrəmanın həyatıdır.
Faciə isə müharibədir. Baş qəhrəman iki qəbri, şəhid
olmuş oğlunun və ölmüş ərinin qəbrini kənddə
qoyub getmir. Həddindən artıq psixoloji
bir dramdır. Müharibə mövzusunda
indiyədək gördüyümüz “Fəryad”, “Dolu” filmlərindən
sonra kəndli bir qadının müdrikliyi və
qorxmazlığı nümayiş olunur. Filmin
nəticəsi belədir ki, biz heç zaman ümidimizi itirməməliyik.
“Ekran əsəri
mənə bütünlüklə Şərq miniatürlərini
xatırladır”
Əməkdar incəsənət xadimi, kinoşünas
Ayaz Salayevin filmlə bağlı fikirləri də
maraqlıdır.
- Azərbaycan
kinosunda indiyədək Qarabağ mövzusunda çəkilən
filmlər göstərdi ki, bu mövzu cəmiyyətimizi nə
dərəcədə sarsıdıb. Filmlərdə
bu sarsıntı açıq-aşkar görünür.
Bu baxımdan bir neçə filmlərimizdə
Qarabağ mövzusu “axirət günü” kimi təqdim edilir.
Bu cür təqdimat “Nabat” filminə də
aiddir. Filmdə dekorasiyalar elə bil
hansısa uydurma bir aləmdir. Vaqif
Mustafayevin “Hər şey yaxşılığa doğru”
filmində də film boyu ünvansız gəzən meyit bu
mövzuda bir “axirət günü” kimi təqdim edilir. Bu baxımdan “Nabat” filmində mövzu yenə də
öz inkişafını tapır. Mənim
fikrimcə, “Nabat” filmi Azərbaycan kinosunda müstəsnalıq
təşkil edən əsərdir. Filmdə
Qarabağ mövzusunu “axirət günü” kimi görmək
cəhdi daha qabarıq şəkildə özünü
göstərir.
Filmdə qadın artıq insanlar tərəfindən tərk
edilmiş kəndi elə bil ki, özü canlandırır. “Nabat”da
gördüyümüz aləm elə bil ki, kabuslar
dünyasıdır. Bu xətt filmdə əvvəldən
axıra qədər aparılır. Məsələn,
foto-atelyedə şəkillər (insanlar gedib, amma onların
şəkilləri qalıb), filmin əvvəlində biz o
foto-atelyedə çalışan insanı
görmürük, yalnız onun stəkanla əlini görə
bilirik. Yaxud qadının əri öləndə
biz onun kimliyini görə bilmirik. Bundan əlavə, bir
çox əlamətlər, pəncərələrdə
yanan işıqlar, qadının əri öləndə pəncərənin
özü-özünə açılması və s. Filmin sonunda qəhrəmanın oğlu
canlanır gəlir. Bu özü də kabuslar
aləminə işarədir. Axırda kəndə
gələn ordu səhnəsində də mövzu
açıq qalır. Bunlar real insanlardı, yoxsa kabuslar?... Filmdə real dünya və
ruhlar dünyası arasındakı sərhəd çox
şərtidir.
Biz milli kino terminini çox işlədirik. Mənim aləmimdə
əsl milli kino məhz “Nabat” filmidir. Film
tamamilə Şərqsayağı bir filmdir. Ekran əsəri mənə bütünlüklə
Şərq miniatürlərini xatırladır. Kinoda bir qayda olaraq dramaturgiya olur. İnsan xarakterlərinin toqquşması, insan taleləri
və s. “Nabat”da bütün bunlar yoxdur. Sanki
miniatürlər təsvir olunub. Film Şərq
mədəniyyətinin ənənəsini xatırladır.
Burada qəhrəmanlar deyil, ideyalar, fikirlər
ön plana çəkilir. Bu baxımdan çox səciyyəvidir
ki, baş qəhrəman kişi yox,
qadındır. Azərbaycan qadının
yüksəkliyi və şücaəti filmdə tamamilə dəqiqliklə
verilmişdir.
* * *
Onu da qeyd edək ki, rejissor Elçin Musaoğlunun “Nabat”
filmi avqustun 27-dən sentyabrın 6-dək keçiriləcək
71-ci Venesiya kinofestivalının “Horizontlar” müsabiqə
proqramına daxil edilib. Ekran əsərinə dünya
premyerasında uğurlar arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 6.