Böyük Azərbaycan musiqiçisi Müslüm Maqomayevin xatirəsi anılıb

 

Avqustun 17-də Fəxri xiyabanda görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə həsr olunub.

 

Dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anma mərasimində Xalq artisti Eldar Quliyev böyük musiqiçi Müslüm Maqomayevin şərəfli ömür yolundan və bənzərsiz zəngin yaradıcılığından söz açıb. O, qeyd edib ki, böyük istedad sahibi olan M.Maqomayev mənalı həyat və sənət yolu keçib: “Müslüm yaxşı dost və gözəl insan idi. Vətəni Azərbaycanı çox sevirdi. “Əlvida, Bakı” mahnısını öz sevimli şəhərinə həsr etmişdi”.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Müslüm Maqomayevin bənzərsiz və zəngin yaradıcılığından, fitri istedadından danışıblar.

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya tədbirin iştirakçılarına minnətdarlığını bildirərək vurğulayıb ki, Müslüm Maqomayevin xatirəsi böyük musiqiçinin pərəstişkarlarının qəlbində əbədi yaşayacaq.

 

* * *

Müslüm Maqomayevin musiqisi onun qəlbinin və daxili aləminin aynasıdır. O, çox xeyirxah ziyalı və alicənab insan idi”. Bu sözləri Fəxri xiyabanda jurnalistlərə müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya deyib.

O, qeyd edib ki, musiqi dünyasında silinməz izlər qoymuş böyük müğənnidən danışmaqla qurtarmaz: “Müğənninin daxili aləmini görmək üçün onun mahnılarını dinləmək lazımdır. Müslüm qəlbindəkiləri öz yaradıcılığı vasitəsilə insanlarla paylaşırdı”.

 

* * *

Görkəmli Azərbaycan musiqiçisinin xatirəsi Moskvada da anılıb. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Müslüm Maqomayev adına Fondun təmsilçiləri, musiqisevərlər və ziyalılar ölməz sənətkarın Moskvadakı səfirliyimizin yaxınlığında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklillər və tər çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər dahi azərbaycanlı ifaçının həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2014.- 20 avqust.- S. 3.