Kinoteatrlarımız nə göstərir?

 

Bir zamanlar Bakı sakinlərinin ən çox baş çəkdiyi məkanlardan biri kinoteatrlar idi. İnsanlar bura təkcə yeni filmlərə baxmağa gəlmirdilər. Onlar həmçinin kinoteatrlara mədəni həyatın bir hissəsi kimi, müxtəlif insanlarla ünsiyyət qura biləcəkləri, vaxtlarını daha səmərəli, maraqlı keçirəcəkləri məkan olaraq üz tuturdular. Bu səbəbdən də gündəlik qayğılardan bir az uzaqlaşaraq mədəni tədbirlərə - kinoteatrlara, tamaşa salonlarına həvəslə gedirdilər. İndi Bakıda o dövrlə müqayisədə sayca hələlik az, amma günün müasir tələblərinə cavab verən bir neçə kinoteatr var. Bizbu məkanlara baş çəkib mövcud vəziyyət, göstərilən filmlər, dublyaj və digər məsələlər barədə məlumat almağa çalışdıq.

 

 

Nizami Kino Mərkəzi

 

İlk baş çəkdiyimiz məkan Nizami Kino Mərkəzi oldu. Qeyd edək ki, keçmiş eyniadlı kinoteatrın bazasında qurulan kino mərkəzi 2011-ci ildə əsaslı təmirdən sonra tamaşaçıların istifadəsinə verilib. Mərkəzdə kino nümayişi və müxtəlif tədbirlər keçirmək üçün ən müasir tələblərə cavab verən şərait, texniki imkanlar var. Birinci mərtəbədə 50 və 80 nəfərlik, ikinci mərtəbədə isə Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 nəfərlik zallar, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalı yaradılıb.

Suallarımızı cavablandıran Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova fəaliyyətləri haqqında geniş məlumat verdi: “Kinoteatrımıza maraq yüksək səviyyədədir. Kinoprokata daxil olan yeni filmlərin demək olar ki, 90 faizi burada nümayiş olunur. Həftəlik repertuara 2-3 yeni film daxil edilir. Müasir texniki təchizatı zallarımızın rahatlığı kinosevərləri tam qane edir. Filmlərə baxmağa gələn tamaşaçılar əsasən gənclərdir. Mütəmadi olaraq kiçik yaşlı izləyicilərimiz üçün yeni multiplikasiya filmləri nümayiş etdirilir. Ümumilikdə müxtəlif yaş qrupuna daxil olan tamaşaçılarımız var”.

Xarici filmlər hansı kateqoriyaya uyğun seçilib ölkəyə gətirilir? Filmlərin Azərbaycan dilinə tərcümə olunaraq nümayişini kim həyata keçirməlidir? Müsahibimin bu suallara cavabı belə oldu: “Filmlərin ölkəyə gətirilməsi işi ilə kinoprokat studiyaları məşğul olur. Biz filmləri yerli kinoprokatlardan alırıq. Filmlərin tərcüməsi kinoteatrlardan asılı deyil. Kinoprokat studiyaları filmləri hansı dildə təqdim edirsə, o dildə nümayiş etdirilir. Sözsüz ki, seçim edərkən kinoteatr əsasən türk dilinə tərcümə olunmuş filmlərə türk filmlərinə üstünlük verir. Rus dilində olan filmlərin öz tamaşaçı auditoriyası var. Filmlərin tərcüməsi ilə məşğul olan dublyaj studiyalarının artmasında ən çox kinoteatrlar maraqlıdır. Bəyənilən hər hansı xarici filmi Azərbaycan dilində izləmək imkanı tamaşaçı sayının artmasına da öz təsirini göstərəcək”.

Həmsöhbətim Nizami Kino Mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, tamaşaçıların zövqünü oxşayan filmlərin nümayiş olunması üçün səylə çalışdıqlarını dedi. Eyni zamanda repertuarda milli filmlərin xüsusi yer aldığını bildirdi: “Hələlik yalnız bizim repertuara hər həftə milli filmlər daxil edilir. Milli filmlərə marağı artırmaq üçün Nizami Kino Mərkəzi bu ilin mart ayından may ayının sonunadək yeni Azərbaycan filmlərinin pulsuz nümayişini keçirdi. Üç ay ərzində demək olar şəhərin bütün ali təhsil ocaqlarının tələbələri orta məktəblərin şagirdləri bu aksiyadan yararlandılar. Sentyabr ayından başlayaraq yenidən ilin sonunadək bu aksiya davam etdiriləcək. Milli filmlərin repertuarı əsasən gənclərdə vətənpərvərlik hisslərini aşılayan, Azərbaycanın tarixini əks etdirən, ölkəmizin tanınmış insanlarının həyatından bəhs edən mövzuları əhatə edir”.

 

“Park Cinema” kinoteatrlar şəbəkəsi

 

“Park BulvarMetroparkticarət əyləncə mərkəzlərində fəaliyyət göstərən “Park Cinema” kinoteatrlar şəbəkəsinin geniş tamaşaçı auditoriyası var. “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin dediklərindən: “Ölkəmizdə ilk kinoteatr şəbəkəsi olaraq “Park Cinema” yenidən əhalidə filmlərə kinoteatrlarda baxmağa böyük maraq həvəs oyatmışıq. Kinoteatrlara marağın daha da gücləndirilməsi üçün vaxtaşırı müxtəlif aksiyalar, müsabiqələr keçiririk. “Park Bulvar”da 4-cü 5-ci zalların 3D filmlərinin tamaşaçılarına 3D eynəklərini hədiyyə edirik. Son vaxtlar kinoteatra maraq artmaqda davam edir. Bizim filmlərə hər yaşda olan tamaşaçıların gəlməsi bunu sübut edir. Bu, əsasən filmin süjetindən asılıdır. Ümumilikdə isə gənclər üstünlük təşkil edir. Eyni zamanda balaca tamaşaçılarımızı da yaddan çıxarmamışıq. Onlar üçün tez-tez cizgi filmləri nümayiş olunur”.

Nümayiş olunan xarici filmlərin seçimi, onların Azərbaycan dilinə tərcümə olunaraq nümayiş olunmasına gəlincə, həmsöhbətim bunları dedi: “Biz çalışırıq ki, kinoteatrımızın repertuarında həmişə müxtəlif janrlı filmlər olsun. Zövqlər, maraqlar müxtəlifdir biz onların hamısını nəzərə almağa çalışırıq. Rus dilində olan filmlərə maraq yüksəkdir. Dublyaja gəldikdə isə bu çox çətin bir prosesdir. Dublyajdan öncə filmi istehsal edən kino şirkətinin razılığı olmalıdır. Dublyaj üçün müasir avadanlıqlar ilə təchiz olunmuş studiyalara ehtiyac var. Eyni zamanda dünya standartlarına uyğun sertifikatımız olmalıdır. Xarici filmləri ölkəmizə gətirən kinoprokat şirkətləri isə Azərbaycan dilinə dublyaj etmir, çünki hazırda ölkəmizdə kinoteatrların auditoriyanın sayı lazımi səviyyəyə çatmayıb”.

Milli filmlərin “Park Cinema” şəbəkəsi vasitəsilə nümayiş olunmasına toxunan Namiq Quliyev yeni ekran əsərlərinə marağın yüksək olduğunu vurğuladı: “Biz Azərbaycan filmlərini böyük həvəslə nümayiş etdiririk. Lakin yeni filmlərimizin sayı o qədər çox deyil. Bu gün gündəlik həyatımızı, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən yeni filmlərə ehtiyac var. “Park Cinema” kinoteatrlar şəbəkəsi olaraq gənc rejissorları da dəstəkləyir mümkün köməyi etməyə çalışırıq. Tamaşaçıların kinoteatrlara marağını artırmaq üçün layihələr həyata keçiririk. Məsələn, bu ilin oktyabr ayına Avropa filmləri festivalını planlaşdırırıq. Festivalda filmlərin nümayişi ödənişsiz olacaq. Bu da Bakı sakinlərinə şəhərimizin qonaqlarına bir hədiyyəmiz olacaq”.

 

“28 Cinema”

 

“28 Mall” ticarət əyləncə mərkəzində fəaliyyət göstərən kinoteatrda da olduq.

“28 Cinema”nın marketinq meneceri Aqşin Şahbazzadənin sözlərinə görə, filmləri izləməyə gələnlərin sayı gündən-günə artmaqdadır: “Əvvəllər kinoya yalnız uşaqlar gənclər gəlirdilərsə, bu gün artıq yaşlı insanlar da üz tutur, ailəvi gələnlər var. Sadəcə, hər yaş qrupunun vaxtı var. Məktəblilər valideynləri ilə gələn uşaqlar səhər günorta seanslarında çox olur. “28 Cinema” hər zaman tamaşaçılarını öz yenilikləri ilə qarşılayır”.

Həmsöhbətimin bildirdiyinə görə, xarici filmlər iki kateqoriyaya uyğun seçilib nümayiş olunur: “Birinci kateqoriyaya dünya prokatında məşhur olan yeni filmlər daxildir. Çünki bu filmlərə maraq böyükdür. İkinci kateqoriyaya isə özümüzün seçdiyimiz filmlər daxildir. Son zamanlar Türkiyə filmlərinə maraq artdığına görə bu sıradan ən yaxşı ekran əsərlərini nümayiş etdiririk. “28 Cinema” yeganə kinoteatrdır ki, biri bədii biri cizgi filmi olmaqla iki ekran əsərini Azərbaycan dilinə dublyaj edərək nümayiş etdirib. Dublyaj işini gələcəkdə davam etdirəcəyik”.

Milli filmlərin nümayişinə gəldikdə isə, Aqşin Şahbazzadə deyir ki, yeni filmlərimiz az-az çəkilir. Odur ki, onların nümayişi geniş şəkildə deyil: “Amma ümidvarıq ki, Azərbaycanda kino inkişaf edəcək biz o filmləri həvəslə nümayiş etdirəcəyik”.

Göründüyü kimi, kinoteatrlarda film izləməyə gələnlərin sayı da, kino nümayişi şəbəkəsi genişlənməkdədir. Qaldı ki, xarici filmlərin dublyajına milli filmlərin kinoteatrların repertuarında daha çox yer almasına, yəqin ki, yaxın gələcəkdə bunun reallığa çevriləcəyini görərik.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 15 avqust.- S. 7.