Xəzər dənizi boyunca kruiz marşrutu yaradılacaq

 

Mütəxəssislərin fikrincə, layihə Azərbaycanın turizm məhsulunun beynəlxalq bazara inteqrasiyasına təkan verəcək

 

Xəbər verdiyimiz kimi, Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Rusiyanın Həştərxan şəhərində keçirilən görüşündə dəniz boyunca dairəvi kruiz marşrutunun yaradılması barədə qərar qəbul edilib. Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, dairəvi kruiz marşrutunun yaradılması Xəzəryanı ölkələr arasında davamlı dəniz gəmiçiliyinin ümumi inkişafına xidmət edəcək. Onların sözlərinə görə, Xəzəryanı ölkələr arasında sərnişin kruiz daşımalarına tələbat yüksək olacaq.

 

Xatırladaq ki, hələ 2011-ci ildə Dünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsinin reallaşdırılması məqsədilə təşkilatın eksperti Robert Kleverdo ölkəmizə səfərə gəlmişdi. Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Dəniz Limanının və Azərbaycan Turizm Assosiasiyasının, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşlər keçirən ekspert qəzetimizə açıqlamasında bildirmişdi ki, Azərbaycanın iştirakı olmadan bu layihənin reallaşması mümkün deyil. Həmçinin qeyd etmişdi ki, təmsil etdiyi təşkilat dünya turizmi üçün də əhəmiyyətli olan layihənin reallaşmasında çox maraqlıdır.

Sonra bu mövzu Həştərxan şəhərində Xəzəryanı bölgədə turizm əməkdaşlığına dair beynəlxalq konfransda müzakirə olundu. Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın yer aldığı konfransda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etdi. Tədbirdə Xəzəryanı dövlətlərin turizmin inkişafında səylərinin əlaqələndirilməsi, dənizin potensialından turizm məqsədləri üçün daha səmərəli istifadə imkanlarının öyrənilməsi, müştərək turist məhsul və regional mədəni turizm marşrutlarının işlənib hazırlanması, regional turizm brendinin yaradılması, turizm məhsullarının beynəlxalq səviyyəyə çıxarılması üzrə əməkdaşlıq və s. məsələlər nəzərdən keçirilmişdi.

Nəhayət, məsələ bu ilin 23-24 iyun tarixində Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunda geniş müzakirə olundu.

 

Mədəniyyət və Turizm Nazirliyi layihəni dəstəkləyir

 

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov Xəzər dənizində kruiz marşrutunun təşkilini ölkəmizdə turizmin inkişafına təkan verən bir layihə kimi yüksək qiymətləndirdi. Onun sözlərinə görə, nazirlik bu cür layihələri hər zaman dəstəkləyir: “Belə bir turizm paketinin yaradılması Azərbaycanın turizm məhsulunun beynəlxalq bazara inteqrasiyasına əlavə zəmin olacaq. Bu səbəbdən də Azərbaycan tərəfi layihə ilə bağlı vahid turpaketin yaradılmasına razılığını veribbu istiqamətdə nazirlik tərəfindən müvafiq işlər görülür”.

 

Xəzər dənizi turizm baxımdan təbiətin bizə verdiyi nemətdir

 

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, ölkəmiz Xəzərdə dörd ölkə - Rusiya, Türkmənistan, Qazaxıstan və İranla həmsərhəd olsa da, dənizin potensialından turizm üçün demək olar ki, istifadə etmirik: «Xəzərsahili ərazilərdən ancaq çimərlik kimi istifadə edirik. Əslində isə Xəzər dənizi turizmin inkişafında təbiətin bizə verdiyi böyük nemətdir. Başqa dənizlərin sahilində yerləşən ölkələr bu imkandan hərtərəfli yararlanırlar. Aralıq dənizinin, Qara dənizin sahilindəki ölkələr turizm məqsədilə öz coğrafi mövqelərindən yararlanaraq dəniz turizmindən böyük gəlirlər əldə edirlər. Bizimturizmin inkişafı üçün Xəzər dənizinin potensialından istifadə etməyimizin vaxtı artıq yetişib”.

Mütəxəssis bildirir ki, Xəzər dənizi boyunca kruiz marşrutunun yaradılması məsələsi 10 ildən çoxdur müzakirə olunur. Amma bəzi texnikisiyasi məsələlərlə əlaqədar məsələ öz həllini tapmayıb. Çünki Xəzər dənizi boyunca kruiz marşrutunun yaradılması üçün Xəzəryanı dövlətlərin ümumi razılığı lazımdır. Burada viza və nəqliyyat problemlərinin qarşılıqlı həlli vacibdir.

AZTA rəsmisinin sözlərinə görə, nəqliyyat nazirlərinin görüşündə bu məsələnin yenidən müzakirəsi və konkret qərarın qəbul edilməsi çox yaxşı təşəbbüsdür: “Hesab edirəm ki, layihə nə qədər tez reallaşsa, bir o qədər yaxşıdır. Çünki hazırda bəzi ölkələr daxili problemlər üzündən potensial turistlərini itirirlər. Bu proseslərdən yararlanmalı, o ölkələrə təhlükəsizlik baxımından səfər edə bilməyən insanları Azərbaycana cəlb etməliyik».

Mütəxəssis layihənin ölkəmizdə daha böyük səmərə verməsi üçün sahil boyunca yüksək standartlara cavab verə biləcək infrastruktur qurulmasının vacibliyini də diqqətə çatdırdı: «Xəzər dənizində müxtəlif adalar var. Bu adalardan da turistləri maraqlandırmaq, cəlb etmək üçün istifadə etmək, beləliklə də ada turizminin inkişafına nail olmaq olar».

 

Layihə regional turizm sahəsində tarixi hadisə olacaq

 

«Millennium Turizm Konqres DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, Xəzər dənizi boyunca kruiz marşrutunun yaradılması bu sahədə tarixi hadisə olacaq. Çünki indiyə qədər səyahətlər hər bir ölkə üçün lokal xarakter daşıyıb. Amma hazırda Xəzəryanı ölkələri əhatə edəcək dəniz səyahətlərinin təşkili bu ölkələrdə turizmin inkişafına bir töhfədir: «Bu layihə turizmin digər məhsullarının inkişafına da şərait yaradacaq. Belə ki, hər bir ölkəyə səfər zamanı turistlərin imkanı olacaq ki, həmin ölkələrin başqa turizm xidmətlərindən istifadə etsinlər. Eyni zamanda bu, ölkənin tanıdılmasına da səbəb olacaq. Məsələn, kruiz səyahətini seçənlər Bakı-Abşeron ərazisinə, buradakı tarixi-mədəni abidələrə, hətta vaxt olsa, yaxın regionlara da səfər edə bilərlər».

Layihənin reallaşdırılması üçün Azərbaycanda lazımi infrastrukturun mövcudluğuna gəlincə, həmsöhbətimiz qeyd etdi ki, hazırda bu istiqamətdə müəyyən işlər gedir: «Təbii ki, layihənin icrasına başlanması üçün qəti qərar verildikdən sonra dövlət münasib limanların, turistlərin qəbulu ilə bağlı digər infrastrukturun yaradılmasına start verəcək. Yaxın gələcəkdə Xəzər dənizində bəzi layihələrin həyata keçirilməsi planlaşdırılıb. Düşünürəm ki, bunların hamısı elə bu layihəyə hesablanıb».

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 27 avqust.- S.6.