Həmişəyaşar ustad
Ad-soyadıyla
da bir pir ab-havası yaradan Qurban Pirimov...
Ötən yazımda “Bir
Segahi yazı” başlığıyla
xatırlamışdım bu böyük sənətkarı. Ardınca da “gahdan bir pərdə
“Dügah”i, bir barmaq “Çahargah”i -deyə
ağırlamışdım onu. Ərz
etmişdim ki, bu yazının yalnız adı qələmin -
odu, ladı, dadı-ləzzəti ulu Tarın və onun
örnək piri Qurban Pirimovun. Xitablamışdım ki,
“pozu” qoşulu “yazı”ya nə var ki, ay “yetim”, ey “zabul”, “Mirzə
Hüseyn” və “xaric” qoşqulu “Segah”!? Sel-su axarlı bal
dilimizin “şəhd-şəkkər” dəryasına baş
vuruban - min pozub, minbir yazmaq nə çətin şeymiş -
sizin yazıyagəlməz xallarınız yanında?!.
Bu ildırımi-internet əsrində yavaş-yavaş
çıxdaşlaşıb arxaikləşməkdə olan
fağır qələm hədəfli mizrab, kağız-sədəfli
pərdəmi ki, yanılanda aləm bir-birinə dəyə? Sözdür
də, - “məşhur” yerinə məhşur yazdın, neynək,
səndən daha diqqətli birisi ortadakı hərflərin
yerini dəyişəcək və işlər düzələcək.
Yaxud “usta tarzən” yazıb, gördün ki yox,
bu, Qurban Pirimovluq deyil, təyinin sonuna bir “d” əlavə edirsən
və varıb irəli gedirsən.
Sənin
tuti “çıxış”, əntiq “nitq”, möcüzə “məruzə”lərindəki
ifadələrə, bitmiş bir fikri ifadə edən bir və
bir neçə sözdən ibarət “cümlə”lərə,
vəzi “vəziri-xani” hekayətlərə müdaxilə isə
mümkünsüz. “Mayə”ndə qəlblər üstə
çəkdiyin yaxmac-yaxılar var ki, belələri hələ
nehrələrdə çalxanmayıb, tibbi-sənayedə
ixtira olunmayıb, ah “Segah”! “Üşşaq”ındakı
ağsaqqalanə hikmətlərə hələ heç bir
dastan-bostanda, xalqarası gapstanda rast gəlinməyib, məsti-“tost”
“Rast”!..
...Mətləb
üstünə belə “dolan-gəl”məyimin bəhanəsi
“söz sözü çəkdi”dirsə, səbəbi -
yazı qəhrəmanımın ifa “təhkiyə”silə
ilgilidir; deyirlər, Qurban əmi hər muğamın mətləb-mətləsinə
çox gendən gələr, özünəməxsus
güllər vurar, gərəkən məram-məqamı tam
bişirib-düşürəndən sonra xanəndəyə
ayaq verərmiş.
Məsafə anlamı verən “gendən gələrmiş”
sözü bunun bir zati-şəcərəvi omonimini gətirdi
eynimə. Belə
ki, bu böyük ustadın istedadı -
“Gen”dən
gəlib...
Milli
poeziyamızın gözəl misralarından olan
“Külli-Qarabağın abi-həyatı Nərmənazik
bayatıdır, bayatı" peyzaj-portreti həm də belə
dadlı-tamlı sənət adamları hesabına rəsmlənməyibmi?..
Özündən çox-çox əvvəl bu
ustadın nəsil-nəcabət şöhrəti doğulub. Babası - məşhur
Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün
gözü olub. Sonrakı yüzilin 80-ci
ilində o böyük sazəndə-xanəndə
ocağının gələcək tarzəni doğulub və
müqəddəs bayramla ilgili olaraq, adı Qurban qoyulub.
Sənədinəsə bənzərsiz sənət yurdumuzun
adı düşüb: Şuşa qəzası,
Abdal Gülablı kəndi. On üç
yaşınadək atası onu çox imtahanlara çəkib;
zəhmət və sənəti övladına qoşa qanad
edib. On dördündə “Sudan gələn
sürməli qız”ı necə çalıbsa, o
çağadək ot-alafdan savayı heç nə
çalmamış ata əlləri sürəkli bir çəpik
çalıb. Xatirələrə görə,
on beşində ustadlar ustadı Sadıqcanın
xeyir-duasını alıb və Qarabağ toylarında
adlı-sanlı xanəndələri müşayiət etməyə
başlayıb. Hərdən Azərbaycan sərhədlərindən
kənarlara - Qafqazlara da dəvət alıb. O
toyların birində böyük xanəndə İslam
Abdullayev “Bu yaşda tarı sinəsinə bütöv bir
Şərq balasıtək sıxıb, Azərbaycan anasıtək
dilləndirən Qurban”ı görüb və onu özünə
daimi müşayiətçi götürüb. Lakin Qurbanın gündən-günə yayımlanan
şöhrəti onun simasında böyük qənimət əldə
etmiş xanəndənin arzularına “qənim” kəsilib.
Belə ki, 1905-ci ildə Gəncə
toylarının birində Qurbanın ifasına vurulan Cabbar
Qaryağdıoğlu onu özüylə Bakıya gətirib.
Hansı ki, bir azdan bu şəhərdən tək
elə neft iyi yox, böyük sənət qoxusu da gələcəkmiş.
Dillər “O olmasın, bu olsun”dan, “Arşın mal alan”dan danışacaq, əllər “Molla Nəsrəddin”i
bir-birinə ötürəcək, kəllələr
hürriyyəti-cümhuriyyət haqda düşünəcəkmiş.
Hələ Azərbaycan mədəniyyətinin
1908-ci ildə doğulası yepyeni bir sənət
övladını demirəm ki, 28 yaşlı Qurban həmin əsər-övladın
- “Leyli və Məcnun” operasının ilk tamaşasında
orkestrin solisti olacaqmış.
Elə sənət Məcnunu Qurbanın da öz həyat
Leylisini tez tapıb evlənməyinə baxmayın -
ömrü boyu çöllər Məcnununa məhəbbəti
səngiməyib və deyirlər, min dəfə
çaldığı o tamaşalarda bu kişinin üzü
bircə kərə gülməyib. Nədən ki, nə qədər
çalıb-çağırsa da,
çalışıb-alışsa da, Leylini Məcnuna verə
bilməyib...
Amma... onları birləşdirə bilməyən bu
böyük sənət ağsaqqalı zaman-zaman o salona gələn
neçə-neçə gənci bir-birinə aşiq-məşuq
edib. Sədəfli
tarının pərdələrində pünhan hədəfli
gəzişmələri də milli həya pərdələrimizi
aradan götürməyə çalışan sovetlərin
dövründə az iş görməyib; tellərini yan
darayan “artel” qızlarımızı, gündə birini arayan
“kollektivləşmə” oğlanlarımızı
nakamlıqdan belə kam almış olan bu cütlüyün
sədaqətinə səsləyib. Onların içərisindən
şairlər çıxıb ki, birisi də belə deyib;
Dinlə
“Çahargah”ı, eşit “Qatar”ı -
Könül dünyasının sərvəti, varı.
Ələsgərin
sazı, Qurbanın tarı,
Seyidin,
Cabbarın avazıyam mən...
Və bir
xatirə “təsnif”i...
Könlünüzü
“sarı sim” üstə kökləməli və əhvalatın
“şah pərdə”sini bəkləməli...
On dörd-on beşində tar çalarkən hər
yanlış xala görə atasının “təzədən!” - deyə
geri qaytardığı bu sənətkar səksən
beşində - 1965-in 10 avqustunda Azərbaycan Dövlət
Filarmoniyasının səhnəsində 23 dəqiqə
çəkən “Rahab”ı elə rübablayıb ki,
tamaşaçıların tufan-alqışları altında
düz üç kərə səhnəyə
qayıtmalı olub. Bu qayıtmaların
birincisində gülümsünüb, ikincisində
qayğılanıb, üçüncüsündə isə
- gah alqışçılara, gah səbəbkara mat-mat baxan
gənc ifaçılardan biri onun qolundan yapışmalı
olub. Sonra da bir az öncə
qalxdığı stula oturub, üzrxahlıq və minnətdarlıq
dolu baxışlarla salona göz gəzdirərək səhnəni
tərk edib. Həmin anlar emosiyalarını
çəpiklərlə ovudan o tamaşaçıların
ağlına gəlməzdi ki, hələ
görünüşü qıvraq, mizrabı şaqraq olan bu
ustad vur-tut 19 gündən sonra dünyasını dəyişəcək.
Üslubi-ladı bir azcana dəyişərək deyim ki,
tək elə o tamaşaçılar yox, bütün musiqi
ictimaiyyəti 29 avqust 1965-dən sonra belə bir mətləbin
də fərqinə vardılar ki, çox xanəndələri
müşayiət etmiş bu ustadın ən çox
bağlandığı Xan Şuşinski bu itkidən nələr
çəkir.
“Tardan Ərəbzəngi kimi bac alan Qurban
qağa” itkisindən! Daha - hansısa şöbədə,
keçiddə, ayaqda hansı
çalğı-çaları vurğulamağı arifi bir
him-cimlə qurğulayan, baxışlarını göydə
tutan ustadın dünyadəyişimindən...
Sən isə
dəyişmirsən, elə hey oxursan dəmadəm, -
Ey “geniş kütlənin şirini, şərbəti!”
Hə,
susma, çağla! Duyğularımızı lap tar-mar
üstə köklə və hər dəm Qurban namlı təkrarsız
sənətkarının da xəyalına dal ki, səndə
onun daha füzun sevgili-yar ruhu var! Yüz illərdi şikəstələdiyimiz
“...simi gözlər” ehtiyatkarlığımızın
“acığına” tellərini “cismcə susqun”un
ruhi-zərbi-eşqilə də dindir. Qırılsa, Dəmirçioğlunun
xan Eyvazın xilasına yönəlik söylədiyi söz:
- “suçunu boynuma mindir”.
Oxu,
öt və aradabir “səni kim unudar?!” kimi
avtosual-nidalarına belə bir səda da qat: “ey bir vaxtlar (və
elə hər vaxtlar) bu sənətə kəm baxanlar, “Oxuma,
tar! İstəmir səni proletar!” - deyə, sovet ildırımı və Qərb
şimşəyi çaxanlar, ruhunuza bir az “Şahnaz”, yadelli
təfəkkürlü tostlarınıza artıq
dünyadilli “Rast” çilənsin...
Bu gün
ən müasir salonları, ən gənc məclisləri də
qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə
şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri,
asta-becid keçidləri, “güli-rüxsarinə qarşu”
gedişlərilə bizi “ahəstəcə qandıran” tar, səni-tarı
susma, oxu!
Çal
və bizlərdən bütün həzz
duyğularımızın, zövqi hisslərimizin, mənəvi,
cismi, ismi hallarımızın o ruha dair daha bir tərif-“tarif”ini
al. Çal və qoy hətta “yeyib-içən oğlanlar” da
görsünlər ki, adam tək elə “gillədibən” yox,
dinləyibən də hallana və hallandıra bilər. Necə
ki, neçə-neçə sənət nəhəngləri
bu ustadın özünü hallandırıblar: “Tarı sinəsinə
bütöv Şərq balasıtək alan”
(İslam Abdullayev), “Mizrabıyla ürəkləri çalan”
(Seyid Şuşinski), “qəlb mənzillərinə gah meh, gah
tufan kimi axan” (Sadıqcan)...
Elə Sənin
“Xalq artisti” adın, “Şərəf nişanı”,
“Qırmızı əmək bayrağı” ordenlərin,
neçə-neçə filmoqrafiya fakturaların, adın
çəkiləndə köhnə və müasir sənət
adamlarının təzimanə duruş-baxışları da
az xatirələr söyləmir.
Bax bu an köhnə “radiola”mdan “Rahab”ını dinləyə-dinləyə
mənim də dilimə bir deyim gəldi: Sən tardan çox
gec - əsrlər sonra doğulsan da, adın, şöhrətin
bu milli sərvət-alətin gələcəyi qədər
yaşayacaq, milli Ozan - Pirimov Qurban...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 12.