Onu hamı Şurik
kimi tanıyırdı...
Rusiyanın Xalq artisti Aleksandr Demyanenko 1937-ci il mayın
30-da Sverdlovskda anadan olub. Atası Sergey Demyanenko Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş, bir müddət opera teatrında çalışmış,
sonra konservatoriyada müəllim işləmişdi.
Aleksandr dünyaya gələndən
sonra atası ikinci dəfə ailə həyatı qurur. İkinci nikahdan oğlu
Volodya və qızı Nadya dünyaya gəlir. Bir müddətdən sonra atası yenidən ailəsinin yanına qayıdır və Aleksandrın iki doğma bacısı da anadan olur.
Bu beş uşaq o qədər mehriban olurlar ki, onlarda ögeylik
hiss olunmur.
Bir müddət
sonra atası növbəti dəfə evlənir və ömrünün sonunadək
üçüncü arvadı
ilə yaşayır. Buna baxmayaraq, Aleksandr vaxtının çoxunu atasının yanında keçirir. Elə bu
səbəbdən də
teatra həvəsi yaranır. Mədəniyyət evinin nəzdində
teatr dərnəyinə
yazılır, həmçinin
musiqi məktəbində
fortepiano sinfində oxuyur.
1954-cü ildə Aleksandr
orta məktəbi bitirir. Sənət yolunu davam etdirmək istəyir, lakin teatr müsabiqəsindən
keçə bilmir.
Ona görə də sənədlərini Sverdlovsk Universitetinin
hüquq fakültəsinə
verir və qəbul olunur. Altı ay oxuduqdan sonra hiss edir ki, onun yeri
teatrdır. Növbəti
il Moskvaya
gedir və valideynlərinə teleqram
göndərir ki, artıq Moskva Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsidir.
Dərsə davamiyyəti pis
olsa da, yaxşı oxuyurdu. Müəllimi rejissor İosif
Rayevski tələbələri
arasında onun istedadını xüsusilə
qiymətləndirirdi. İkinci kursda oxuyanda rejissorlar A.Alov və V.Naumov onu “Külək” filmində Mitya roluna dəvət edirlər.
1959-cu ildə institutu bitirən Aleksandr Demyanenko V.Mayakovski adına Moskva
Dram Teatrında işləməyə
başlayır. Burada üç il
çalışsa da,
kino onu daha çox cəlb edirdi. 1961-ci ildə A.Alov
və V.Naumov onu yenidən çəkilişə çağırırlar.
Aleksandr
“Dünyaya yeni gələn üçün
sülh” filmində İvlev rolunu oynayır. II Dünya müharibəsinin
sonunda rus və amerikalı əsgərlərin hamilə
alman qadını xilas etməsindən bəhs edən film Venesiya və Brüssel festivallarında
mükafata layiq görülür.
Aktyor həmin il
daha iki ekran əsərində - “Dima Qorinin karyerası”
və “Böyük uşaqlar” filmlərində
rol alır. 1962-ci ildə Aleksandr
Moskvadan Leninqrada
(Sankt-Peterburq) köçür.
Çünki “Lenfilm” onu tez-tez filmlərə dəvət edirdi, ən əsası da bu şəhərdə
mənzillə təmin
edilir. “Lenfilm”də
“Boş reys” və “Dövlət əhəmiyyətli cinayətkar”
filmlərinə çəkilir,
getdikcə məşhurlaşmağa
başlayır. Məşhur rejissor Leonid Qaydayla görüşü isə
onun taleyində dəyişiklik edir.
L.Qaydayın “I əməliyyatı və
Şurikin başqa macəraları” filmində
baş rola 40-dək namizəd olsa da, onların heç birinin oyunu rejissorun ürəyincə deyildi. Bu vaxt Qaydayın tanışlarından biri
ona Sankt-Peterburqda güclü aktyorun olduğunu deyir. Rejissor işlərini ataraq qatarla Sankt-Peterburqa gedir, Aleksandrı görür və çox bəyənir.
Aleksandrın saçı həyatda
tünd rəngdə olsa da, filmə
uyğun olaraq onun saçlarını rəngləyirlər. O, Şurik
rolunu oynayanda çox da əziyyət
çəkmir, onda hər şey öz-özünə alınır.
1965-ci ildə ekranlara çıxan film ona böyük şöhrət gətirir.
Aktyor
1967-ci ildə Qaydayın
“Qafqaz əsiri və Şurikin yeni macəraları” kinokomediyasına, 1973-cü ildə
isə “İvan Vasilyeviç peşəsini
dəyişir” filminə
çəkilir. Bu üç
kinolent sovet komediya filmlərinin “qızıl fondu”na
daxil olur.
Şurik rolundan sonra Aleksandr Demyanenko demək olar ki, küçəyə çıxa bilmir, hamı ona Şurik
kimi yanaşır, zarafatlar edir, qulağını dartır,
eynəyini çıxarır. Bu isə təbiətcə ciddi olan Aleksandrın
heç xoşuna gəlmir. Getdikcə rejissorlar Aleksandrı
öz filmlərinə
dəvət etmir, onu çox vaxt epizodik rollarda
çəkirlər. Çünki hamı onu Şurik
kimi qəbul etmişdi. Buna görə də o, “Lenfilm”dən çıxıb
gedir. Həmin vaxtlarda teatr
və televiziya Aleksandrın köməyinə
çatır. O, bədii
və cizgi filmlərinin dublyajında
iştirak edir.
Şəxsi həyatına gəldikdə
isə, aktyor iki dəfə ailə həyatı qursa da, heç
bir nikahdan övladları olmayıb. Birinci həyat yoldaşı ilə teatr dərnəyində tanış olur. Onlar 16 il
birgə yaşadıqdan
sonra uşaqları olmadıqlarına görə
ayrılırlar. İkinci
dəfə isə “Lenfilm” studiyasında rejissor assistenti Lyudmila Akimovla ailə həyatı qurur və 24 il
birgə ömür sürürlər. Aleksandr Lyudmilanın
birinci nikahdan olan qızına öz qızı kimi baxır.
Ürəyinin xəstə olduğunu bilməyən aktyor
1996-cı ildə “Çiyələk”
serialına çəkilən
zaman gözündən
əməliyyat olunur. Həmin əməliyyat
zamanı gizli infarkt keçirsə də, bunu nə
həkimlər, nə
də özü bilir. Növbəti dəfə infarkt
keçirəndə həkimlər
bunun ikinci infarkt olduğunu üzə çıxarırlar.
Ürəyindən əməliyyat keçirilməsi
zəruri olsa da, yay olduğundan
həkimlər əməliyyatı
sentyabra saxlayırlar.
Lakin Aleksandr Demyanenkonun ürəyi həmin ilin istilərinə dözmür. 1999-cu ilin 22 avqustunda milyonlarla kinosevərin sevimli Şuriki vəfat edir.
O, son müsahibələrinin birində
deyib: “60 yaşım olsa da, mən
yenə də hamı üçün Şurikəm. Çoxları mənim filmlərimi
yada salanda üzlərində təbəssüm
yaranırsa, eybi yox, mən bununla
razıyam”.
Səbinə Əlibalaqızı
Mədəniyyət.- 2014.- 27
avqust.- S. 13.