Ağdamda arxeoloji abidə
aşkarlanıb
Ərazidə geniş araşdırmalar aparılacaq
Ağdamın
Yuxarı Yüzbaşılı kəndi ərazisində
eramızdan əvvəl XII-XI yüzilliyə aid
nekropol aşkarlanıb. Altı qəbirdən
ibarət olan abidədə həmin dövrün mədəniyyətini öyrənməyə
imkan verən nümunələr müəyyən
edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq son 100 ildə aparılan araşdırmalar siyahısında nadir tapıntı hesab oluna bilər.
Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü əlamətlərə malik olmayan qədim qəbiristanlıq mövcuddur. Qəbirlərin coğrafiyasına və tapılan nümunələrə əsasən, buranın qədim və inkişaf etmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.
Nekropol ərazidəki Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi tanınan qədim yaşayış məskənlərinin əhatəsindədir və Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf mərhələsinə aiddir. Tapıntılar həmin dövrün adət-ənənələrini, yaşayış tərzini daha yaxından öyrənməyə imkan verəcək.
Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki, yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar davam etdiriləcək.
Bundan başqa, Ağdamın cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda da qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.
Qeyd edək ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilib.
Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdə 10-a qədər müxtəlif tip keramika nümunələri - küpə, kuzə, sərnic, cam və s. var. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.
Tapıntılar nekropolda
müxtəlif sosial təbəqədən
olan insanların dəfn olunduğunu,
qazıntı aparılan ərazidə son
tunc və ilk dəmir
dövründə davamlı yaşayış olduğunu,
sənətkarlığın müxtəlif sahələrinin,
dulusçuluğun inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə
etdiyini göstərir. Arxeoloji
tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcək.
Mədəniyyət.- 2014.- 20
avqust.- S. 2.