Azərbaycan filmi Venesiya
kinofestivalında
“Nabat” bədii filmi festivalın ikinci müsabiqə bölməsi olan “Horizontlar” proqramında yer alıb
Avqustun 27-də İtaliyanın Lido adasında 71-ci Venesiya kinofestivalının açılış mərasimi olub. Dünyanın ən qocaman və Avropanın dörd böyük kino yarışmasından biri olan festivalın builki müsabiqə proqramında 20 filmin nümayişi nəzərdə tutulub.
Sentyabrın 6-dək davam edəcək kinofestivalda ilk dəfə olaraq Azərbaycanın tammetrajlı bədii filmi nümayiş olunacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi sayılan “Horizontlar” (“Orizzonti”) proqramına daxil edilib. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.
Venesiya kinofestivalının rəsmi saytında yer alan məlumata görə, “Nabat” filmi “Horizontlar” proqramında sentyabrın 5-də və 6-da nümayiş etdiriləcək. Bu, eyni zamanda, filmin dünya premyerasının başlanğıcı olacaq.
“Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir.
Qeyd edək ki,
festivalda ekran əsərlərini
9 münsif qiymətləndirəcək.
Fransalı bəstəkar Aleksandr
Deplanın rəhbərlik etdiyi heyətə
britaniyalı aktyor Tim
Rot, alman rejissor Filipp Qreninq, italiyalı aktrisa Karla Verdone və digərləri
daxildir.
Mədəniyyət.- 2014.- 29
avqust.- S. 2.