QHT-lərin mədəniyyət
tədbirlərinin maliyyələşdirilməsi qaydası təsdiqlənib
Tədbirlər Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant
müqaviləsi əsasında maliyyələşdiriləcək
Azərbaycan Respublikası Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun sənədlərlə birlikdə nazirliyə təqdim edirlər. Bu sənədlərə QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili, tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar, tədbirin keçiriləcəyi yer və tarix, tədbirin keçirilməsi ilə bağlı xərclər smetası, təşkilatçılar və iştirakçılarla bağlı məlumatlar daxildir.
Təkliflərin qiymətləndirilməsi məqsədilə
nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən
Müsabiqə Komissiyası yaradılır. Komissiya
9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Komissiyanın 3 üzvü
mədəniyyət sahəsində fəaliyyət göstərən
QHT-lər tərəfindən irəli sürülmüş
namizədlər, 6 üzvü isə nazirlik tərəfindən irəli sürülmüş namizədlər
sırasından mədəniyyət və turizm
naziri tərəfindən təyin edilir. Komissiya QHT-lərin
təkliflərini 15 gün müddətində
qiymətləndirərək mədəniyyət sahəsi
üzrə qalibləri və ikinci yeri tutanları müəyyən edir. Müsabiqə qaliblərinin
siyahısı nazirliyin rəsmi elektron saytında dərc edilir
və onlara müqavilələrin
bağlanılması üçün 5 gün müddətində yazılı dəvət
göndərilir. QHT-lər tərəfindən mədəniyyət
sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən
maliyyələşdirilməsi ilə bağlı ərizələr
hər il mayın 1-dək nazirliyə təqdim
edilir.
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 4.