Axşamçağı,
sahil bağı...
Dənizkənarı
Milli Park... Həmişə
bu məkana gələndə nostalji hisslər yaşayıram. Öz uşaqlıq illərim bir
yana, kinolentlərdə yaşayan,
mənim yaşımdan da uzaq
illərin bulvarı gəlir dayanır gözlərimin
önündə...
Bu gün Bakı bulvarı ömrünün yeni dövrünü yaşayır. Yayın bürküsündə buraya gələn yaşlı insanlar istidən təntiyib bir az qayğılı, sakit və düşüncəli görünsələr də, bir qədər uzaqdakı attraksionlarda uşaqların səs-küyü bu sükutu pozur. Bu qarışıq hisslərin içində isə Milli Park nəfəs alır, yaşayır. Onu yaşadan ilk addımlarını bu məkanda atmağı öyrənən, yıxıla-dura yeriyən azyaşlı, çənəsini çəliyinə söykəyib gənclərə tamaşa edən qarı, gülüb əylənən cavanlar və dənizin qoynuna boylanan ağaclardır. Zaman burada dayanmır, çünki burada həyat gözəldir...
Bakı bulvarı 29 dekabr 1998-ci ildə ölkə rəhbərliyinin sərəncamı ilə Dənizkənarı Milli Park statusu alıb. Bu gün burada insanların istirahəti üçün çoxlu işlər görülüb. Parka dincəlməyə gələnlər də şəraitdən razıdırlar.
İnsanlar istirahət etməyə əsasən iş saatlarından sonra gəlirlər. Hələlik saat 17-dir. Buna görə gözümüzə az adam dəyir. Saat qülləsi yaxınlığında üz-üzə oturacaqlarda əyləşib söhbət edən yaşlı kişilərə yaxınlaşırıq. Salam-kəlamdan sonra sorğu-suala başlayırıq. Təqaüdçülərdir. Elə parkın yaxınlığında yaşayırlar və hər gün axşam saatlarında bu məkanda toplaşırlar.
Əvvəllər dövlət qulluğunda çalışmış Vidadi müəllimlə söhbət edirik. Deyir, buranın havası gözəldir. Parkda yaşıllaşdırma işləri aparılıb. Yeni ağaclar, xaricdən gətirilən bitki növləri buraları daha da gözəlləşdirir. Amma Vidadi müəllim bir balaca narazılıq da edir. Bildirir ki, parkda əyləncələrin və şəraitin əksəriyyəti uşaq və gənclər üçün nəzərdə tutulub. Yaşlı insanlar üçün istirahət təkcə yığışıb söhbət etməkdən ibarət deyil. Vidadi müəllim eyni zamanda əvvəlki illərlə parkın bu gününü müqayisə edir. Bildirir ki, əvvəlki illərdə parkın görünüşü və şəraiti yaxşı deyildi, amma qiymətlər münasib idi. Bu gün Milli Park gözəlləşib, təmiz və səliqəli olub. Amma biz təqaüdçülərin burada bir stəkan çay içməyə belə imkanı çatmır.
Qocalarla sağollaşıb attraksionlara tərəf yollanırıq. Elə bu zaman qarşımıza “Şən tramvay” çıxır. Bu tramvay uşaqların sevimli əyləncəsidir. Həm də Milli Parkın bu başından o başına getmək üçün əlverişlidir. Tramvayın ətrafına yığışan uşaqlarla söhbət edirik. Uşaqlar tramvayın sərnişinlə dolmasını gözləyirlər. Bildirirlər ki, bu tramvay onların çox xoşuna gəlir. Tramvaylarda gəzinti 12 yaşadək uşaqlar üçün 1 manat, böyüklər üçün 2 manat təşkil edir. Gəzintiyə yetərincə maraq olduğunun şahidi oluruq.
Xarici turistlər və Bakı
Bulvarda Belarusdan və Polşadan gələn turistlərə də rast gəlirik. Belaruslu Maksim Piroqov deyir ki, qohumları hələ Sovet İttifaqı dövründə Bakıya köçüb, burada məskən salıblar. Özü isə ilk dəfədir ki, Bakıda qonaqdır. Şəhərimiz çox xoşuna gəlib, əsasən də Dənizkənarı park. Deyir, burada rahat dincələ bilirəm, həm də maraqlıdır: “İnsanlar xoşuma gəlir. Sadə və gülərüzdürlər. Şəhər də, park da təmiz və səliqəlidir. Azərbaycan xalqına sülh arzulayıram. İnanıram ki, bundan sonra tez-tez Bakıya gələcəyəm”.
Polşalı qonaq Pavel Vill ailəsi ilə birlikdə səyahətə gəlib. O, 90-cı illərin sonunda Bakıda şirkətlərin birində çalışıb. Bu yay yenidən ailəsi ilə Bakıya qonaq gəlib. Deyir ki, hələ o zaman Bakıda yaşadığı vaxtlarda da tez-tez bura gələrmiş. Polşalı turist Azərbaycanın rayonlarında olduğunu da nəzərimizə çatdırır.
Turistlərə xoş istirahətlər arzulayıb, yolumuza davam edirik. Hava isti olduğuna görə uşaqlar üçün karusellər boş görünür. Nəvələri ilə gəzməyə gələn nəvələr ağacların kölgəsində, yaşıl otların üstə oynayırlar və yəqin günün əyilməsini gözləyirlər ki, tezliklə karusellərə minsinlər.
Gənclərə yaxınlaşmaq istəyirik. Əksəriyyəti əlimizdəki fotoaparatı görüb bizdən yan keçir. Bəziləri hətta uzaqdan əl işarəsi ilə xahiş edirlər ki, onları çəkməyək. Biz də onların bu istəyinə qarşı çıxmırıq. Velosiped sürən, dostlarla oturub kafelərdə dondurma yeyib söhbət edən, deyib-gülən gənclər sanki bu qocaman məkana öz gənclik ruhlarını, gənclik eşqini bəxş edirlər. Sahilə lap yaxın olan ərazidə, dənizə baxa-baxa söhbət edən cütlüklərə isə onları xəyallarından, arzularından ayırmamaq üçün yaxınlaşmırıq.
Beynəlxalq Muğam Mərkəzinin yanından başlayan dənizkənarı gəzintimizi “Marriot-Abşeron” hotelinin yaxınlığında tamamlayırıq. Bircə ona heyfsilənirik ki, gərək bir az da gec gələydik. Çünki parkın ticarət köşklərinin və attraksionların əməkdaşları bildirirlər ki, yay vaxtı burada həyat axşam saat 8-dən sonra qaynamağa başlayır. Attraksion demişkən, bulvar idarəsinin rəhbərliyi mütəmadi olaraq attraksionlarda pulsuz aksiyalar təşkil edərək, qiymətlərin münasib olduğunu söyləsə də, bunu əksəriyyət üçün demək olmaz. Bu isə tamam ayrı bir mövzudur.
Yüz yaşlı bulvarın yeni siması
Sonda bir neçə kəlmə də Milli Parkın
tarixi barədə. Dənizkənarı bulvarın salınması
1909-cu ildə Bakı
şəhər Duması
tərəfindən qərarlaşdırılıb.
Layihənin həyata keçirilməsində
mühəndis Kazimir Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olub. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış
II Aleksandr küçəsinin
(indiki Neftçilər
prospekti) arasında yaşıllıq zolağı
yaradılır.
İki il müddətində
buraya kənardan münbit torpaq daşınır, Azərbaycanın
başqa bölgələrindən
və hətta Avropadan müxtəlif
nadir bitki növləri
gətirilir. Sovet dövründə Dənizkənarı bulvarda
bir neçə dəfə yenidənqurma işləri aparılıb.
Bulvar şərq və qərb istiqamətlərində
genişləndirilib.
Hazırda ərazidə abadlıq işləri davam edir. Prezident İlham Əliyevin
tapşırığı ilə bulvarın Dövlət Bayrağı
Meydanına qədər
uzadılması layihəsinin
uğurla icra olunması Bakının simasını tamamilə dəyişib. Şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn
qonaqların asudə vaxtlarının səmərəli
təşkili üçün
qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb.
Müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib. Bakı bulvarı özünəməxsus
gözəlliyi ilə
turistlərin diqqətini
cəlb edir. Ərazidə uşaqların və
yeniyetmələrin əyləncəsini
təşkil etmək
üçün də
yeni layihələr icra olunur.
Lalə Azəri
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 15
avqust.- S. 6.