“Sənədli
filmlər reportaj və publisistika
xarakteri daşımamalıdır”
“Bəzən bir kəlmə belə olmadan kamera vasitəsilə böyük bir tarixçəni, fikri ifadə etmək mümkündür”
Xəbər
verdiyimiz kimi, avqustun 21-də Nizami Kino Mərkəzində Polşanın
tanınmış kino mütəxəssisləri
Miroslav Dembinski və Maçyej Driqasın layihəsi əsasında
“Bakı sübhdən günbatanadək” adlı sənədli
filmlər üzrə kurs başlanıb. Sentyabrın 7-dək davam edəcək kurs
polşalı mütəxəssislərin həyata
keçirdikləri “Dünya sübhdən
günbatanadək” layihəsinin tərkib hissəsidir.
Dünyanın müxtəlif şəhərlərində kino təhsili verən məktəblərin tələbələri və gənc rejissorlar üçün silsilə seminarlardan ibarət olan bir neçə həftəlik kurs müddətində iştirakçılar qısametrajlı sənədli filmlər kolleksiyası üzərində çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli ekran işi ərsəyə gətirilir.
Qeyd edək ki, bu ilin 25-29 iyun tarixində Bakıda II Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində layihənin ilk ustad dərsləri keçirilmişdi. Hazırda polşalı kino mütəxəssisləri 20-dək gənc rejissora ustad dərsləri verirlər.
Ssenarist, sənədli filmlər rejissoru və prodüser Maçyej Driqas (Maciej Drygas) və operator Andjey Musial (Andrzej Musial) ilə söhbətimizi sizə təqdim edirik.
* * *
Öncə Maçyej Driqasın fikirlərini öyrəndik:
- Bir ay bundan əvvəl layihənin hazırlıq işləri ilə əlaqədar şəhərinizdə oldum, kino sahəsində təhsil alan tələbələrlə görüşdüm. Layihə haqqında və görüləcək işlər barədə danışdıq. Qısa vaxt ərzində məsələlər həll olundu və artıq kursa başlamışıq.
- “Dünya sübhdən günbatanadək” layihəsinin məqsədi nədir?
- Biz artıq bir neçə ildir ki, bu layihəni həyata keçiririk. Bu, kino-təhsil layihəsidir. Ustad dərsləri zamanı birgə filmlər istehsal edirik. Məqsədimiz olduğumuz şəhərin sənədli kino portretini tələbələrlə birlikdə yaratmaqdır. Dünyanın müxtəlif şəhərlərində keçirilən layihəyə Polşanın tanınmış və peşəkar mütəxəssislərini dəvət etmişik. Polşa kinosunun sənədli filmlər sahəsində öz ənənəsi və təcrübəsi var. Bu filmlər festivallarda özlərini təsdiq ediblər. Sənədli filmlər reportaj və publisistika xarakteri daşımamalıdır. O əsl kino, təbii və canlı olmalıdır. Buna görə də biz hər hansı bir şəhərə öz texniki avadanlığımız, operator, montajçı və texniki heyətimizlə birlikdə gedirik. Ustad dərsləri keçən tələbələr 3-4 dəqiqəlik etüdlər edirlər. Onlar özlərinə müşahidə obyekti seçərək onu sinxron, səssiz müşahidə edirlər. Bu zaman situasiya vasitəsilə 3-4 dəqiqəlik mini tarixçənin sirrini açmağa çalışırıq. Hər etüdü birləşdirərək tammetrajlı bir sənədli film yaradırıq. Beləliklə, ustad dərsi keçdiyimiz şəhərin portreti yaranır.
“Bakı sübhdən günbatanadək” layihəsində də paytaxtınızın portretini yaradacağıq. İndiyə kimi bu layihəni Moskva, Kiyev, Minsk, Tokio, Pekin, Tbilisi, Kişineu, İstanbul və Kəlküttədə həyata keçirmişik. Çəkdiyimiz filmlər televiziya ilə nümayiş olunur. Tokioda çəkdiyimiz film isə kinoteatrlarda nümayiş etdirildi. Hər dəfə yeni şəhərdə layihəmizi başa vuranda öz tələbələrimizlə vidalaşır və bir neçə aydan sonra yenidən görüşürük. Layihə bitdikdən sonra bir araya gəlib il ərzində çəkilən filmlərin premyerasını təşkil edirik. Məsələn, bu il üç şəhərdə - İstanbul, Bakı və Kəlküttədə hazırlanan filmləri təqdim edəcəyik.
- Bu layihədən hansı nəticələri əldə edirsiniz? Ustad dərsləri öz bəhrəsini verirmi?
- Nəticələr tələbələrdən asılıdır. Bacarıqlı və düşüncəli tələbələrlə işin nəticəsi müsbət olur. Bu, məktəbdən də asılıdır. Biz Moskvada ali rejissor kurslarında ustad dərsləri keçdik. Onlar artıq təhsili başa vurmuş, diplomlu kino mütəxəssisləridir, öz kino düşüncələri var. Amma yeni addım atmağa başlayan tələbələrlə işin nəticəsi daha mükəmməl olur. Biz fərqli kino məktəbləri ilə rastlaşırıq. Məsələn, Yaponiyada olduğumuz zaman onların sənədli filminin tamamilə televiziya formatlı olduğunu gördük. Onlarda sənədli film çoxlu söz yığnağı və publisistikadan ibarətdir. Bizim layihə onların xoşuna gəldi. Sözsüz, görüntülərlə, fotolarla sənədli filmin təsir dairəsi daha güclü olur. Bəzən bir kəlmə olmadan belə kamera vasitəsilə böyük bir tarixçəni, fikri ifadə etmək mümkündür. Biz küçədən keçən adi bir insanı müşahidə edə bilərik. Onun hərəkətləri, yerişi, baxışı bizə onunla danışmadan belə çox söz deyə bilər. Bir sözlə, biz tələbələrə sənədli filmin bu yöndə kinematoqrafik tərəflərini öyrətməyə çalışırıq. Bizim üçün bu proses əldə etdiyimiz son nəticədən də önəmlidir. Biz bu filmləri “Oskar” mükafatı üçün çəkmirik. Layihə zamanı tələbələr deyirlər ki, biz sənədli film haqqında bu bilgilərdən xəbərsiz idik. Ali məktəblərdə belə tədris olmur. Biz işin yeni imkanları haqqında müzakirələr aparırıq.
Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, “TVP 2” Polşa milli televiziyası, “Belsat” kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihəyə maliyyəni bu təşkilatlar ödəyir. Belə demək olarsa, bu layihə Polşanın dünya şəhərlərinə hədiyyəsidir. Təbii ki, layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasının da böyük rolunu qeyd etmək istərdim. Bütün şəhərlərdə çəkdiyimiz filmlər Polşanın qeyd etdiyimiz telekanalları vasitəsilə nümayiş olunur. Polşada tamaşaçı kütləsi bu formatı və sənədli filmləri çox sevir. Şəhərlər məsafəcə bir-birindən uzaq olsalar da, insanların hisləri, duyğuları eynidir. Məsələn, kimsə İstanbulda kədərlidirsə, Moskvada da eyni hissi yaşayan insan var.
* * *
Növbəti suallarımızı Andjey
Musial cavablandırdı.
- Azərbaycanlı tələbələrlə
işləmək sizə
çətin deyil ki?
- Əvvəlcə onu
deyim ki, bir operator kimi şəhəriniz məndə
dərin təəssürat
yaratdı. Müasirliklə qədimlik bir
arada - bu, çox möhtəşəmdir.
Burada sovet küçələrinə
və tam müasir Bakıya rast gəlirsən. Binalar, sivilizasiya
emosional hislər yaradır. Sualınıza cavab olaraq bildirim ki, biz müxtəlif insanlarla çalışırıq. Onların sırasında təcrübəli,
təcrübəsiz, dünyanın
müxtəlif kino məktəblərində təhsil
alanlar var. Çünki
tələbələr vasitəsilə
sizin insanlar, yaşayış tərziniz,
kino məktəbiniz haqqında məlumat alırıq. Mən bu
gün Bakını gəzirəmsə, bu ancaq turistik bir nəticə olur. Tələbələrimiz vasitəsilə isə
daha dərin qatları öyrənə
bilirik. Onlar da bizdən
öyrənirlər. Tələbələrlə söhbət zamanı
başa düşdüm
ki, sizdə də sənədli filmlər əsasən televiziya xarakteri daşıyır. Çəkilişlər zamanı gördüm ki, onlarda sakit
müşahidə qabiliyyəti
azdır. Bizdə uzun
kadrlarla, həyatın
müəyyən anlarını
bu kadrlarda əks etdirməyə daha çox önəm verilir. Bir sözlə, sənədli
filmdə operator kamera
ilə televiziya reportajı hazırlayan kimi rəftar etməməlidir. Biz kinonu öyrədirik - gözlə, gör, nələr baş verir. Tələbələr bu fikir vasitəsilə öyrənirlər
ki, həyat ən yaxşı rejissordur.
- Azərbaycan kinosu ilə tanışsınızmı?
- Azərbaycan kinosu haqqında minimal bilgimiz
var. Polşada Azərbaycan
filmləri nümayiş
olunmur. Düşünürəm ki, Azərbaycanda
da Polşa kinosu haqqında bilgilər yetərli deyil. “Azanfilm”in
direktoru Fariz Əhmədovla bu barədə söhbətimiz
olub. Azərbaycan dinamik inkişafdadır
və öz mədəniyyətini dünyada
yetərincə təbliğ
edə bilir. Kino sahəsində də bu addımların
atılması vacibdir.
Şəffaf kino sistemi yaratmaq lazımdır.
Polşada kino sisteminin yenidən və tam şəffaf şəkildə qurulmasına
kino xadimləri özləri nail oldular. On
il mübarizə
apardıq. Bu işi hər hansı nazirlik və dövlət orqanı həyata keçirmədi. Özümüz zamanla bizə lazım olan kino sistemini yaratdıq. Biz kino ekspertləri bu gün də
birlikdə çalışırıq.
Hər il
kinonun inkişafı üçün müəyyən
layihələr təsdiq
edirik. Arzu edirəm ki,
ölkələrimiz arasında
tezliklə kino sahəsində əlaqələr
yaransın. Polşada və
Azərbaycanda kino həftələri təşkil
edilsin. Polşada Şərq filmlərinə
böyük maraq var. Türk, İran filmlərini sevirik. Azərbaycan filmlərini də sevəcəyimizə inanıram.
- Azərbaycan film çəkilişləri
üçün əlverişli
məkandır. Gələcəkdə kinematoqrafçılarımızla hər hansı bədii və ya sənədli filmlə bağlı işbirliyi barədə düşünürsünüzmü?
- Bu, zamandan və ssenaridən asılıdır.
Dünyada ən gəlirli
və tez başa gələn filmlər reklam filmləridir. Reklam filmləri
üçün vacib
şərtlərdən biri
sabit hava şəraitinin olmasıdır.
Məhz buna görə də reklamların çoxu Cənubi Afrikada çəkilir.
Amma Bakıda olduğumuz bir neçə gün müddətində
sabit və çox gözəl hava şəraitinin şahidi olduq. Neçə
gündür fikirləşirəm
ki, nəyə görə Azərbaycan bu sahədən gəlir əldə etməsin, reklam filmi üzrə prodüserlər ölkəyə
cəlb edilməsin.
Amma öz sahəm üzrə hər hansı bir fürsət düşərsə,
məmnuniyyətlə onu
dəyərləndirib Bakıda
və Azərbaycanın
müxtəlif regionlarında
film çəkərəm. Bilirəm ki, XX əsrin əvvəllərində Azərbaycanda
çoxlu polyak yaşayıb. Hələlik bunları nəzərə
alaraq bəzi layihələr haqda düşünürəm.
* * *
Polşalı kino mütəxəssisləri
Azərbaycan mədəniyyətinə,
o cümlədən ailə
mədəniyyətimizə heyran olduqlarını vurğuladılar. Ailə institutu deyilən
bir anlayışın
Avropada tədricən
yox olmasından təəssüf hissi ilə danışdılar.
Qəzetimiz vasitəsilə bütün
Azərbaycan ailələrinə
möhkəmlik və
adət-ənənələrə sadiqlik arzuladılar.
Bildirdilər ki, Bakıda
onları valeh edən ən birinci mənzərə küçələrdə ailələrin
birlikdə gəzintisi
və uşaqlara göstərilən diqqət
olub.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 6.