Turist üçün
bir xatirə
Paytaxtımızın qonaqları özləri ilə hansı suvenirləri aparırlar?
Adətən insanlar getdikləri yerlərdən geri dönərkən “bəlkə bu yerlərə bir də
gəlmədim” deyərək keçmiş
anları xatırladacaq nəsə alırlar. Səfər etdiyimiz ölkələrin, bölgələrin
xatirələrindən biri də bu yerlərlə bağlı suvenirlərdir.
Evlərimizdə, iş yerlərimizdə
gözoxşayan bu əşyalar
bəzən özündə böyük
mətləbləri ehtiva edir.
Zövqlə hazırlanmış suvenirlər xalqın məişətinin,
tarix və mədəniyyətinin ifadəçisi
olmaq baxımından da
maraqlıdır.
Qədim və müasir Bakıdan xatirə
Paytaxtımızda çoxlu suvenir dükanı var. Bu dükanların əksəriyyəti turistlərin daha çox üz tutduğu məkanlarda - şəhərin mərkəzi küçələrində fəaliyyət göstərir. Biz də onlardan bir neçəsinə baş çəkib vəziyyətlə maraqlandıq, görək, suvenir almağa daha çox kimlər müraciət edir? Hansı suvenirlər daha çox alınır? Xarici turistlərin ölkəmizin mədəniyyətini və tarixini əks etdirən suvenirlərə marağı nə səviyyədədir?
İlk baş çəkdiyimiz məkan paytaxtın Nizami küçəsində yerləşən antik əşyalar mağazası oldu. Suvenir satışının maraqlı iş olduğunu deyən dükanın sahibi Rüstəm Cəlilov 10 ilə yaxındır ki, bu işlə məşğuldur: “Həqiqətən, maraqlı sahədir. Hər dəfə əşyalara müxtəlif yöndən yanaşan insanlara rast gəlirik. Suvenir almağa həm yerli vətəndaşlar, həm də xarici turistlər gəlirlər. Hər şeylə maraqlanırlar. Xarici qonaqların əksəriyyəti ölkəmizi, onun tarixini, Bakının Dağüstü parkdan görünüşünü, şəhərin rəmzlərini əks etdirən suvenirlərə üstünlük verirlər”.
Nizami küçəsində yerləşən digər suvenir dükanın satıcısı Natiq Həsənov deyir ki, əvvəlki illərə nisbətən son illər suvenir satışında bir canlanma var: “Suvenir alanlar arasında yerli sakinlər daha çoxdur. Amma xarici turistlər də milli suvenirlərimizə maraq göstərir. Elə olur ki, xaricdən qonağı olan şəhər sakini onunla dükana gəlir və suvenir alıb hədiyyə edir. Belə xatirə əşyaları daha çox Azərbaycanın tarixinə, Qarabağa, muğam sənətimizə aid olan suvenirlər olur. Amma, ümumiyyətlə, insanlar arasında soyuducuya yapışdırmaq üçün üzərində Bakının əksi olan maqnitli suvenirlərə maraq böyükdür”.
Bakının qədim tarixini yaşadan İçərişəhər həm də suvenir dükanlarının çoxluğu ilə seçilir. Bu tarixi məkanda istədiyiniz suveniri tapmaq mümkündür. Rast gəldiyimiz suvenirlər ölkəmizin qədim tarixini, mədəniyyətini öz yığcam görünüşlərində əks etdirirlər.
Dükanlardan birinin satıcısı Xəyal Məmmədov paytaxtın bu yerinə xarici turistlərin xüsusi maraq göstərdiyini deyir, daha çox alıcılarının elə əcnəbilər olduğunu bildirir: “İçərişəhər xarici turistlərin ən çox gəldiyi yerlərdir. Onlar bura gələndə mədəniyyətimizlə bağlı xatirə əşyaları almağa çalışırlar. Əsasən boşqablar, fincanlar və digər şüşə suvenirlərə, rəsm əsərlərinə, təsbehlərə, bəzi əl işləmələrinə, milli geyimlərə daha çox üstünlük verirlər. Yerli vətəndaşlar da bu tip suvenirləri alırlar”.
Həmsöhbətlərim bildirir ki, müştəriləri suvenirlər arasında Qız qalasının kiçik maketləri, muğam üçlüyünün kuklaları və müxtəlif personajlar, milli ornamentli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, breloklar, rəsm əsərləri ilə yaxından maraqlanırlar. Bundan başqa, dükanlarda üzərində ölkəmizə aid müxtəlif yazılar, loqolar və üçrəngli bayrağımızın əks olunduğu köynəklərə də rast gəlmək olur.
Suvenirlər əl ilə və yaxud sexlərdə hazırlanır. Satıcılarla söhbət zamanı bəlli oldu ki, boşqablar, fincanlar və digər şüşə suvenirlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən sifariş edilir. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən mağazalara təqdim olunur. Suvenirlər arasında Türkiyə, Pakistan və Çində hazırlanan nümunələr də az deyil.
İlk Avropa Oyunları suvenirlərdə
Bəlli olduğu kimi, gələn il paytaxtımız möhtəşəm idman tədbirinə - I Avropa Oyunlarına ev sahibliyi edəcək. Təbii ki, bu zaman müxtəlif ölkələrdən Azərbaycana xeyli sayda turistin gəlməsi gözlənilir. Bu da özlüyündə suvenirlərə marağın artması deməkdir. Baş çəkdiyimiz suvenir dükanlarında da buna bir daha əmin olduq. Satıcıların əksəriyyəti I Avropa Oyunları ilə bağlı suvenirlərə tələbatın olduğunu dedilər. Şəhər sakinləri və qonaqlar belə suvenirlərin olub-olmadığını soruşurlar. Satıcılar bununla bağlı sifarişlər verdiklərini də qeyd etdilər. Bildirdilər ki, yaxın vaxtlarda həmin suvenirləri də dükanlarda görmək mümkün olacaq.
Bu möhtəşəm beynəlxalq tədbir ölkəmizin hər yönü ilə təbliği baxımından gözəl fürsət olacaq. Bu məqamdan istifadə edərək Qarabağ həqiqətlərinin, mənəvi zənginliyimizin əks olunduğu suvenirlərin turistlərə təqdim olunması da təbliğatın daha bir uğurlu formasıdır.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 13.