“Rəflərdən dünyaya

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Qax rayonunda görüşü zamanı verdiyi tövsiyələri əsas tutaraq, istirahət mərkəzlərində kitabın təbliği, eyni zamanda istirahətə gələnlərin asudə vaxtlarının səmərəliliyinin təmin olunması məqsədilə, ”Rəflərdən dünyayadevizi altında səyyar kitabxana xidməti təşkil edilib. Belə tədbirlərdən biri də 15 avqust 2014-cü il tarixində rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi, C.Cabbarlı adına rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə səyyar kitabxana xidməti göstərilən istirahət məkanlarından olan Heydər Əliyev parkında yerləşən “Kafe” istirahət mərkəzində təşkil edildi. Dəyirmi masanın əsas mövzusu “Gənclik və mütaliə” idi.

Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova açdı. O, kitabların istirahət məkanlarına yol açmasının təqdirəlayiq olduğunubunun həm gənclərin, həm də əhalinin digər təbəqələrinin kitaba, mütailəyə marağının artmasına bilavasitə təsirini vurğuladı. Tədbirə dəvət olunan gənclərimiz mütaliəyə olan münasibətlərini bildirdilər, sevdikləri müəlliflərin əsərlərindən və nəyə görə sevdiklərindən söhbət açdılar. Dəyirmi masaya kiçik yaşlı oxucularımız da dəvət almışdılar. Onların kitab haqqında söylədikləri gözəl fikirlər bir daha sübut etdi ki, kitaba maraq vardaima olacaqdır. Mərhum filosofumuz Asif Ata kitabxananın əhəmiyyətini olduqca səlist ifadə edib: "Dində məscid nədirsə, elmdə də kitabxana odur”. Ona görə də tədbir boyu hər bir gənc kitab yoluna, kitabxana yoluna dəvət olundu.

Tədbirdə fəal iştirakına görə bir sıra gənc rayon Mədəniyyət və Turizm Şöbəsinin xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

 

D.Əzizova,

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi

 

Mədəniyyət.- 2014.- 20 avqust.- S. 12.