“Mənim sadiq yarım qara torpaqdı...”
Aşıq Veysəl həyatdakı
gerçəklikləri bəsirət
gözü ilə görürdü
Anadolunun zəngin saz-söz məktəbinin
yetirmələri arasında
bənzərsiz yaradıcılığı
ilə yaddaşlarda əbədiləşən sənətkarlardan
biri də cahanı qəlb gözü ilə görən aşıq Veysəldir. Bu il 120 illiyi
qeyd olunan görkəmli ozan mahir ifaları ilə yanaşı, rəvan üslublu şeirləri ilə də şöhrət qazanıb.
Aşıq Veysəl Əhməd oğlu 1894-cü ildə Türkiyənin Sivas bölgəsinin
Sivrialan kəndində
dünyaya göz açıb. Erkən yaşlarında anası
Gülzarı itirən
Veysəl 7 yaşında
çiçək xəstəliyinə
yoluxur. Bu xəstəlikdən sol gözü
tutulur. Sonra sağ gözü də tədricən zəifləyir. Bir gün sağ
gözünə ağacın
budağı dəyir
və zədələyir.
O, bununla da dünya işığından
ömürlük məhrum
olur.
Veysəlin əkinçiliklə məşğul
olan atası sazı-sözü sevən
bir insan olur. Elin söz və
sənət bilicilərinin
şeirlərini yeri gəldikcə oğluna əzbərlədir və
onu bu yolla
ovundurmağa çalışır.
Günlərin birində oğluna
saz da alır.
Saz Veysəlin sirdaşına
çevrilir, dərdi-sərini
onunla bölüşür
və bütün varlığı ilə ona bağlanır. Bir müddət kəndlərinin
söz-sənət sərraflarından
olan aşıq Əliyə şəyird olur. Sənətin sirlərini dərindən
öyrənir.
25 yaşında Əsma adlı xanımla ailə quran Veysəl xoşbəxt ola bilmir.
Həyat yoldaşının
etinasızlığı üzündən
bir neçə il sonra
onlar ayrılırlar.
Şeirlərinin birində
aşıq bu ayrılığı belə
ifadə edir:
Məmləkətə dastan oldum,
Qarım məni bəyənmədi.
Yardan oldum, dostdan oldum,
Yarım məni bəyənmədi.
Aşıq ikinci dəfə ailə qurur və bu evlilikdən
iki oğlu, bir qızı dünyaya gəlir.
1933-cü ildə şeirə,
sənətə dərindən
bələd olan ziyalı Əhməd Kutsi Tecerlə tanışlığı Veysəlin
həyatında müəyyən
dəyişikliyə səbəb
olur. Həmin il onun mətbuatda
ilk şeiri dərc olunur.
Professor Maarifə Hacıyeva “Dünyanı bəsirət
gözü ilə görən aşıq Veysəl” adlı araşdırmasında yazır
ki, gənc yaşlarında aşıqların
şeirlərini əzbər
söyləyən Veysəl
Türkiyə Cümhuriyyətinin
10 illiyi münasibətilə
“Atatürkdür Türkiyənin
əhyası” adlı
şeirini yazır. Şair Sivrialandan Ankaraya camaatla birlikdə piyada gedir. Ankarada şeiri xalq qarşısında oxuyur və alqışlarla qarşılanır. Bundan sonra
onun yaradıcılığı
diqqət çəkməyə
başlayır. O daha
sonra “Atatürkün ölümünə” (1938) adlı
şeirində Mustafa Kamalın
vəfatını böyük
itki hesab edir. Bu itkiyə dünyanın matəm tutduğunu yazır:
Ağlamayım Atatürkə,
Bütün dünya qan ağladı.
Süleyman olmuşdu mülkə,
Gəldi əcəl, can ağladı.
...Zənn etmə ağlayan gülməz,
Aslan yatağı
boş qalmaz.
Yalnız
gedən bir də gəlməz,
Hər gələn
insan ağladı.
Aşıq Veysəl təbiət və cəmiyyətdə
olan gerçəkləri
qəlbinin gözü
ilə görə bilib. Bu belə olmasaydı,
onun yaradıcılığı
bu qədər rəngarəng və zəngin olmazdı:
Dürlü-dürlü rənglərə
boyanmış,
Yaşıl yarpağıyla döşəli
dağlar.
Geyinmiş, qurşanmış gəlin
misallı,
Gülümsər üzünə nəşəli
dağlar.
O, “Meşə”, “Ağaclar”,
“Adalar”, “Dağlar”, “Yaz səhəri”, “İnləyər”, “Oyanış”,
“Səhərlər oyanar
gülün zarından”,
“Bəsərək dağı”,
“Qara torpaq” kimi şeirlərində təbiət və onun könül oxşayan gözəlliklərini
böyük bir şair coşqunluğu ilə qələmə alıb.
Müəllifin “Deyişlər” adlı ilk
kitabı 1944-cü ildə
nəşr edilir. Sonra “Sazımdan
səslər” (1950), “Dostlar
məni xatırlasın”
(1971) kitabları işıq
üzü görür.
1965-ci ildə aşıq “Ana dilinə və milli birliyə
etdiyi xidmətlərinə
görə” xüsusi
təqaüdə layiq
görülür.
Onu da deyək ki, aşıq Veysəl “Qara torpaq” adlı
şeirinə görə
Türkiyə ədəbiyyatında
“torpaq şairi” kimi şöhrət tapır. Avropa İnsan Haqları
Komissiyasının hakimi,
professor Kamal Fikrət
Arık 1965-ci ildə
Londonda xəstəxanada
ikən bu şeiri oxuyur və çox təsirlənir. Aşıq
Veysələ belə
bir məktub yazır: “...Sən bu yalnız, qaranlıq xəstəxana
odalarında məni səsinlə, deyişlərinlə
ümidləndirirsən. Səndə yurdumun
havasını, yelini,
ümidini, gücünü
tapıram. Çıl-çılpaq,
boz dağlar, boş odalar, kasıb kəndlərinin iç zənginliyini, əxlaq üstünlüyünü,
bütün çarəsizliklərlə
savaşaraq yaşama əzmini, sən bütün bunları “Qara torpaq”da nə ustalıqla, nə üzdən anlatdın”.
Aşıq Veysələ görə,
həyatımızı öz
barı-bəhrəsi ilə
təmin edən torpaq ən sadiq dost, ən vəfalı gözəl və insanlara haqdan verilən gizli xəzinədir. İnsanların bütün
ehtiyaclarını ödəyən,
ona gözəl maddi nemətləri yetirən, yeri gələndə qüsurlarını
gizlədən və sədaqətlə bağrına
basan da qara torpaqdır:
Bütün qüsurumu torpaq
gizləyir,
Məlhəm qılıb yaralarım düzləyir.
Qolun açmış yollarımı
gözləyir,
Mənim sadiq yarım qara torpaqdı.
Aşığın araşdırıcıları
qeyd edirlər ki, o, gözlərində cərrahi əməliyyat aparmaq istəyən həkimlərə etiraz edərək belə deyib: “Mən qəlbimin evində bütün qurğu-büsatı
yerli-yerində olan möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram,
o gözəl dünyadan
əsər-əlamət qalmasın.
İstəmirəm, məni öz
dünyamla baş-başa
buraxın”.
Aşıq həmin düşüncəsini
aşağıdakı şeirində
belə ifadə edib:
Bir kiçik dünyam var içimdə mənim,
Möhnətim, zinətim mənə kafidir.
Baxanlar dar görür, genişdir mənə,
Söhbətim, ülfətim mənə kafidir.
Ozan poeziyasını hikmətli
sözləri ilə bəzəyən aşıq
Veysəl 1973-cü il martın 21-də vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 15.