“Ölkələrarası
münasibətlərin inkişafı mədəniyyətdən
başlamalıdır”
“2015-ci ildə Tacikistanda Azərbaycanın, 2016-cı ildə Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq”
Azərbaycanla Tacikistan arasında
diplomatik münasibətlər 1992-ci il
mayın 29-da qurulub. 2007-ci ilin avqust ayında
ölkəmizin Düşənbədə, 2008-ci ildə isə
Tacikistanın Bakıda səfirliyi fəaliyyətə
başlayıb. İki ölkə regional və beynəlxalq
təşkilatlarda, həmçinin TRACECA proqramda (Avropa-Asiya nəqliyyat
dəhlizi) faydalı əməkdaşlıq edirlər. Dərin tarixi köklərə söykənən Azərbaycan-Tacikistan
mədəni əlaqələri müstəqillik
dövründə daha da inkişaf etməyə
başlayıb. Tacikistanın Azərbaycandakı
səfiri Zohir Saidovla müsahibədə ikitərəfli
münasibətlərin bu və digər tərəflərinə
nəzər saldıq.
- Cənab
səfir, Azərbaycanla Tacikistanın qədim və zəngin
tarixi-mədəni irsə malik Şərq ölkələri
olaraq paylaşdığı bir sıra məqamlar var. Bu
kontekstdən çıxış etsək, əlaqələrimizin
bu günü barədə nə deyə bilərsiniz?
- Qeyd
etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin
dərin kökləri mövcuddur. Xalqlarımızın
ümumi adət-ənənələri, bir çox cəhətləri
var. Dünya ədəbiyyatı xəzinəsinə misilsiz
töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəviyə
Tacikistanda da böyük hörmət bəslənilir, həyat
və yaradıcılığı məktəblərdə
öyrənilir. Eləcə də klassik
tacik ədəbiyyatına Azərbaycanda maraq olduğunu
bilirik. Bu köklər müasir dövrdə iki ölkələrin
əlaqələrinə də müsbət fon
yaradır. Qeyd etmək lazımdır ki, bu əlaqələrə
iki ölkə rəhbərinin dostluq münasibətləri
mühüm impuls verir. İqtisadi sahədə
də əlaqələrimiz dinamik inkişaf edir, hökumətlərarası
birgə komissiya fəaliyyət göstərir. Bu il komissiyanın iclası Düşənbədə
keçirildi, bir sıra məsələlər müzakirə
olundu. Humanitar sahədə də əməkdaşlığımız
qurulub. Bu gün Azərbaycanda 20-dən
çox tacik tələbə oxuyur. İstərdik ki, gələcəkdə
daha çox tələbəmiz Azərbaycanın ali məktəblərində də təhsil
ala bilsinlər.
-
Xalqları yaxınlaşdıran mühüm faktorlardan biri də
mədəniyyətdir. Bu sahədə əlaqələrin
səviyyəsini necə dəyərləndirirsiniz?
-
Düşünürəm ki, ölkələrarası
münasibətlərin inkişafı ilk növbədə məhz
bu sahədən başlamalıdır. Çünki
mədəniyyət xalqları birləşdirir, incəsənətin,
xüsusilə musiqinin dili tərcümə tələb etmir,
hər kəs tərəfindən başa
düşülür. Mədəni əlaqələrimiz
aktiv şəkildə inkişaf edir. 2013-cü
ilin iyununda Düşənbədə Azərbaycan və
Tacikistanın simfonik orkestrlərinin iştirakı ilə
“Rast-muğam” adlı möhtəşəm konsert proqramı
oldu. Konsert təkcə Düşənbədə
deyil, Tacikistanın digər iki vilayət mərkəzində
də baş tutdu və hər kəsdə dərin təəssüratlar
yaratdı. Muğam musiqisi
xalqlarımızı birləşdirən mədəni dəyərlərdən
biridir. Azərbaycanda olduğu kimi,
Tacikistanda da muğamı (“Şaşmakom”) qədim dövrlərdən
bu günədək qoruyub saxlamışıq. Bundan başqa, Azərbaycanda olduğu kimi, bizdə də
aşıqlar var ki, onlara “falak” deyilir. Bu
janrla bağlı da oxşarlıqlarımız var. Falaklar da,
aşıqlar kimi, gördüklərini şeirə, musiqiyə
çevirib oxuyarlar. Musiqi alətinə gəlincə,
bizim aşıqlar “dombra” ilə ifa edərlər. Bundan əlavə, bizdə də tar və
kamança alətləri var. Bir sözlə, bizim mədəniyyət,
musiqi sahəsində oxşarlıqlarımız qədim tarixə
malikdir. Yeri gəlmişkən, 2012-ci ildə
Azərbaycan və Tacikistanın ictimai televiziyaları vasitəsilə
Bakı ilə Düşənbə arasında
telekörpü keçirildi. Geniş
tamaşaçı auditoriyasına təqdim edilən bu
yayım elm, mədəniyyət, təhsil, humanitar
mövzuları əhatə etdi. Əlbəttə,
belə tədbirlər çox faydalıdır. Biz də səfirlik olaraq Azərbaycanda öz ölkəmizi
daha yaxından tanıtmaq istəyirik. Məsələn,
bu ilin mart ayında İçərişəhərdə
keçirilən Novruz bayramında milli geyimlərimiz, musiqi alətlərimizdən
ibarət sərgi ilə iştirak etdik. Sərgini
çoxlu insanlar ziyarət edir, suallar verirdilər. Tacikistanda da Novruz böyük təntənə ilə
bayram edilir. Bayram günlərində qala
konsertlər, əl işlərindən ibarət sərgilər,
idman oyunları keçirilir.
- Mədəni
əlaqələrimizin inkişafı istiqamətində səfirlik
olaraq planlarınız varmı?
- Əlbəttə, mədəni əməkdaşlıq
bizim əlaqələrimizin mühüm istiqamətlərindən
biridir. Sentyabrın sonlarında Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə tacik-fars ədəbiyyatının
dahi nümayəndəsi Əbdürrəhman Camiyə həsr
olunmuş konfrans keçirəcəyik. Caminin
600 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib. Mədəni əlaqələrimizin
yaxınlaşmasında, xalqlarımızın bir-birlərini
daha yaxından tanımalarında qarşılıqlı mədəniyyət
tədbirlərinin keçirilməsi də mühüm əhəmiyyət
kəsb edir. 2007-ci ildə Azərbaycanda
Tacikistanın mədəniyyət günləri keçirilib.
2008-ci ilin noyabrında isə Tacikistanda Azərbaycan
mədəniyyəti günləri gerçəkləşib.
Əlbəttə, bu əlamətdar hadisələrdən
xeyli vaxt keçib. Bu ənənəni təkrarlamaq
üçün 2015-ci ildə Tacikistanda Azərbaycanın,
2016-cı ildə Azərbaycanda Tacikistanın mədəniyyət
günlərinin keçirilməsini
planlaşdırırıq. Həm də
belə tədbirlər təkcə paytaxtlarda deyil, ölkələrimizin
başqa şəhər və rayonlarında da qeyd
olunmalıdır ki, xalqlarımız bir-birilərini daha
yaxından tanısın. Onu da qeyd edim ki,
mədəni əlaqələrlə bağlı Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi ilə
razılaşmamız da var. Tələbə mübadiləsi
ilə bağlı konservatoriyalarımız arasında
razılaşma mövcuddur. Bu
razılaşmaların bizə verdiyi imkanları genişləndirməkdəyik.
Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında
iştirak edirik. Əlbəttə,
bütün bunlar mədəni əlaqələrimizin
inkişafına verilən töhfədir. Ümumiyyətlə,
ölkələrimiz arasında gediş-gəlişin
çox olmasını, qarşılıqlı olaraq daha
çox tədbirlərdə iştirak etməyimizi istəyirəm.
- İki ildir ki, Azərbaycanda səfir kimi fəaliyyət
göstərirsiniz. Bu müddətdə regionlarımıza,
ölkəmizin görməli yerlərinə getmək
imkanınız olubmu?
- Beynəlxalq
“İpək yolu” musiqi festivalı günlərində Şəkidə
olmuşam. 2013-cü ildə festivalda
Tacikistanın ansamblı da çıxış etdi. Bu festival mənim çox xoşuma gəlir. Tədbirin belə bir şəhərdə
keçirilməsi də gözəl seçimdir. Çünki Şəkinin küçələri
ilə gəzdikcə, sanki tarixin içərisindən
keçirsən. Qəbələ, Qax, Lənkəranda,
Naxçıvanda da olmuşam. Naxçıvan
da gözəl mənzərələri ilə diqqəti cəlb
edir. Bu regionların hər birində əhali
öz tarixinə, adət-ənənəsinə hörmətlə
yanaşır və onu gələn qonaqlara göstərməyə
çalışır. Əlbəttə,
bunlar Azərbaycan xalqının gözəl xüsusiyyətləridir.
Bakıya gəlincə, İçərişəhərdə,
Qala etnoqrafik qoruğunda, Atəşgahda olmuşam. Təəssüf ki, vəzifə fəaliyyətimə
görə bu səfərlərə getmək heç də
həmişə mümkün olmur. Amma
imkan yarandıqca, fürsəti dəyərləndirmə
çalışıram. Bakı sanki hər
gün inkişaf edir və bunları gözümlə
görməkdən məmnunam.
-
Maraqlıdır, səfir təyin olunmazdan öncə
Bakı, Azərbaycan haqqında hansı məlumatlarınız
vardı? Buraya gələndən sonra mədəniyyətimiz,
tariximiz haqqında sizdə hansı təəssürat
formalaşıb?
- Daha
öncə Azərbaycana gəlməmişdim. Amma,
təbii ki, ölkəniz haqqında məlumatım vardı.
Unutmaq lazım deyil ki, biz 70 il bir ittifaqda
yaşamışıq. O zaman bu əlaqələr daha intensiv
idi. SSRİ zamanında Azərbaycanda olmasam da, digər vasitələrlə,
məsələn, musiqi ilə xalqınız və ölkəniz
ilə tanış idim. Tacikistanda
çoxlu azərbaycanlılar yaşayır. Ölkəmizdə azərbaycanlı musiqiçilər
də var. Musiqinin dili olmur, bu bəşəri bir sənətdir.
Tacikistanda da Azərbaycan musiqisi, mədəniyyəti
çox gözəl tanınır. Mən
özüm sovet dövründə Rəşid Behbudovu, Polad
Bülbüloğlunu dinləyərdim. Ümumiyyətlə,
o zamankı nəsil belə gözəl ifaçıların
mahnıları ilə böyüyüb.
- Ölkələrimiz
arasında turizm əlaqələrinin perspektivlərini necə
görürsünüz?
- Turizm Tacikistanda ölkə üçün vacib sahələrdən
hesab olunur. Bu sahənin inkişafına
çalışırıq. Bir neçə il öncə Bakı-Düşənbə
birbaşa reysini təşkil etmişdik. Üç
ay fəaliyyət göstərdikdən sonra iqtisadi səbəblərə
görə bağlandı. Bu reysin bərpası
istiqamətində yenidən işləyirik. Əgər bu reys açılarsa,
qarşılıqlı turizm səfərlərinin, gediş-gəlişlərin
sayı da artar. Ümumiyyətlə, elə
bir şərait yaradılmalıdır ki, turist ölkəyə
rahat daxil olsun, gəzsin, dincəlsin. Eyni
zamanda turizm infrastruktursuz mümkün deyil. Bu gün Azərbaycanda turizmin inkişafı
üçün çox işlər görülür.
Məsələn, mən Şahdağ turizm
kompleksinə heyran oldum. Turizmin inkişafı
üçün Azərbaycanda çoxlu hotellər də
tikilir. Amma bir şey mənə aydın
deyil ki, niyə onların əksəriyyəti beşulduzludur.
Məncə, əhalinin orta təbəqəsinə
aid olan hotellərin tikilməsi də nəzərə
alınmalıdır.
Tacikistanda da çoxlu görməli yerlər var. Məsələn,
Dağlıq Pamir vilayəti turistlər üçün əla
məkandır. Düşənbədə yay olanda, bu
vilayətdə qış olur. Safedorak da
gözəl turizm məkanı hesab olunur. Zamanında
bu ərazidə dağ xizəksürmə növündə
idman yarışları da keçirilib. Bu
mənada daha çox turizm məkanlarını saymaq olar.
Turistlər bizim görməli yerləri gəzir,
ölkənin cənubuna səyahət edirlər. Bundan başqa dağ turizmi, ov turizmi də turistləri
cəlb edir. Tacikistanda mədəniyyət
turizmi də inkişaf edib. Ölkəmizdə
qədim tarixi abidələr bərpa olunur. Bu ərazilərdə infrastruktur qurulur, hotellər
tikilir.
- Milli mətbəximizlə
aranız necədir? Yeməklərimiz
arasında fərq varmı?
- Azərbaycan mətbəxi çox dadlı və cəlbedicidir. İnsanlar da çox qonaqpərvərdir. Azərbaycan süfrəsinin fonunda bunu bir daha hiss edirsən. Bütün Qafqaz deyir ki, dolma bizim milli yeməyimizdir. Amma mən deyirəm ki, onu ən gözəl Azərbaycanda hazırlayırlar. Azərbaycan plovları da çox dadlıdır.
Mehparə
Sultanova
Mədəniyyət.- 2014.- 27
avqust.- S. 7.