Orta əsr kitabxanaları
Adamlar, kitablar və kitabxanalar
İnsan təfəkkürünün məhsulu olan kitab tarixə güzgü salır, bizi keçmişlə ünsiyyətə vadar edir. Keçmiş isə sirli-sehrli
aləmi özündə
yaşadan kitabxanalarda
cəmləşib. Kitabxanalar müxtəlif
məlumatların (ədəbi,
fəlsəfi, elmi, tarixi və s.) yer aldığı kitabların toplandığı
məkandır. Bu yazımızda orta əsrlərin ilk kitabxanaları
haqqında oxucularımıza
məlumat verəcəyik.
Din və kitabxanalar
Kitabxanaçılığın tarixi ilkin orta
əsrlərə qədər
gedib çıxır. Qərbdə orta əsrlər dünya kitab və kitabxana tarixində yeni mərhələnin başlanğıcı
kimi xarakterizə olunur. Bu mərhələ
qədim dünya elmi, kitab və
kitabxanalar üçün
mürəkkəb bir
dövr hesab edilir. Çünki bu zaman dini baxışlar sisteminin bəzən haçalanması, bəzən
də tam ziddiyyətli
bir vəziyyət alması bu məzmunlu ədəbiyyatların
rolunu və təsir imkanlarını artırmışdır. Qərbdə tədricən cəmiyyət
həyatına, insanların
dünyabaxışına, mədəniyyət və
sənət sahələrinə
daxil olmağa başlayan din, qədim dünya adətlərinə,
yaşayış tərzinə
yeni qaydalar tətbiq edirdi. Mənbələrdə qeyd olunur ki, orta əsrlərdə
xristian fanatikləri antik dünyanın elmi və mədəni
ənənələrini məhv
etməkdən çəkinmirdilər.
Bu səbəbdən də orta əsrlərdə
kitabçılıq və
kitabxanaçılıq işində
geriləmə baş
verirdi.
Qərb ölkələrində kitabxana
sahəsində baş
verən əsas yenilik xristian dini ehkamlarını təbliğ edən, din xadimlərinin əsərlərindən
ibarət kitabların
qorunub saxlanılması,
başqa sözlə,
dini kitabxanaların meydana gəlməsi oldu. Bu kitabxanalar o dövrdə həm də dini məktəb
kimi fəaliyyət göstərirdilər. Buna
görə də kilsələri çox vaxt təhsilli ruhanilər idarə edirdilər. Kilsələrin təbliğatçılıq fəaliyyətini həyata
keçirmək üçün
kitabların üzünün
köçürülüb çoxaldılmasına ehtiyac
yarandı. Beləliklə, kilsələrin sayı çoxaldıqca kitab fondları yarandı.
Dini təhsil sahəsində fəaliyyət genişləndikcə
kitab fondu da zənginləşdi.
Kitabxanaçılığın tarixinə nəzər
salanda Boris Qorbaçevskinin
“Adamlar, kitablar və kitabxanalar” (1963) adlı kitabında belə bir fikrə
rast gəlirik: “Orta əsrlərdə dini kitabxanalar içərisində ən
mühüm yeri monastr kitabxanaları tuturdu”. Tanınmış
alim, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının
müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun kitabxana işinə dair əsərlərində
isə deyilir: “Kitabxana tarixində ilk kilsə, monastr kitabxanalarının hansı
xristian ölkəsində
meydana gəlməsi haqqında məlumat olmasa da, belə
bir tarixi fakt mövcuddur ki, erkən orta əsrlərdən ilk
dini kitabxanalar şəbəkəsi formalaşmağa
başlamışdı. Mütəxəssislər xristian dünyasının
ilk və ən böyük kitabxanası kimi şöhrət qazanmış Vatikan - Papa
kitabxanasının 700-cü ildən fəaliyyət göstərməsi barədə
məlumat verirlər.
Həmin
dövrlərdə kitabın
yaranmasında və üzünün köçürülüb
saxlanmasında iştirak
edən dini müəssisələrin fəaliyyəti
genişləndikcə həmin
ərazilər bilavasitə
kitabçılığın mərkəzinə çevrilirdilər”.
Kitabçılığın inkişafı genişləndikcə,
təbii ki, istedadlı, qabaqcıl fikirli, dini kitablarla
yanaşı, dünyəvi
kitablara da önəm verən, cəmiyyətin inkişafında
kitabın əhəmiyyətini
başa düşən
din xadimlərinin sayı
da çoxalırdı. Zəngin monastr
kitabxanaları yaratmaqla
adı tarixə düşən yepiskor İsadorun kitabxanaların
idarə edilməsi və kitabxana kadrlarının hazırlanmasında
xidmətləri böyük
olmuşdur. Onun kitabxanaların
idarə edilməsinə
aid ideyaları kitabxanaçılığın
inkişafına mühüm
təsir göstərmişdir.
Şərq ölkələrində elm və
mədəniyyətin yayılmasında
İslam dininin meydana gəlməsi (610) böyük hadisə oldu. İslam dininin müqəddəs
kitabı “Qurani-Kərim”də
biliyə yüksək
qiymət verilirdi və bununla da İslam aləmində
elm və təhsilin inkişafının əsası
qoyuldu. Məhəmməd peyğəmbərin elmə, savada dair kəlamları bu dinin yayıldığı
ərazilərdə təhsilin
inkişafına böyük
təsir göstərirdi.
İslam
dini tez bir zamanda Şərq
aləmində yayıldı
və bunun nəticəsində də
ərəb dövlətləri
böyük gücə
malik olmaqla yanaşı, elm və təhsilin inkişaf etdiyi məmələkətlərə
çevrilmişdilər. Təhsil və elmin yayılmasında
əsas silah isə yenə də kitablar idi. “Qurani-Kərim”in
üzünün köçürülməsi,
alimlər tərəfindən
şərhlərin yazılması
yeni-yeni kitabxanaların
meydana gəlməsinə
və zənginləşməsinə
şərait yaradırdı.
Məscid kitabxanaları da
böyük kitabxanalar
üçün zəngin
baza rolunu oynayırdı. Daha sonra
isə məscidlər
təkcə ibadət
yeri kimi deyil, İslam dinini yayan, tədris
edən müəssisələrə
çevrildilər. Beləliklə, məscidlərdə dini məktəblər yarandı.
Məscidlərin yanında mədrəsələr
fəaliyyət göstərməyə
başladı. Bu zaman məktəblərdə
kitab üzü köçürən emalatxanalar
və kitabxanalar inkişaf edirdi. Savadın yayılmasında, kitabların
qorunub saxlanılmasında
əsas vəzifə bilavasitə məscidlərin
üzərinə düşmüşdür.
Məlumdur ki, İslam
aləmində ilk elmi-tədris
kitabxanaları məhz
mədrəsələrdə yaradılmışdır. Orta əsrlərdə ərəb
ölkələrində dövlət
xadimləri tərəfindən
yaradılmış kitabxanalar
da üstünlük təşkil edirdi.
Bu dövrdə ərəb
ölkələrində kitab
və kitabxanaçılıq
işinin inkişafı
dünya tarixində
ilk dəfə Çində
kəşf edilmiş
ucuz, yazı işini asanlaşdıran
kağızın isə
Avropadan çox əvvəl ərəb ölkələrində istehsalı
ilə bağlı olmuşdur. VIII əsrdə
kağız hazırlamağı
öyrənən ərəblər
kitab yaradılması
sahəsində böyük
nailiyyətlər əldə
etmişlər. Xilafətin çiçəkləndiyi
dövrdə əlyazma
kitab nüsxələrinin
sayı xeyli çoxalmışdı. Ərəblərin zəngin kitabxanaları
vardı. X-XI əsrlərdə Qahirə
saray kitabxanası, Tripolidə Banu Amar kitabxanası məşhur idi. Özbəkistanda Buxara kitabxanası
da öz zəngin kitab fondu ilə tanınırdı. Mənbələrdə İbn Sinanın bu kitabxana ilə
əlaqələri barədə
məlumatlar əksini
tapıb. Bağdad Universitetinin
kitabxanası da orta əsrin məşhur kitabxanaları
sırasındadır. Orta əsrlərdə ərəb ölkələrində
təbiət, riyaziyyat,
fəlsəfə, ədəbiyyat
və s. elmlər inkişaf edərək elmi məktəblər yaradılırdı. Buna görə də Şərq xalqlarının
mədəniyyətində baş verən inkişaf kitab və kitabxana işinə də töhfələrini verirdi.
Şərqdə kitabxanaçı olmaq
ən şərəfli
iş sayılırdı
Onu da qeyd edək ki, orta əsrlərdə
Şərqdə fəaliyyət
göstərən kitabxanalar
tiplərə bölünürdü. Bu sıraya dini (mədrəsə kitabxanaları),
dövlət (saray kitabxanaları), şəxsi
(alimlərin kitabxanaları)
və universitet kitabxanaları daxil idi. Şərqdə kitabların bədii
tərtibatına, miniatürlərlə
bəzədilməsinə, yazı mədəniyyətinin
təkmilləşməsinə ciddi yanaşılması kitabxanaçılıqda elmi
nailiyyətlərin əldə
edilməsinə imkan yaratdı. Orta əsr Şərqində kitabxanaçı olmaq ən şərəfli iş sayılırdı.
Kitabxanalara rəhbərlik dövrünün
ziyalı alimlərinə
həvalə edilirdi.
Orta əsr kitabxanaçılığı
haqqında məlumatlarla
tanışlıq onu
deməyə əsas verir ki, kitabxanalar
mədəni sərvət
kimi cəmiyyətin inkişafına mühüm
töhfələr vermişlər.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 20
avqust.- S. 13.