Yaşlı qadının gənc “oyuncağı”

 

ya “Qadın oyunları”nın növbəti qurbanı

 

Yaşlanmaq qorxusu, gözəllik və təravətini itirmək, təsvirini az qala gündə 100 dəfə aynasız təsəvvür edib qocalıq həyəcanını keçirmək yaşı 50-ni keçmiş bütün qadınların ruhi vəziyyətidir. Xüsusən də səhnədə, sənətdə olan, parıltılı həyat yaşayan, şan-şöhrətdən doymayan, özünü daim ən uca zirvələrdə, lap əlçatmaz ulduzların yanında hiss edən qadınların.

 

Daim iltifatlar, başgicəlləndirən eşq elanları, dəstə-dəstə güllər, tükənməyən ərməğanlar, qulaqbatıran alqışlar və... tənhalıq. Bax bu acı sonluq ən qorxulu yuxu kimi onun da rahatlığını pozmuşdu. Daha doğrusu, həyatdan, insanlardan küsməsinə, öz hücrəsinə çəkilib zəhlətökən qoca qarıya çevrilməsinə səbəb olmuşdu.

O, bu qarının səhnədən enişinin sönük “parıltı”sını əsl səhnə fədaisi, sənət aşiqiteatr vurğunu kimi ustalıqla ifa etdi. Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsi bir ustadın oyunu ilə lərzəyə gəldi. Daim gənc və təravətli qala bilən bənzərsiz aktrisa keçmişlərin əlçatmaz müğənni və aktrisası, bu günün ifrat deyingən və ərkəsöyün qarısını özü bildiyihiss etdiyi kimi oynadı.

Xalq artisti Amaliya Pənahovanın bu oyunu onun teatrda keçən yarım əsrinin heç də hədər getmədiyini bir daha, özü də yüksək səslə dedi.

Tamaşaya məşhur polşalı teatrkino xadimi, rejissor Kşiştof (Krzysztof) Zanussi quruluş vermişdi. Məncə, təkcə bu adonun sahibinin sənət tərcümeyi-halına baxmadan da tamaşanın əslində hansı səviyyədə olduğunu ifadə edir. Unikal rejissor traktovkalı Zanussinin bu quruluşu A.Pənahovanın benefisi kimi milli teatrımız üçün səhnə hadisəsi idi.

Kşiştof ZanussiEdvard Jebrovskinin pyesi əsasında hazırlan tamaşa məşhur aktrisa Marlen Ditrixin həyatından bəhs edir. Aktrisanın yaşlı vaxtına, onunla çalışmaq istəyənlərlə münasibətlərinə və giley-güzarlarına həsr olunan nümunə bundan əvvəl bir çox ölkələrdə ulduz aktrisaların ifasında səhnəyə qoyulub. Pulun insanı alçalda biləcəyi ən ağır məqamları bir ifritə qarının simasında təqdim edən tamaşada insan faktoru, onun psixi durumubütün bu naxoş vəziyyətlərə sadəcə məhdud maraqlar ucbatından tablaşması fərqli mizanlarla göstərilir.

Rus dilindən Amaliya xanımın şəxsi tərcüməsində verilən pyesə quruluş, usta yanaşma rejissorun istedad və yüksək peşəkarlığını bir daha göstərmiş oldu. Dilimizdə bir kəlmə belə bilməyən rejissor yaşlı və miskin qadının az qala hər dəqiqə dəyişən əhvalını, gənc oğlanın fitnə-fəsadını, yaşlı xidmətçinin zavallı uydurmalarını, dərin psixoloji sarsıntılar keçirən tibb bacısının ağır ifadə vasitələrini sanki sözbəsöz anlamış, duymuş və aktyorların manevrlərini ona uyğunlaşdıra bilmişdi.

Aktyorlar isə dahi rejissorla işin məmnunluq və yəqin hələ uzun müddət onları tərk etməyəcək həyəcanında idilər.

Elə buxeyli muddətdi səhnədə görmədikləri Amaliya xanımla tərəf-müqabil olmaq aktyorları bir az həyəcanlandırmışdı. Çöhrələrdən aydın hiss olunan hal tamaşanın ilk hissəsinin sonlarında tam dağıldı.

Əməkdar artist Səmayə Sadıqova, həmçinin istedadlı aktyorlar Tural Ağayev və Zülfiyyə Məmmədovanın oyunu Amaliya xanımın ifasının kölgəsində qalmadı, onların hər birini tamaşada vacib element, daha doğrusu, aparıcı qüvvə kimi göstərdi. Səhnə əsərində müasir dünya teatrının estetikası klassik ənənələrlə əlaqədə təqdim olunmuşdu. Tamaşaçı məşhur aktrisanın yaşadığı dövrə, onun yaşam tərzinə, əxlaq meyarları, sosial münasibətlər kodeksinə nüfuz etdikcə bu günlə rabitəni də unutmur. Beləcə, əslində insan münasibətlərinin bütün zamanlar, insanlar və onların yaşadığı cəmiyyətlər üçün aktual olduğu hiss olundu.

Zaman və məkan fərqli olsa da varlı olan əzən, aşağılayan, kasıb isə hər vəchlə şəraitə uyğunlaşma mücadiləsi verəndir. İnsan münasibətlərindəki bu natamamlıqda ifritləşmiş qarını, dünənin parlaq ulduzunun hələ də sönməyən hikkəsini özünə qapanma, dərin psixoloji sarsıntı ilə kompleksləşdirən rejissor bununla həm də Marlenə (Amaliya Pənahova) haqq qazandırırdı. Onu da deyim ki, bu əsaslandırılmış müdafiədə aktrisanın insanlardan qaçışına da qəribə haqq qazandırılmışdı: Sadə insanlar və jurnalistlər məşhurların şəxsi həyatına soxulur və onların rahatlığını əlindən alır. Buna görə də məşhurlar da öz hücrələrinə çəkilib gizlənməyə məhkumdurlar. Rejissor əsas qəhrəmanın simasında bu gizlənqaç oyununda hər zaman uduzan tərəfinin məhz qaçan, tapılmaq istəməyən olduğunu da maraqlı bir yozumda izah edir. Dolayısıyla ismarış da verir: İnsan tənha olanda özünə nifrəti artır.

Bu kimi təzadlı və həm də çox real həqiqətləri birləşdirən ikihissəli tamaşanın “Əlçatmaz” adlanan ilk hissəsində aktrisa və müğənni Marlenin şöhrət zirvəsi və bu ucalıqdakı başgicəllənmədən yaranan ərkəsöyünlükləri əsas məqam kimi qabardılır. Səhnəyə sarı uzunçox cazibədar yataq geyimində daxil olan aktrisa qəhrəmanının özünəvurğunluğunu ustalıqla şərh edirdi. Hamı hələ də uzaq keçmişdə qalan aktrisaya gah gülür, gah acıyır, gah da sadəcə nifrət edirdi. Aktrisa bütün tamaşa boyu onu izləyənlərə bu üç halı elə rabitəli təqdim etdi ki, sonda sanki hər kəs ona haqq da qazandırmış oldu. Qəhrəmanını sevdiyinionu sevərək təqdim etdiyini bu oyununda da təsdiqləyən Amaliya xanım, sanki o qadını daha çox duyur və elə məhz özünün anladığı tərəfdən anlaşılmasını istəyirdi.

Səhnədə qurulan dəbdəbəli, hər detalından şöhrətpərəstlik yağanulduz evi” gözlənilməyən qonağın zühuru ilə tam ayrı ab-havaya kökləndi. Üst-başı al-qana bulaşmış Gənc (Tural Ağayev) aktrisanın otağına soxulur. Həyəcanlı və bir az ürkmüş halda zəng etmək üçün telefon lazım olduğunu deyir.

Bu sözləri deyərkən o, həddindən artıq çaşqın və narahatdır. Dili tez-tez topuq vurur, özünə yer tapa bilmir, sanki yalanının üzə çıxacağından qorxur. Təbii, illərin oyunçusu gənc reportyorun bu “həvəskar aktyorluğunuilk andan hiss edir. Dəfələrlə ona zəng edib müsahibə götürmək istəyən, buna görə durmadan israrlar edən gəncin bu cəhdini anlayır da.

Beləcə, qadının qurduğu oyun başlayır. Səbəb və nəticəsini öncədən bilən, onun üçün həyat təcrübəsinin süzgəcindən çoxdan keçirilən, bu qısa, fraqmental xarakter daşıyan Gəncin kələyi Qadına görə sadəcə əyləncədir, ciddiyə almadığı oyundur.

Oyunun qaydaları Qadın üçün keçərli deyil. Ona görə də zavallı Gənci 45 dəqiqəlik xoşbəxt olmaqdan məhrum etmir.

“Xeyriyyə, əvvəlcədən ödəniş” adlanan II hissədə A.Pənahova daha çox gənc, gözəl qadının əksini - yaşlı və xəstə halını yaradır. Xəstə qadın ona səhərəcən qulluq edəcək tibb bacısı axtarır. Çunki tibb bacıları onun varlığına iki gün dözməyib qaçırlar. O yeni tibb bacısını - “qurban”ını da qəbul edir. Əsəbləri yerində olmayan, hər vəchlə bunu gizlətsə də sarsıntıları üzündən oxunan Milena (Zülfiyyə Məmmədova) aktrisanın gözündən yayınmır.

Qoca ulduzun sadiq və deyingən xidmətçisi Florentina (Əməkdar artist Səmayə Sadıqova) da öz yerindədir. Guya kar olan sadiq, sahibindən də dərin bicliyi olan qoca tamaşanın rejissor tərəfindən incəliklə işlənən mizanlarından idi.

İkinci hissənin Marleni kimdir? Səhnənin mərkəzində qurulan yataqdan demək olar ki, durmayan qarı A.Pənahovanın ifasında zamanında həyatın ən yaxşı anlarını yaşayan, varlı, zəngin, bu gün isə insanlarla ünsiyyətə ehtiyacı olan yaşlı qadındır. Bu qadın da aktrisanın ifasında avropalıdır. Lakin ümumi olan tənha qocalara məxsus psixoloji faktlardır ki, bunu anlamaq elə də çətin deyil. Yazıq tibb bacısı Milena qarıdan bezgin olsa da məhkumiyyətini dəf edə bilmir. Bunu gözəl duyan qadın gənci özündən asılı etməyi bacarır və beləcə sonda oyun içindəki oyununu bitirir. Reportyorla başlayan oyun-oyuncaq gənc tibb bacısının məhkumiyyət oyunu ilə bitir.

Aktrisa yenə də qalib, yenə də hökmran və yenə də özüdür. Oyunundan çıxa bilməyən əbədi səhnə ampluasında...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 22 avqust.- S. 7.