Dəyişməyən
adam - Rəşad Məcid
Avqustun 21-i tanınmış
yazıçı-jurnalist, “525-ci qəzet”in baş
redaktoru, AYB-nin gənclərlə
iş üzrə katibi,
ölkəmizdə yeddidən yetmiş
yeddiyə hamının tanıdığı, sevdiyi, hörmət etdiyi
Rəşad Məcidin 50 yaşı tamam olur.
Hörmətli Rəşad müəllim! Bilirəm, 50 yaşın tamamında saysız-hesabsız dostlarınız, tanışlarınız, qələm dostlarınız barənizdə xoş sözlər deyəcək, unudulmaz xatirələr söyləyəcək, şair dostlarınızdan kimsə, Allah bilir, inişildən yazıb ehtiyatda saxladığı şeiri axır ki, oxumağa fürsət tapacaq, imkanı olanlar hədiyyə-filan da gətirəcək. 50 yaşınızda kim nə istəyirsə eləsin, ürəyinizin geniş olduğunu onsuz da hamı bilir.
Mənsə Sizinlə bağlı öz xatirələrimi danışacam, o xatirələri ki, siz o xatirələri çoxdan unutmusunuz.
... İlk dəfə 93-cü ildə görmüşəm Sizi. 21 il əvvəl - həyat məmləkətimizi sınağa çəkdiyi o ağır illərdə... Yerindən-yurdundan didərgin düşmüş insanlar Bakı adlı küləkli şəhərdə özlərinə sığınacaq, yuva, heç olmasa ümid axtardıqları vaxtlarda... O çaşqınlıqda didərginlərin keçmişi, kimliyi heç kəsə gərək deyildi. Hamının bir adı vardı: “qaçqın!”. Deyəsən ən ağırı da elə bu idi, bu ad idi. Nə yazıq ki, biz də o adı daşıyırdıq.
Jurnalistika fakültəsinin üçüncü kursunda oxuyurdum. İş axtarırdım. Bir gün atam "Azərmətbuatyayım"da işləyən, bir tərəfi də laçınlı olan, Rəşad adlı bir adamın yanına gedəcəyimizi dedi. Getdik. O görüşdə atamla nə danışdınız, nədən danışdınız yadımda deyil, yadımda qalan odur ki, müəllim atam onu hörmətlə qarşılayan, hörmətlə yola salan Rəşad Məcidi ömrünün sonunacan unutmadı...
Bir də o yadımdadır ki, bizə bağışladığınız “Hələ ki, vaxt var...” kitabı qaçqın yuvamızın ilk kitablarından biri, bəlkə də birincisi oldu. Bu kitabı oxuduqca elə bil bizə təsəlli verirdi: darıxmayın, sıxılmayın, dünyanın axırı deyil ki, hələ vaxt var...
Sizinlə görüşün nəticəsi isə o oldu ki, məni “525-ci qəzet”də işə götürdünüz.
İcazə verin, 21 ildən sonra olsa belə o ağır, qaranlıq, ümidsiz illərdə atamın ümidlərini qırmadığınıza görə Sizə öz təşəkkürümü bildirim!
Bu dediklərim hekayə, nağıl yox, həqiqətdi, bugünün gəncləri! Rəşad Məcid birdən-birə böyümədi. O, gənc olanda da böyük idi, bu böyüklük gec-tez onu böyüdəcəkdi, o, insanların sevgisini, hörmətini, inamını, etibarını qazanacaqdı, qazandı da!
Sonralar çox qəzetlərdə işlədim, amma “525-ci qəzet” həmişə güvəndiyim, sevdiyim, oxuduğum doğma qəzetim olaraq qaldı.
Və illər sonra əmin oldum ki, “525-ci qəzet” əslində Rəşad Məcidin özüdür. Çünki “525-ci qəzet”in qapıları heç vaxt heç kimin üzünə bağlanmadı. Bu qəzetdən keçmişə hörmət, gələcəyə ümid boylandı. Tanınmış imzalarla yanaşı, heç kimin tanımadığı yeni nəsillərin imzası bu qəzetdən pərvazlandı. Müstəqillik dövrünün mətbuat tarixində “525-ci qəzet” beş qəzetdən biri oldu, məktəb, salnamə yaratdı bu gün də, sabah da belə olacaq.
Rəşad Məcidin yaratdığı və yaşatdığı qəzetin ən böyük missiyalarından biri də o dövrlərdə meydanı daralan, bir küncə sıxışdırılan ədəbiyyatı yenidən gündəmə gətirmək, qorumaq, yaşatmaq oldu. Mənə elə gəlir ki, ədəbiyyat qarşısındakı təkcə bu xidmətinə görə Rəşad Məcid AYB-də ən hörmətli yerlərdən birini tutmağa layiq idi. Uzaqgörən Anar çoxlarının illər sonra gördüyünü illər öncə gördü, Rəşad Məcid AYB-nin gənclər üzrə katibi seçildi. O, qısa vaxtda “Gənc ədiblər məktəbi”ni yaratdı. Məktəb yaratmaq hər kəsə nəsib olmur, o bunu da bacardı. Çünki Rəşad Məcid başladığı bütün işləri sona çatdırmağı bacaran adamdı.
Özünə güvənən, əmin-arxayın gəzib dolanan, deyən-gülən Rəşad Məcid istəyəndə şeir, istəyəndə hekayə, istəyəndə araşdırma, istəyəndə siyasi-analitik, istəyəndə yol qeydləri yazır. Hamısı da fərqli, oxunaqlı, yaddaqalan.
“Hələ ki, vaxt var...” onun ilk şeirlər kitabıdır. Sonralar şeirdən uzaqlaşdı, uzun illərdən sonra yeni şeirlərini “Roman” adı altında çap etdirdi. Və bununla şair doğulduğunu, istedadlı, təbli olduğunu bir daha sübut etdi.
Yazıçılığı da bambaşqadır Rəşad Məcidin. Günlərin birində “On sentyabr”ı yazdı. Bu hekayə ədəbi mühiti silkələdi. Hekayə
haqqında Elçin,
Anar, Seyran Səxavət, Ramiz Rövşən və neçə-neçə qiymətli
söz adamları qiymətli sözlər dedi. Amma mən bu hekayə ilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö
Jordan həkimi-nəbatat və
dərviş Məstəli
şah cadükuni-məşhur”
komediyası arasında
qəribə qan qohumluğu gördüm və bu hekayəni
milli kodun daşıyıcısı kimi
sevdim.
“Cəhənnəm dərəsi”
isə boş qalan kəndlərimiz haqqında gerçək həyat lövhəsidir. Tənqidçilər
bu hekayəni oxuyub müəllifinə təxminən belə deyərdilər: bu hekayədən sonra mütləq romana keçməlisən...
Rəşad Məcid öz fikri olan adamdı. Romana keçmədi,
həyatı roman kimi
yaşamağa çalışdı.
Bu romanın qəhrəmanı
yazağzı Ağdamdakı
dördmərtəbəli binanın
ikinci mərtəbəsindən
baxan, 50 yaşın astanasında “Dəlicəsinə”
kitabı ilə hamını heyrətləndirən
həmin oğlandır...
Bu yerdə tanıdığımız,
əslində, çox
az tanıdığımız
Rəşad Məcid haqqında daha bir xatirə danışacam.
2012-ci ilin soyuq fevral günlərində Türkiyənin Elazığ
şəhərində “Elazığ-Bakı
mədəniyyət və
sənət görüşü”
keçirilirdi. Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı
Anar başda olmaqla böyük nümayəndə heyəti
Azərbaycanı təmsil
edirdi. Tədbirlərdən biri Elazığdakı
Kiçik Xəzər
deyilən yerdə keçirildi. Bu yerdə
mütləq deməliyəm
ki, mühacir şairimiz Almas
İldırım ömrünün
19 ilini Elazığda
yaşayıb, bu torpaq həsrət şairinin ikinci vətəni olub. Almas İldırım
Vətən həsrəti
qəlbinə çökəndə
bu adsız gölcüyə baxıb
sahilində doğulduğu
Xəzəri xatırlayarmış.
Bir gün böyük Atatürkə məktub yazıb dərdləşdiyi
bu adsız gölə Xəzər adı verməsini rica edir. Atatürk də Atatürkdür, şairin arzusunu yerinə yetirir. Adsız göl o gündən Kiçik Xəzər adlandırılır. Bax bu tarixi yerdə - buz donmuş gölcüyün sahilindəki
balaca hücrədə
şeir şöləni
şölələnir, isti
şeirlər qarı-buzu
əridib başqa bir ovqat yaradırdı.
Söz Rəşad
Məcidə verildi. Auditoriyanı bir anda əla
almağı bacaran Rəşad Məcid o gün “Xilaskarım!” şeirini deyirdi.
Sən
- dərdin qənimi!
Sən
- qüssənin cəlladı!
Sən
- ağrıların keyidicisi!
Sən gerçək - yalan
artan, çoxalan
yüzə - minə
vurulan
bəd xəbərlərin
qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
Və hamı
nəfəsini içinə
çəkib şeirin
sonunu, şairin xilaskarını gözləyirdi.
Bu şeirdə mənim sənə
təşəkkürüm sədaqətim!
Tütünüm!
Nikatinim!
Tüstüm!
Siqaretim!
Hamının gözlədiyi olmadı, şeir gözlənilməz
sonluqla bitdi. Təbəssüm
qarışıq alqışlar
uzun müddət kəsilmədi...
Rəşad Məcidi yaxından tanıyanlar onu da bilirlər ki, o, mayası yaxşılıqdan yoğurulan,
səmimiyyəti, şirin
zarafatları ilə hər kəsin könlünü açan,
düşmənə belə
barış əlini uzatmağı bacaran qənimət adamdı.
Onu özündən çıxarmaq çox çətindir, ən çətin vəziyyətdə gülümsəyir, başqalarının sevincinə on qat artıq sevinir, vaxtın içində vaxt tapıb çağırılan tədbirlərə, dost-tanış məclislərinə gedir, heç yerə tələsmir, heç yerə gecikmir, o sadəcə öz yolu ilə gedir.
Bu yol onu 50 yaşın tamamına gətirib çıxardı. Yubileyinə ən qiymətli hədiyyə yenə də Yaradandan gəldi. Yenicə dünyaya gəlmiş nəvəsi Mehin ömrün qızıl ortağında ona baba olmağın dadını yaşatdı.
Əzizimiz Rəşad müəllim! Çox sevdiyim rəssam Salvador Dalinin “Əriyən saatlar” adlı əsəri var. Mənası təxminən belədir: vaxt heç nəyi əridə bilmir, əvəzində özü əriyir. Bu mənada vaxt nə daxilən, nə zahirən şair, yazıçı, redaktor Rəşad Məcidi dəyişdirə bilmədi. Qarşıdakı 50 ildə də dəyişməyin, necə varsınızsa, eləcə də qalın, necə istəyirsinizsə, o cür də yaşayın, necə istəyirsinizsə, o cür də yazın, “525-ci qəzet”i necə istəyirsinizə, o cür də çap etdirin. Əlinizin üstündə xeyirxah əl olacağına, sınaqlardan üzüağ çıxacağınıza, qarşılığını gözləmədən etdiyiniz yaxşılıqların, xeyirxahlıqların yolunuza düzüləcəyinə inanın. Eynən roman qəhrəmanları kimi...
Təranə Vahid
Mədəniyyət.- 2014.- 20
avqust.- S. 5.
---------------------------
Redaksiyadan:
Hörmətli həmkarımız və dostumuz Rəşad Məcid, Sizi qəzetimizin kollektivi adından 50 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.