Masallı turizmin
sürətlə inkişaf etdiyi bölgəyə
çevrilir
«Turistlər daha çox keyfiyyətli xidmət axtarırlar və bu xidmət bizdə var»
Azərbaycanın
bölgələrində turizmin inkişafı artıq bir
prioritet vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə
dövlət tərəfindən çoxsaylı layihələr
həyata keçirilir, eyni zamanda yerli sahibkarlara lazımi
şərait yaradılır. Bunun nəticəsidir ki, ölkəmizin
bütün regionlarında ən yüksək standartlara cavab
verən hotellər fəaliyyət göstərir.
Bugünlərdə qonaq olduğum Masallı rayonunda 3 ildən artıqdır fəaliyyət göstərən «Viləş» də belə hotellərdəndir. Baş menecer Səbinə İsmayıllı ilə söhbətimizdə hotelin fəaliyyəti, kadr məsələləri, bölgədə turizmin inkişaf səviyyəsi və digər məsələlər barədə danışdıq.
Qeyd edək ki, Səbinə İsmayıllı Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. Türkiyədə turizm sahəsi üzrə ikinci ixtisasa yiyələnib. 2004-cü ildən Azərbaycanda turizm sahəsində çalışır, 3 ilə yaxındır «Viləş» hotelinə rəhbərlik edir.
- Bir neçə il əvvəl regionlarda turizm
bu səviyyədə inkişaf etməmişdi. Turizm obyektlərinin
sayı və xidmət səviyyəsi indikindən qat-qat
aşağı idi. Müasir
standartlara cavab verən hotellər isə demək olar ki,
çox az sayda idi. Təxminən 5 il əvvəl Türkiyənin turizm mərkəzlərinə
təyyarə biletlərinin qiymətində artım oldu. Bu, əslində yerli turistlərin öz istirahətlərini
bölgələrimizdə keçirməsi üçün
bir vasitə idi. Bundan sonra Azərbaycan vətəndaşları
regionlara axın etməyə başladılar. Yerli sahibkarlar da gördülər ki, insanların
sayı çoxalır, daha səviyyəli, daha böyük
hotellər tikməyə üstünlük verdilər. Beləliklə, regionlarda turizmin inkişafında bu
sektorun təmsilçiləri daha çox maraqlı olmağa
başladı. Artıq 3 ildir ki «Viləş»
hotelində çalışıram və şahidi oluram ki,
Masallıya gələn turistlərin sayı ildən-ilə
artır. Bununla bərabər, turistlərin
tələbkarlığı da artmağa başlayıb.
Əvvəlcə insanlar onların tələblərini
çox az səviyyədə yerinə
yetirə bilən obyekt axtarırdılarsa, indi
qaldıqları yerlərdə keyfiyyətə daha çox
üstünlük verirlər. «Viləş»
hotel açılmamışdan əvvəl burada fəaliyyət
göstərən turizm mərkəzlərinin rəqabət
apara biləcəkləri bir hotel yox idi. Onların
hamısı demək olar ki, eyni xidmət və oxşar şəraitli
gecələmə yerləri təklif edirdilər. Sahibkarlar belə düşünürdülər
ki, elə belə də olmalıdır, çünki qonaq
bundan artığına pul verməyəcək. Dünya standartlarına uyğun «Viləş» hoteli
fəaliyyətə başladıqdan sonra isə çox
maraqlı bir tendensiya yarandı. Artıq
Masallıda istirahət edən turist qiymətə yox, keyfiyyətə
üstünlük verməyə başladı. Gələn qonaqların bizim hoteli seçdiyini
görən yerli sahibkarlar da rəqabətdə uduzmamaq
üçün öz obyektlərini mümkün qədər
standartlara uyğunlaşdırmağa başladılar. Artıq faktdır ki, təkcə Masallıda deyil,
Azərbaycanın bütün regionlarında turizm sürətlə
inkişaf etməkdədir.
- İnkişafda olan sahənin təmsilçiləri hər
zaman müəyyən problemlərlə
qarşılaşırlar. Sizin əsas probleminiz nə ilə
bağlıdır?
- Təbii
ki, problemlərimiz mövcuddur. Ən
böyük çətinliyimiz isə kadrlarla
bağlıdır. Bakıda yerləşən
hotellərə nisbətən biz kadr məsələsində
çox böyük çətinliklərlə
qarşılaşırıq. Problemi həll
etmək üçün məcbur oluruq kadrları
özümüz yetişdirək.
- Siz
turizm sahəsində çalışanlar üçün
müxtəlif istiqamətlərdə kurslar təşkil
edirsiniz. Bu kurslar kadr probleminin həllinə nə
dərəcədə kömək edir?
- Bizim
kurslarımız əsasən hotel menecmenti, marketinq, qeyd - qəbul,
ofisiant, xadimə, bələdçi hazırlığı
istiqamətindədir. Bundan başqa, mən
öz hotelimdə çalışanlar üçün
ayrıca treninqlər keçirəm.
- Hazırda Azərbaycanda turizm sahəsində mövcud
olan çətinliklərdən biri də təlimçi-müəllimlərin
sayının azlığıdır. Kurslara müəllim
kimi kimləri dəvət edirsiniz?
-
Kursları adətən Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan
Turizm İnstitutu ilə birgə təşkil edirik. Onlar bizə kurslara müəllimlərin cəlb
edilməsində köməklik göstərirlər. Eyni zamanda müxtəlif qurumlar, o cümlədən
Azərbaycan Gənclər Fondunun layihələri çərçivəsində
yuxarıda qeyd etdiyim istiqamətlərdə bizim hoteldə
kurslar təşkil edilir. Bu yaxınlarda
belə kurslardan biri bələdçi ixtisası üzrə
idi.
- Kurslara
neçə nəfər cəlb olunur?
- Adətən
kurslar 20 nəfərdən yuxarı qruplar üçün həyata
keçirilir. Bir məqamı da qeyd edim ki, bu kurslara ali və orta təhsilli insanlar cəlb edilir. Bələdçi kurslarının
iştirakçılarına Cənub regionu üzrə biliklər
öyrədilir. Kurslarımız 4 rayonun -
Astara, Lənkəran, Masallı və Cəlilabadın sakinləri
üçün təşkil olunur və kurslarda çox
zaman özüm də təlimçi kimi iştirak edirəm.
Sonuncu kurslarımızda 4 istiqamət üzrə
80 nəfər dinləyici iştirak edib. Hesab edirəm
ki, bu az rəqəm deyil.
- Səbinə
xanım, yerli sahibkarlar, turizm obyektlərinin rəhbərləri
öz əməkdaşlarını bu kurslara göndərməkdə
maraqlıdırlarmı?
-
Qarşılaşdığımız ən böyük
çətinliklərdən biri də bununla
bağlıdır. Bir müddət bundan əvvəl
mədəniyyət və turizm naziri cənab Əbülfəs
Qarayevlə də bu mövzu ilə bağlı söhbətimiz
oldu. Qeyd olundu ki, yeni hazırlanmış
«Turizm haqqında» qanuna bununla bağlı xüsusi bir müddəa
əlavə edilsin və turizm obyektlərinin sahibləri
öz əməkdaşlarını mütləq belə
kurslara göndərsinlər. Əks halda,
həmin obyektlərin lisenziyası əlindən
alınsın. Bu təcrübə
Türkiyədə də tətbiq olunur. Türkiyə
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi
kurslarda bu ölkədə fəaliyyət göstərən
hotellərin əməkdaşlarının iştirakı
vacibdir. Bizim Mədəniyyət və Turizm Nazirliyi
bölgələr üzrə hər il
Türkiyənin TİKA təşkilatı ilə birlikdə
kurslar təşkil edir. Bu kurslar tamamilə
ödənişsiz olsa da, yerli sahibkarlar bəzən öz əməkdaşlarının
bu kurslarda iştirakına maraq göstərmirlər.
-
Bütün bunları əsas götürərək demək
olarmı ki, regional turizm peşə məktəblərinin
yaradılmasına ehtiyac var?
- Bu
olduqca vacib məsələdir. Bildiyim qədər
Azərbaycanın yalnız Qəbələ rayonunda turizm
peşə məktəbi fəaliyyət göstərir.
Digər rayonlarda isə adi peşə məktəbləridir.
Mən bir müddət bundan əvvəl Lənkərandakı
peşə məktəbinin direktoru ilə əlaqə
saxladım və orada turizm ixtisası üzrə təhsil alan şagirdlərin təcrübə
üçün «Viləş» hotelinə götürmək
istədiyimi bildirdim. Məlum oldu ki, bu peşə
məktəbində umumiyyətlə, turizm ixtisası yoxdur.
Bu məsələdə, fikrimcə, Təhsil
Nazirliyi də bizə kömək etməlidir. Əgər Cənub bölgəsində turizm peşə
məktəbi açılsa, mən orada böyük məmnuniyyətlə
təlimçi kimi dərs də keçərəm.
Üstəlik, təcrübə üçün orada təhsil
alan şagirdləri «Viləş» hotelə
cəlb edə bilərəm.
- Təcrübə
keçmək üçün Turizm İnstitunun və yaxud
ölkəmizdə fəaliyyət göstərən digər
ali təhsil ocaqlarının turizm
ixtisası üzrə təhsil alan tələbələri
sizə müraciət edirmi?
-
Hazırda Kiprdə təhsil alan bir tələbə
bizdə təcrübə keçir, o, əslən
Masallıdandır. Ötən il yay tətili
boyunca bizdə işlədi, bu il isə oxuduğu universitetin
qaydalarına əsasən təcrübə müddətindədir.
Buna baxmayaraq, mən ona əməkhaqqı da
ödəyirəm. Düşünürəm
ki, bunun özü Azərbaycan turizmi üçün müsbət
haldır. Çünki Kiprdə də
artıq bilirlər ki, Azərbaycanın Masallı rayonunda «Viləş»
kimi bir mehmanxana var və standartlara uyğun tələbə
hazırlayır.
- Səbinə
xanım, kadr seçimində nələrə
üstünlük verirsiniz?
- Biz əsasən
yerli gəncləri hotelimizə işə cəlb edir və
kadr kimi özümüz yetişdiririk. Çünki
hotel işi dinamiklik, cəldlik tələb edən bir sahədir.
Təəssüf ki, bu günə qədər nə Turizm
İnstitutunun, nə də digər ali məktəblərin
turizm üzrə fakültələrinin məzunları bizə
iş üçün müraciət etməyib. Bununla bağlı hətta elan da vermişik. Üstəlik, yüksək məvacib də təklif
edirik. Masallıdan və digər cənub rayonlarından
turizm ixtisası üzrə ali təhsil
alanlar var. Amma onlar Bakıdakı hotellərdə işləməyə
daha çox üstünlük verirlər.
- İl ərzində nə qədər qonaq qəbul
edirsiniz?
-
Qış aylarında çox az sayda
qonaqlarımız olur. Onlar da rayonda keçirilən
müxtəlif tədbirlərə gələnlərdir.
Bizim əsas qonaqlarımız yayda gəlir.
Bu yay mövsümündə iyul ayını
çıxmaq şərtilə, hotelimiz 70-80 faiz dolu olub.
«Viləş» hotel hazırda bir dəfəyə
120 qonağı qəbul edir. Hotelin
özündə 45 otaq var. Digər yerlərimiz isə kotteclərdədir.
Konfrans zalımız, restoranımız hər
zaman turistlərin ixtiyarındadır. «Viləş»
hotel çox böyük bir ərazidə yerləşir.
Hotelin həyətində 300-dən artıq
yaşı olan böyük bir palıd ağacı var. Bu
ağacın digər nümunələri İsmayıllı
və Hirkan qoruğunda mühafizə olunur. Eləcə də 150-200 yaşlı ağaclar var.
-
Bütün standartlara cavab verən və yüksək səviyyəli
xidmət təklif edən «Viləş» hotelinin belə az sayda turist qəbul etməsinin səbəbi nədir?
- Bu səbəb
bizimlə bağlı deyil. Problemin ən
böyüyü yoldur. Bakıdan
Masallıya gələn magistral yol bir neçə rayonun
içərisindən keçir. Bu isə
insanları yorur. Hazırda yeni dairəvi
yolun inşasına başlanıb. Həmin
yol istifadəyə verildikdən sonra Bakıdan Masallıya
daha tez və rahat gəlmək mümkün olacaq.
Digər
tərəfdən, yalnız hoteldə qalmaqla iş bitmir.
Turist gəzmək, görmək, regionun mədəniyyəti,
tarixi ilə tanış olmaq istəyir. Bunun üçün tarixi yerlərə, abidələrə
turlar təşkil etmək, bu abidələr haqqında
qonaqlara məlumat vermək lazımdır. Bu baxımdan cənub regionu şimal-qərb regionu ilə
rəqabət apara bilmir.
-
Hotelinizdə hansı yeniliklərin olacağı gözlənilir?
-
Hotelimizi daha da böyütmək və fəaliyyət dairəmizi
genişləndirmək istəyirik. Hər yay
mövsümündə hoteldə bir yenilik edirik. Bu il hotelimizin ərazisində böyük bir
hovuz tikib istifadəyə verdik. Gələn il
qış üçün də belə bir korpus tikmək
niyyətindəyik. Bu korpus spa mərkəzi
olacaq. Masallı, məlum olduğu kimi,
istisuyu ilə tanınır. Rayon ərazisində
yeraltı qaynaqlar çoxdur. Bunların
keyfiyyəti azalmadan daşınması üçün
müxtəlif texnikalardan istifadə etmək
mümkündür. Türkiyənin Afyon
istirahət mərkəzində bu təcrübədən
istifadə olunur. Belə bir mərkəzin
tikilməsi layihəsi üzərində xeyli vaxtdır
işləyirik. İnşallah, gələn il bunu həyata keçirməyi nəzərdə
tuturuq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-2014.- 20
avqust.- S. 10.