“Azərbaycan tolerantlıq məkanıdır”

 

Avqustun 12-də İsrailin Afula şəhərinin Mədəniyyət sarayında “Azərbaycan tolerantlıq məkanıdır” adlı fotosərgi açılıb. Heydər Əliyev Fondunun və Azərbaycan Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihəsi çərçivəsində təşkil olunmuş səyyar sərgi artıq yarım ildən çoxdur ki, ölkəni gəzir.

 

Assosiasiyadan verilən məlumata görə, indiyədək Kiryat-Qat, Neşer, Tirat-Karmel, AkkoLod sakinləri eksponatlarla tanış olublar.

Gecənin aparıcısı, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman toplaşanları salamlayıb. Qonaqlar arasında Afulanın meri İtshak Mirononun müavini Mixail Barkan da olublar. Qeyd edək ki, Barkan beş il İsrailin Azərbaycanda konsulu olub.

Afulanın merinin rus dilində çıxış etməsi hamını təəccübləndirib. Şəhər meri İtshak Miron Azərbacanı tanıdan belə bir layihənin əhəmiyyətini vurğulayıb: “Mən bir neçə dəfə Azərbaycana səfər etmişəm. Bakıda, Gəncədə, Oğuzda, Qubada olmuşam. Bu səfərlərdən sonra məndə yaranmış əsas təəssürat belədir: Azərbaycan çox güclü ölkədir. Burada güclü və qonaqpərvər insanlar yaşayır. Ölkələrimiz bir-birinə çox bənzəyir, buna görə də dostluq etməlidirlər”.

Onun ardınca çıxış edən müavini Mixail Barkan da beş il işləyib çalışdığı ölkəmiz haqqında çox xoş sözlər deyib.

Sonra toplaşanları “Natali” qənnadı fabrikinin tortlarına qonaq ediblər. Tədbir iştirakçıları Azərbaycanda yəhudi icmasının tarixinə dair maraqlı mühazirəyə qulaq asıb, “Azərbaycan İsrail jurnalistlərinin gözü ilə” televiziya süjetinə baxıblar. Leonid Barştakın rəhbərlik etdiyi simli kvartetin çıxışı gecəyə yekun vurub. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin populyar əsərləri səsləndirilib.

Fotosərgiyə gələnlərə respublika ərazisində əsrlər boyu yanaşı fəaliyyət göstərmiş kilsələrdən, məscidlərdən və sinaqoqlardan söhbət açan fotoşəkillərdən ibarət bukletlər, ötən il “İsraildə Azərbaycan günləri”nin keçirilməsi haqqında filmin diski və “Baku” jurnalı hədiyyə edilib.

 

Mədəniyyət.- 2014.- 15 avqust.- S. 10.