Azərbaycan-Misir
turizm əməkdaşlığı
müzakirə olunub
Aydın İsmiyev: «Qarşılıqlı səfərlər iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə töhfə verəcək»
Xəbər
verdiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan
Respublikası ilə Misir Ərəb
Respublikası arasında turizm əlaqələrinin
genişləndirilməsi məqsədilə ikitərəfli
görüşlər keçirmək üçün
avqustun 23-də bu
ölkəyə səfərə gedib.
Misirin turizm nazirinin dəvəti ilə gerçəkləşən səfər zamanı nümayəndə heyəti ölkənin turizm şəhərlərində mövcud vəziyyətlə, turizm obyektləri ilə tanış olub, müxtəlif görüşlər keçirib. Heyətdə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev, Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Elin Abasov yer alıb.
Azərbaycan nümayəndə heyəti 24-26 avqust tarixində Misirin məşhur turizm mərkəzi olan Şarm əl-Şeyx şəhərinə səfər edib və bir sıra görüşlər keçirib. Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda ilə görüşdə nazirliyin şöbə müdiri Aydın İsmiyev ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açıb, bu sahənin inkişafının Azərbaycan dövlətinin hər zaman diqqət mərkəzində olduğunu bildirib. O, Şarm əl-Şeyx şəhərində bir sıra turizm obyektləri və hotellərlə tanış olduqlarını bildirərək, buradakı işləri yüksək qiymətləndirib və tezliklə Misir turistlərini Azərbaycanda görmək istədiyini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri Şarm əl-Şeyx şəhəri ilə ölkəmizin turizm şəhərləri arasında qardaşlaşma saziş və protokollarının imzalanması, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və birbaşa hava xəttinin açılması məsələsini müzakirə etmək məqsədilə Cənubi Sina vilayətinin qubernatorunu Azərbaycana səfərə dəvət edib.
Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda bu dəvəti məmnuniyyətlə qəbul edərək, nümayəndə heyətinin üzvlərinə Şarm əl-Şeyx şəhəri, onun zəngin turizm imkanları, müxtəlif ölkələrdən gələn turistlər haqqında ətraflı məlumat verib. Qubernator Şarm əl-Şeyx şəhərinin Gürcüstanın Batumi şəhəri ilə qardaş şəhər elan olunduğunu bildirərək ölkəmizin şəhərlərinin biri ilə də belə bir anlaşmanın imzalanmasına hazır olduqlarını diqqətə çatdırıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin daxili işlər nazirinin birinci müavini general Mahmud əl-Həfnəvi, Cənubi Sina vilayətinin təhlükəsizlik müdiri general Hatim Əmin iştirak ediblər.
Şarm əl-Şeyx azərbaycanlı turistlərin də maraq dairəsindədir
Səfərlə bağlı qəzetimizə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirib ki, Şarm əl-Şeyx şəhəri Misirin ən böyük turizm mərkəzidir. Azərbaycan nümayəndə heyəti buradakı turizm obyektləri ilə yaxından tanış olublar: «Şarm əl-Şeyx şəhəri azərbaycanlı turistlərin də maraq dairəsində olan turizm mərkəzidir. Şəhərdə fəaliyyət göstərən bir neçə brend hoteli gəzdik, onların iş prinsipi, qonaqlara təqdim edilən xidmətlə yaxından tanış olduq. Burada olduğumuz müddətdə bir sıra səmərəli görüşlər keçirmişik. Bu baxımdan Cənubi Sina vilayətinin təhlükəsizlik müdiri general Hatim Əminlə görüşümüzü qeyd etmək istəyirəm. O bizi hotellərdə tətbiq edilən təhlükəsizlik qaydaları haqqında məlumatlandırdı. Onu da bildirim ki, Şarm əl-Şeyxdə təhlükəsizlik məsələləri yüksək səviyyədə həll olunur».
Misirin turizm naziri ilə görüş
Azərbaycan nümayəndə heyəti Şarm əl-Şeyx şəhərində görüşləri başa vurandan sonra avqustun 27-də ölkənin paytaxtı Qahirə şəhərinə gəlib. Burada nümayəndə heyətini Misirin turizm naziri Hişəm Zazu qəbul edib.
Görüşdə Misirin «Air Cairo» aviasiya şirkətinin rəhbərliyi, həmçinin Misir-Azərbaycan əlaqələrini genişləndirmək və inkişaf etdirmək məqsədilə yaradılmış «Eg-Az tours» şirkətinin, Misirin ən böyük üç turizm şirkətindən biri olan (2010-cu ildə 360 min turist qəbul edib) «Masters Travel Service»nin nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev qəbula görə minnətdarlığını bildirərək səfərin Misirin turizm şəhərlərində mövcud vəziyyət, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektlərinin fəaliyyəti ilə ətraflı tanışlıq imkanı yaratdığını diqqətə çatdırıb, Azərbaycan və Misirin müvafiq nazirliklərinin turizm sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, qarşılıqlı səfərlər iki ölkənin turizm əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcək.
Nazir Hişəm Zazu öz növbəsində onun dəvətini qəbul edib Misirə səfərə gələn Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. Söhbət əsnasında 2007-ci ildə imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu»ndan irəli gələn məsələlər diqqətə alınıb. Nazir bununla bağlı görüşdə iştirak edən Misirin Turizm Nazirliyinin idarə rəislərinə müvafiq tapşırıqlar verib. O həmçinin Bakıdan Misirin turizm şəhəri olan Şarm əl-Şeyxə çarter reysinin açılması məsələsinə dəstək verilməsini Azərbaycan tərəfdən xahiş edib. Görüşdə Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrinin Misirə səfəri də müzakirə olunub.
Sonda xatirə hədiyyələri təqdim edilib. Bununla da səfər başa çatıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 9.