Tələyə salınan tale...

 

Can Cənubumuzda başlayıb, bir zamankı qan Şimalımızda bitən tale...

 

Çox acı bir təbəssümlə yazalım (və xatırlayalım) ki, bu sarıdan bizim milli bəxtimiz “yaman gətirib”! Oturub saymağa başlasaq, həmin bu tale-tələ “tərəf-müqabil”li nə qədər nəhəngimiz çıxar ortalığa! Amma əzəli-əbədi “ikili baxış”lara rəğmən onların adlarını ayağa çəkməyək; nə o aldadılmış rəhmətliklərin ruhunu, nə də sağ-salamatların məntiqini incidək və -

 

Mətləbə keçək

 

Deyək ki, “barmaq hesabı”ndan dəfə-dəfə çox olan elələrimizdən biriqan qardaşımız Seyid Cəfər Pişəvəri ki, - zaman-zaman dəyişmiş “böyük qardaş”larımızın siyasi barmaq “haqq-hesabı”na düşüb.

Ümumiyyətlə, belə tale yaxşıların, yaxşılığın “kəbininə kəsilib”; mənəviyyatca saf, xaraktercə ədalətli, əxlaq-əqidəcə təmiz xalqlar, millətlər, ayrı-ayrı şəxsiyyətlər dünyanın bu bic “izdivac”ından qaça bilmirlər. Uçurmağa, işləri çaşırıb-aşırmağa, hamını öz ürək arşını ilə ölçən düzünəquluların əlindən alıb qaçırmağa nə var ki?! Ən zülüm zülmkarların əyri əllərini, yağlı dillərini, uçurucu əməl-fellərini zərərsizləşdirib vahid xalq odası, küll-millət sarayı, adları müxtəlif olan Allah evi tikməkdir. 1892-ci ildə hələ də gün-dirriksiz Güneyimizin Xalxal mahalının Zeyvə kəndində doğulmuş Seyid Cəfər Pişəvəri də bu sayaq bir Vətən inşası arzusunda idi...

Yoxsul kəndli ailəsində doğulmuş Seyid Cəfər Xan Arazı üzübəri keçəndə yeniyetmə ikən dövlət başına keçmiş Şah İsmayılımız kimi -

 

On üçcə yaşında idi...

 

Hələ yaşıdları qonşu kənd-kəsəyi “dünyanın o başı” hesab etdikləri vaxtda - 1905-ci ildə o, Bakı şəhərinə mühacirət edib. Yarımçıq buraxmalı olduğu təhsilini Bülbülə kəndində davam etdirib və hələ dolanışıqçün ağır əməklə də məşğul olub. Dörd il (1913-17) Xırdalan qəsəbəsində müəllimlik edib. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənib və bu, onu siyasi fəaliyyətə sövq edib. Sonralar “Təbrizimin can-qan qardaşı, alov tayı” - deyə öyəcəyi Bakıda nəşr olunan “Açıq söz” qəzetində məqalələrlə çıxış edib, İranda yaşayan xalqların ağır sosial-siyasi vəziyyətini bu taylı xalqının diqqətinə çatdırıb.

Çoxları ətrafda baş verən hadisələrə “dünya belə gəlib, belə də gedəcək” durğusuyla baxsa da, hələ yeniyetməliyindən dünyaya bəsirət nəzərləriylə göz qoymağa başlamış Pişəvəri özünütəsdiq üçün daha geniş mübarizə meydanı axtarır. Öncə 1919-cu ildə İranı Ədalət Firqəsinin Bakıda açılmış “İttihad” mədrəsəsinə müəllim düzəlir və balaca-balaca şagirdləri vasitəsilə yekə-yekə valideynlər arasında inqilab yollu körpü salır, Bakı inqilabı rəhbərlərindən Nəriman Nərimanov, Bəhram Ağazadə və başqaları ilə sıx əlaqələr qurur.

Çox keçmir ki, onun fəallığı, yüksək intellekti hər tərəfdən görünür, adı dillərə düşür və nəhayət, onu İran Ədalət Firqəsi Mərkəzi Komitəsinin orqanına - “Hürriyyət” qəzetinə redaktor təyin edirlər. Bu gənc və alovlu publisist o qəzetdə satqın şahlıq üsul-idarəsini, imperialistlərin müstəmləkəçilik siyasətini kəskin tənqid etməklə bərabər, İran xalqlarını açıq milli mübarizəyə də çağırır. Durmadan böyüyüb qatılaşan hadisələr, genişlənən mübarizə meydanları ilə gənc Seyid Cəfərin fəaliyyəti arasında bir tandemlik yaranır. O, 1919-20-ci illərdə “Hürriyyət” qəzetinin redaktoru olmaqla bərabər, İran Ədalət Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir və -

 

Yenidən İran...

 

İranda inqilabi hərəkat getdikcə güclənir, Səttar xan kimi kəsərli qılınclar yanında Pişəvəri kimi iti ağıllara ehtiyac yaranır. Necə ki, o vaxt bir ingilis jurnalistinin: Siz bu inqilabın perspektivi haqda nə deyə bilərsiz” sualına həmin o “sərdari-milli Səttar xanbir qədər aralıdakı tonqal başında qalib qazilərlə söhbət edən Pişəvərini nişan verərək “Mən belə şeyləri bilmənəm, gedin bunu o aqildən soruşun”-demişdi.

Bəli, 1920-ci ilin mayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş Cəngəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyunda Gilanda yaranmış “İnqilabi dövlət”in xarici işlər naziri təyin olunur.

Sonra İranda inqilabi qüvvələri birləşdirmək üçün İran Kommunist Firqəsinin yaranmasında, təşkilatın 1920-ci ilin iyununda Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvüideoloji işlər üzrə katibi seçilir.

1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı “Həqiqət” qəzetinin redaktoru olur, bütün varlığıyla irticaimperializm əleyhinə mübarizə aparır. İranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. Tehranda siyasi basqı və polis təzyiqinin artması ilə əlaqədar “Həqiqət” qəzeti bağlanır (1922) və o, 1923-cü ilə qədər İsfahan şəhərində gizli fəaliyyət göstərir. Vəziyyət getdikcə pisləşir, Rza şahın hakimiyyətə gəlişilə polis təqibləri güclənir, qəzet və jurnalların çapı daha da çətinləşir. 9 il davam edən bu ağır şəraitdə Pişəvəri həbs olunur (1930), 11 il dustaq yatır. Qəsri-Qacar adlanan zindanda bütün vəhşi işgəncələrə baxmayaraq, mübarizəsini davam etdirir.

Və bəlli olduğu kimi, II Dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. 1941-ci ilin sentyabrında həbsdən buraxılan Pişəvəri Tehrana gəlib, İran Xalq Partiyasının yaranmasında fəal iştirak edir. 1943-cü il mayın 23-də nəşbaşlayanAjir” qəzetinin redaktoru Pişəvəri Rza şahı, habelə xalq kütlələrini vəhşicəsinə soyan, İranın müstəmləkəyə çevrilməsinə birbaşaya dolayısıyla kömək edən irticanı, ayrı-ayrı missionerləri ifşa edir.

1944-cü ildə Pişəvəri Cənubi Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da, İran irticası onun deputatlığını rədd edir. Lakin Pişəvəri yenə “dinc oturmur” - İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib “Cəbheyi-azadi” (Azadlıq cəbhəsi) yaradır və bu qəzetlər sayəsində İran xalqlarını, ölkənin inqilabi qüvvələrini birləşdirməklə irtica-imperializm əleyhinə mübarizə aparır.

Alman faşizminin məğlub olması ilə əlaqədar bütün dünyada güclənmiş inqilabi hərəkat, milli istiqlal uğrunda çarpışmalar şəraitində Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə, bütün sinif və təbəqələri birləşdirə biləcək bir təşkilat lazım idi və Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də yarandı. Bu təşkilat qarşısında duran xətti-hərəkət “12 Şəhrivər müraciətnaməsi” adı ilə elan olundu. Pişəvərinin yüksək təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı, geniş dünyagörüşü sayəsində yaranmış Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatı yaratdı. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənin sədri seçdi. ADF-nin orqanı olan “Azərbaycan” qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirildi.

1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri milli hökumətin baş naziri təyin edildi. Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsi təmin edildi. Savadsızlıq əleyhinə, kəndlilərə həyat qədər vacib torpaq islahatı aparıldı, ölkədə misli görünməmiş əmin-amanlıq yarandı, abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Kiçik” xalqların bu tip azadlığına qarşı daxilən barışmaz Qərbin az-çox mənəviyyatlı mətbuatı belə dəfələrlə yazırdı ki, Pişəvərinin rəhbərlik etdiyi milli hökumət bir il ərzində Güney Azərbaycanda “sanki yarıməsrlik fəaliyyət göstərmişdir”.

Dünyanın humanist mətbuatının zaman-zaman yazdığına görə, Azərbaycanın o demokratik islahatları nəinki İran irticasını, habelə İranın zəngin sərvətlərinə sahib İngiltərə və Amerika imperializmini qorxuya salıbmış.

Və... onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular...

O vaxtlar milyonların taleyini siyasiskvoznyaka salan o real hadisələr bu gün çoxlarına nağıl kimi gəlir.

O “Azadlıq nağıl”ının personajları ilə bahəm baş qəhrəmanı S.C.Pişəvəri də -

 

Mühacirət etməli olur...

 

1946-cı ilin dekabr ayından mühacirətə başlayan Cənubi Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlir və onların buranın 34 rayon və şəhərində yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik edir. O, elə bu işin qızğın çağında - 1947-ci il iyunun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında “müəmmalı” bir maşın qəzasına salınır və həlak olur, bizim Fəxri xiyabanımızda dəfn olunur...

 

Tahir Abbaslı

 

Mədəniyyət.-2014.- 27 aqust.- S. 12.