Metalişləmə
sənəti
“XVI-XVII əsrlərdə Azərbaycanın böyük şəhərlərində metalişləmə mühüm bir inkişaf yolu keçərək özünəməxsus çalarlar qazanıb”
Azərbaycan təbiəti
qədim zamanlardan əlvan metal,
xüsusilə də dəmir filizi
yataqları ilə zəngin olub. Bu da ölkəmizdə
metalişləmə sənətinin meydana
gəlməsi və inkişafında mühüm
rol oynayıb. Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix
üzrə fəlsəfə doktoru Rəsul
Mehdixanovla söhbətimizdə bu sənətin inkişaf
istiqamətlərinə toxunduq.
- Rəsul müəllim, Azərbaycanda qədim dövrlərdən metalişləmə sənətinə böyük maraq olub. Bu sənət sahəsinə maraq haradan qaynaqlanır?
- Azərbaycan torpağının əlvan metallarla zəngin olması qədim zamanlardan insanlara məlum olub. Bu da ölkəmizdə metalişləmə sənətinin inkişafına böyük maraq yaradıb. Ötən yüzilliyin əvvəllərinə kimi Azərbaycanda metalişləmə sənətkarlığı üç istiqamətdə geniş inkişaf edib. Bunlar əsasən dəmirçilik, misgərlik və zərgərlik sənəti olub. Bu sənət sahələri də öz-özlüyündə ölkənin bədii metal yaradıcılığının inkişafında böyük rol oynayıb.
Tarixi mənbələrdə bu haqda zəngin və maraqlı məlumatlar var. Məsələn, alban tarixçisi Moisey Kalankatuklu yazır ki, “Azərbaycan ərazisindən Kür adlı bir çay axır. Çayda xeyli müxtəlif adda balıqlar üzür... Dağları əlvan metallarla zəngindir. Burada qızıl, gümüş, mis və sarı boyaq çıxarılır...” Son dövrlər respublikamızın Mingəçevir, Gədəbəy, Naxçıvan, Gəncə şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri bu faktları bir daha təsdiq edib. Bütün bunlar həm də əldə edilən qab-qacaq, silah və bəzək - zinət əşyalarını düzəldən sənətkarlar haqqında dəyərli mənbədir.
Azərbaycanda metalişləmənin inkişafının müəyyən bir mərhələsi misin tapılması ilə bağlıdır. Məlumdur ki, mis eneolit dövründə tapılıb və bundan sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi və ictimai-mədəni həyatında mühüm rol oynayıb. Belə ki, insanlar eradan əvvəl II minillikdə tuncdan müxtəlif formalı xəncər, balta, bel kəməri və s. zinət əşyaları hazırlayıblar. Əldə edilən tunc məişət əşyaları öz işlənmə və orijinal formada olmasına baxmayaraq, bəzəksiz olub. Qədim dövr sənət abidələrimiz arasında öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edənləri isə kəmərlərdir. Xüsusilə, Qarabağ, Gədəbəy və Qazax bölgələrindən əldə edilən tunc kəmərlər üzərindəki zoomorf rəsmlər diqqəti cəlb edir. Orada təsvir edilən geyim, silah və məişət əşyalarının oxşarına yunan tarixçisi Strabonun Qafqaz əhalisi barədə verdiyi məlumatlarda da rast gəlinib.
- Qeyd etdiniz ki, ölkəmizdə metalişləmə sənəti müəyyən bir inkişaf yolu keçib. Bu sənətin çiçəklənməsi hansı dövrlərə təsadüf edir?
- El sənəti tarixində ən zəngin dövr orta əsrlər hesab olunur. Çünki bu dövrdə düzəldilən məişət əşyaları, xüsusilə qab-qacaqlar çox maraqlıdır. Mingəçevir şəhəri ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan həmin dövrə aid məişət əşyaları hal-hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Həmin qablar arasında gümüşdən düzəldilən nimçə öz naxış və forması ilə diqqəti cəlb edir... Onu da deyim ki, vaxtilə Dağıstanda aparılan arxeoloji qazıntılar zamanı əldə edilən, hal-hazırda Sankt-Peterburq şəhərinin Ermitaj muzeyində nümayiş olunan bürünc məcməyi də bu qəbildəndir. Üzərində döymə üsulla gül, çiçək və budaq rəsmləri baxanları heyran edir. Sənətin solmayan izləri öz üslub xüsusiyyətinə görə mütəxəssislər tərəfindən VI-VII əsrlərə aid edilib.
- Orta əsrlərdə Azərbaycan sənətkarları metaldan daha nələr hazırlayıblar?
- Düzdür, orta əsrlərdə azərbaycanlı sənətkarlar tərəfindən təkcə məişət əşyaları yox, həm də zərif zinət əşyaları da hazırlanıb. Vaxtilə Qəbələ, Naxçıvan və Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı xeyli gümüş kəmər, üzük və s. zərgərlik məmulatları aşkar edilib. Bütün bunlar orta əsrlərdə ölkəmizdə bu sənətin yüksək səviyyədə olduğundan xəbər verib. Həmin zərgərlik nümunələri üzərindəki bəzək ünsürləri: aypara, beşguşəli ulduz və s. motivlər indi də sənətkarlarımız tərəfindən maraqla qarşılanır.
Onu da deyim ki, orta əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərləri metalişləmə sənətkarlığının mərkəzi hesab olunub. Arxeoloji qazıntılar zamanı bu yerlərdən əldə edilən sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan tapılan bürünc quş fiqurları və hazırda Parisin Luvr muzeyində saxlanılan Osman Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır.
Bütün bunlar onu göstərir ki, o dövrdə məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilib. XIII əsrin II yarısında Azərbaycanda olan məşhur İtaliya səyyahı Marko Polo Təbriz şəhərinin abadlığından, müxtəlif sənətkarlıq sahələrinin inkişafında rolundan danışıb. Bu gün də dünyanın bir çox muzeylərində Təbrizdə yaradılan xeyli bədii metal sənət nümunələri nümayiş olunur. Bunlar 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilən və hazırda Londonda Viktoriya və Albert muzeyində nümayiş etdirilən bədii kasa, Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tunc tiyandır.
- Sənətkarlarımızın əl işlərinin bir çox ölkələrə yayılması nə ilə bağlı idi?
- Məlumdur ki, XVI-XVII əsrlərdə Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərində sənətkarlıq mühüm bir inkişaf yolu keçərək özünəməxsus çalarlar qazanıb. Eyni zamanda metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək dəbdə olub. Bu səbəbdən də Azərbaycanda düzəldilən silahlar (xəncər, qılınc, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə Avropa ölkələrində geniş şöhrət tapıb.
Onu da qeyd edək ki, rus mənbələrində Şamaxıda düzəldilən silahların adlarına tez-tez təsadüf edilir. Kremlin silah palatasında XIV əsrə aid bir qalxan saxlanılır. Deyilənə görə, rus çarı M.F.Romanovun müharibə vaxtı götürdüyü silahlardan olub. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olub. O, 1622-ci ildə ölüb və qalxan daimi olaraq rus çarlarının xəzinəsinə verilib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 22
avqust.- S. 15.