Muğam sənəti milli sərvətimizdir

 

Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır”

 

Azərbaycan xalqı tarixən acılı-şirinli günlərini könlünün səs ahəngində yaşayıb, muğamları qəlb sirdaşına çevirib. Minillərin sorağını özündə yaşadan bu ulu səs yadigarı müxtəlif dövrlərdə zamanın sərt sınaqları ilə üz-üzə qalmalı olub. Ancaq məhz xalq ruhunun daşıyıcısı olduğu üçün bütün maneələri aşaraq dünya səviyyəsində tanınmağa başlayıb.

 

1920-30-cu illərdə tarı susdurmaq, muğamı da onunla birlikdə tarixin qaranlıq arxivinə atmaq kimi qorxulu çağırışlar olub. Həm də bu çağırış bir komsomol şairin söylədiyi: “Oxuma tar, oxuma tar, sevmir səni proletarkimi olmayıb. Bu çağırış imperiya siyasətinin tərkib hissəsi kimi həyata keçirilib. Hətta Azərbaycan radiosunda muğama qarşı rəsmi səviyyədə qısma-boğmalar hökm sürür. Bu haqda arxiv sənədlərində və yaddaşlarda həyəcanlı fikirlər, mülahizələr qalmaqdadır. Həmin illərdə hökumətin qərarı ilə “Muğam komisyonu” yaradılır. Qurumun iclaslarında muğamların şöbə və guşələrinin tarixən müəyyənləşdirilən adlarını dəyişdirmək təklifləri irəli sürülür...

Ruzigarın o acı yelləri əsib keçirmuğam yaşayır. Çünki o məşəqqətli illərdə Mirzə Mansur, Mirzə Fərəc, Üzeyir Hacıbəyli, Mikayıl Müşfiq, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov kimi görkəmli söz ustadları, sənət fədailəri muğamın müdafiəsinə qalxırlar. Sonrakı illərdə də muğama münasibət dəyişmir. Radionun efirindən muğama məhdud saatlar ayrılırdı. Məhz bu səbəbdən hər bazar günü xalqımız bir saatlıq muğamat konsertini səbirsizliklə gözləyirdi.

1990-cı illərin əvvəllərində də muğam ifaçılarımız nigaran günlər yaşadılar. Toylar, el şənlikləri olmasaydı, onların güzəranı ağır keçərdi. O zamanlar bir çox muğam ifaçılarımız konsertlər vermək üçün Avropa ölkələrinə dəvət olunurdular. İllər ötdü və müstəqil ölkəmizdə muğam sənəti və muğam ifaçılarımız dövlətin hərtərəfli qayğısı ilə əhatə olundular. Bütün bunların nəticəsində muğam sənətimiz 2003-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və səyləri ilə ulu muğamımız, sözün əsl mənasında, intibah dövrünə qədəm qoydu. Dünyanın möhtəşəm səhnələrindən Azərbaycan muğamı səslənməyə başladı. Bu da onu göstərir ki, muğam sənəti təkcə xalqımızın deyil, bəşəriyyətin misilsiz mədəni sərvətlərinin ayrılmaz hissəsidir. Eyni zamanda gənc nəsillərin bu sənətə marağını artırmaq məqsədilə ölkəmizdə mühüm tədbirlər həyata keçirilməkdədir. Gənclər ölkəmizdə və xaricdə keçirilən festival və müsabiqələrə qatılır, musiqi mədəniyyətimizin tacı olan muğamı yaşadır, təbliğ edirlər.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyiMuğam aləmi” Beynəlxalq Muğam Festivalı da onlarla ölkənin musiqiçilərini bir araya gətirərək muğam sənətinə olan münasibətimizi bəşəriyyətə bəyan edir. Ənənəvi keçirilən bu festival həm də Azərbaycan musiqisinin təbliği baxımından böyük əhəmiyyətə malikdir. Bundan əlavə, “Gəncləşən muğam”, “Gəncliyin səsi” layihələri, böyük təntənə ilə keçirilən və bölgələrimizi əhatə edən muğam televiziya müsabiqələri də bu ecazkar sənətin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə diqqət və qayğısı nəticəsində “Qarabağ xanəndələri” albomu , “Muğam” jurnalı və “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.

Azərbaycan muğamına yeni həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı belə deyib: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Bizim sərhəd tanımayan milli musiqimiz həm də dünyanı özünə cəlb edə bilir. Artıq ənənəvi olaraq Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq musiqi festivalı keçirilir. Bu incəsənət bayramına dünyanın ən tanınmış musiqiçiləri və məşhur kollektivlər qatılırlar. Bu möhtəşəm tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir. Eyni zamanda Üzeyir Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviçin adını daşıyan festivallar da Azərbaycanı bir musiqi ölkəsi kimi məşhurlaşdırıb. Dünya musiqi festivalları xəritəsində Azərbaycan da özünə layiqli yer tutmaqdadır. Bir sözlə, muğam ifaçılıq sənəti dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaqdadır. Söz yox ki, bu gün dünyanı dolaşan, çoxsaylı dinləyicinin qəlbini fəht edən gözəl muğam ifaçılarımızın şaqraq zənguləsi çox çəkməz doğma Qarabağımızda ucalar...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 20 avqust.- S. 15.