Keçmiş üçün
“gecikmə”
Yaxud “Unudulmaz Əfəndi”nin xatirə yükü
Hərdən “kaş keçmiş əzablı
olmaya...” kimi mənasız
arzular burulğanına düşürük.
Olub-keçənlər yaddaşımızı “yaladıqca”
özümüzdən qaçışın
mümkünsüzlüyündə sıxılır və bütün yaşanmışlardan həzər
edərək bu keşkənin ətəyindən
yapışırıq. Beynimizi
cırmaqlaya-cırmaqlaya “böyük təmizliyə”
başlayırıq. Sonra yenidən, həm
də daha yorğun halda dünənin tör-töküntülərinin
içində itib-batırıq.
Bu ruh halında hər şey üçün gec, hər kəs üçün laqeyd, hər hiss üçün ötərilik kimi bir aldatmaca da yox deyil. Əslində, insanı özündən başqa heç kim ustalıqla aldada bilməz. Demək, bu məqamda özünəinam və yaxud nəfs üzərində qələbə kimi şüarlar da dada yetmir. Əsas “mən”lə bir araya gəlib, özünü ona təsdiq etdirməkdir. Bunu bacarmaq da mümkündür. Həm də müşkül. Çünki insan heç zaman olduğu vəziyyəti qəbul edə bilmir və mütləq başqa bir ortam istəyir. Reallıq isə qarabaqara onu izləyir. Bu sıxıcı və bir az da gülünc vəziyyət Yaşlı Kişinin simasında beyinlərimizdə həkk oluna və ona haqq da qazandıra bildi.
Bu Yaşlı Kişi “Yuğ” Dövlət Teatrının ötən mövsümə damğa sayıla biləcək “Unudulmaz Əfəndi” tamaşasının əsas qəhrəmanı idi. Xalq yazıçısı, teatrımızın bəklə də ən çox müraciət etdiyi, müxtəlif zamanlarda adı afişaları bəzəyən İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlanan səhnə əsəri, sözün həqiqi mənasında tamaşa olunmalı nümunə idi.
Müəllifin pyesləri əsasında hazırlanan birhissəli astana oyununa səhnələşdirmə və quruluşu Əməkdar artist, tanınmış aktyor və teatr vurğunu Vidadi Həsənov vermişdi.
Fərqli yozumu və baxış bucağı olan V.Həsənov “Yuğ” estetikası ilə klassik tamaşa modelinin maraqlı bir sintezini yaratmışdı. Bu oturuşmuş üslubda hakim müəllifin, əslində, demək istədiyini ümumiləşmiş, lakonik və təbii ki, görünməyən tərəflərdən, həm də çılpaq, real təqdim etmək idi. Məncə, rejissor müəllifin bu mənada illər əvvəl tanıdığı və tamaşaçılarla tanış etdiyi qəhrəmanları “Yuğ”un hücrəsinə ustalıqla “toplaya” bildi. Özü də bir ovuc aktyor, modulyasiyalı mizanlarla, ən müxtəlif dartınmalarla yox, sadə, həm də bir o qədər ağır mətləblər hasili ilə.
Hücrənin altında cəmi dörd real və bir virtual öz və söz vardı. Keçmişlə çarpışan, tənhalıq burulğanında sıxılmaqda az qala böyük səhvlər edib, hislərinin quluna çevrilə biləcək Yaşlı Kişi (Əməkdar artist Vidadi Həsənov), ona bu səhvlərdə “kömək” edən, əslində, onu həm də çox qısqanan ölmüş həyat yoldaşı Yaşlı Qadın (Əməkdar artist Sonaxanım Mikayılova), yaşlılığın acı həqiqətlərini və hər şey üçün əslində çoxdan gec olmanın gerçəyini hayqıran Gənc Oğlan (Amid Qasımov), gənclik təravətində və təbii eşq çılğınlığında ənginliklərə uçan Gənc Qız (Könül Cəfərzadə) və bütün bu situasiyalarda köməkçi, keçid missiyalı Virtual şəxs (Vüqar Hacıyev). Demək baxmağa və bu beşliyin bəlkə də yazıçının beş əsərini, elə bir o qədər sayda da qəhrəmanının uzun romanlarda, fərqli quruluşlu tamaşalarda deyib göstərdiklərini bir saata sığışan zaman bölgüsündə görməyə dəyər.
Tamaşanın tərtibatından başlasaq (quruluşçu rəssam Umay Həsənova) onu dörd sütunun arasındakı yaradıcılıq tapıntısı da saya bilərik. Belə ki, yığın-yığın məişət əşyalarının boş qutularından ibarət bir ev. Hər tərəfdən əslində hər zaman boşluqdayıq, elə həm də hər şey böyük bir boşdur kimi həqiqətlər çığırmaqdadır. Amma bu səssiz qışqır-bağırın səsini kəsən qüvvə var: evin lap yuxarı başında, televizor qutusunun qarşısında oturan Yaşlı Kişi. Virtual şəxsin boş televizor qutusunun tamaşaçısına musiqi hədiyyəsi - “Şükriyyəm” mahnısını dinləyir. Virtual ifaçını həm də görürük. Qutudan aralanıb Kişinin yanına gəlməsi, ona toxunması, ittiham edirmiş kimi halı ilə. O, bununla Kişini oturduğu yerdən qalxmağa, içini çölündə büruzə verməyə vadar edir. Hər an əlini pencəyinin qopduğunu zənn etdiyi düyməsində gəzdirən, sanki o natamamlıq görünüşündə bütünlükdə özünü axtaran yaşlı və miskin kişi Əfəndiyevin məşhur Həsənzadəsinin bu hücrəyə sığdırılan halı idi. Bu forma inandırıcı olduğu qədər də təhlükəli idi. Sanki kişi hər zaman ölmüş arvadına və onunla bağlı keçmişinə xəyanət edəcəkdi. İllərlə sevdiyi, sevərək evləndiyi və ölümü ilə illərlə barışmadığı Yaşlı Qadınına, Xurşuduna. Əslində, etdi də. Özü də bu ruhsal xəyanətə onu çəkən elə Yaşlı Qadındır. O, tənha qoyduğu ərinə “Sən cavansan, artıq dünya dəyişib, heç nə üçün gec deyil, elə əsl sevgi üçün də. Başqalarının fikri önəmli deyil, sən necə istəyirsən elə yaşa. Mən səni tək qoyduğuma görə özümü bağışlaya bilmirəm. Əgər sən də məni tək qoyub getsəydin mütləq mən də bu addımı atardım” kimi təhrikçi cümlələr qurur. Məişət qayğıları, sevgi ifadəsi, qadın mərhəməti, qısqanclıq və sahiblənmə duyğusundan arınma rejissorun bu astana oyununda ən unikal ifadə vasitəsi idi.
Gənc qızı (dünənin Nargiləsini) sevginin gözəllikləri, Yaşlı Kişinin məhəbbətinin mükəmməlliyi, hədsiz romantizmi, saflığı ilə “şirnikləndirən” Yaşlı Qadın həm də ərini qısqanır. Daha doğrusu, onu qorumağa da çalışır. Bu təzadlı sahiblənmə duyğusunun qopma anı da maraqlı idi. Gənc Qızın ərinə xitablarına, kişinin də qızcığazın çılğın arzuları, şaqraq gülüşləri, fədakar planlarına uyması, bəzən bu arzularla qanadlanması Yaşlı Qadının bir anda özünü yetirməsi, həm də Gənc Oğlanı (Rəşid, və ya elə Həsənzadənin keçmişində qalan şaqraqlığı, çılğınlığı) ortaya atması ilə yarıda qırılırdı.
Beləcə, hamı, hətta Virtual şəxs də yazıq Kişini bir oyuncağa çevirir. Ona gah gənclik ehtirası, əbədi səadət, gələcək günlərin şirin məhəbbət sovqatını, gah da miskin, yaşlı və əslində hər şey üçün sadəcə keçmişdə qaldı həqiqətini sadalayırlar.
Bütün bunlar, təbii ki, korşalmış duyğulu Kişini sıxır, incidir, yorur. O, daim nə isə düşünür, uzaq-yaxın xəyallar arasında qan-tər olacaq qədər döyüşür, bütün hücumlara qarşı qalxan qurşanır. Amma həm də reallığını kənara atmır. Daim təkrar edir: “Gecdir, çox gec...” Həqiqətən də, onun üçün hər şey keçmişdədir. O, artıq yaşlı, tənha və miskin bir qocadır.
Bir pencəyi və özü olan Yaşlı Kişi üzərinə yüyürən gerçəklərdən qaçdıqca, əslində, həm də xəyal etdiyi və uydurmuş olduğu Gənc Qıza vurulur da. Onun şirin vədlərinə inanaraq qocalığını, yolun sonuna yaxınlaşdığını inkar etmək istəsə də, mümkün olmur. Evinə məktubla gələn, daha doğrusu, göndərilən Gənc Qız onu heç cür xoşbəxt edə bilmir. Onun sevgisi əksinə Yaşlı Kişinin tərəddüdlərini artırır və onu qorxu burulğanına sürükləyir. Sonda o öz tənhalığından da bezir və qutulaşmış dünyasını tərk edir.
O, artıq çox rahatdır, həm də məmnun. Deyəsən, hər şey üçün gec olmanı özünə və ətrafına əməllicə qəbul etdirə bilib. Beləcə, missiyası sona yetir və o yox olur. Həm də əslində, qol düyməsinin də yerində olduğunun qərib sevincində. Daha doğrusu, tənha qaldığı evi, məişət əşyaları qutuları səliqə ilə yığılaraq onu xatirələrin, keçmişin o tayında qoyur. Demək, görünməzlik, itib-batmaq ən yaxşı çıxış yoludur. Yaxşı ki Gənc Qızın vədlərinə inanmır və tənhalığında, qutuların o üzündə qalır. Çünki bu üzdə Gənc Qız zivədən rəngli-rəngli, gənclik arzulu paltarlar asır. Sabahdan böyük arzular, sevgilər, yaşam gözləyir. O, sevincli, bir az da rahatdır. Demək qurtuluşunda xoşbəxtdir. Lap Yaşlı Kişi kimi...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 20
avqust.- S. 6.