Yaxşı iş üz ağardar
Dövlətimizin
mədəniyyət və incəsənətə göstərdiyi
diqqət və qayğıdan Füzuli rayonunun mədəniyyət ocaqları da yetərincə bəhrələnirlər. Bu günlərdə Horadiz
şəhər mədəniyyət evinin
direktoru, dostum Musa Məhərrəmovla birlikdə Kərimbəyli
kənd mədəniyyət evinə gəldik. Həyətindən,
divarından, daşından nəğmə səsi yüksələn
bir məkana düşdük.
Mədəniyyət evinin direktoru Səltənət Hümbətova bizi gülərüzlə qarşıladı. Bayraq Günü münasibətilə Dursun Musayevanın ssenarisi əsasında “Dalğalansın bayrağım, azad olsun torpağım” adlı ədəbi-bədii kompozisiyanın məşqləri gedirdi. Əsasən məktəblilərdən ibarət olan qiraət dərnəyinin üzvlərindən Ülviyyə Nuriyeva, Maral Bağırova, Xəyalə Şahverdiyeva, Günel Süleymanova, Lamiyə Nuriyeva və Elnur Quliyevin səhnə sərbəstliyi, səlis tələffüzləri bizi heyran etdi. Hiss olunurdu ki, bu yeniyetmələrdə ədəbiyyata, səhnəyə böyük maraq var.
Bu mədəniyyət ocağının yetirmələrindən iki tanınmış xanəndənin adını çəkmək yerinə düşər. Bu gün sevilən ifaları ilə geniş dinləyici auditoriyası toplayan istedadlı xanəndələr Bağman Kərimbəyli və unudulmaz sənətkarımız Ağabala Abdullayevin möhür vurduğu “Zabul” muğamını yaşadan Bağman Musayev ilk musiqi təlimlərini burada almışlar.
Elə bir əlamətdar gün, bayram olmaz ki, Səltənət xanımın rəhbərliyi ilə “Araz” instrumental ansamblı hərbi hissələrdə və məktəblərində, eləcə də ictimaiyyət qarşısında tədbirlərdə, konsertlərdə iştirak etməsin. Mədəniyyət evinin bədii rəhbəri Xalid Bədəlovun yaratdığı “Araz” ansamblının tərkibində gözəl səsə malik istedadlı ifaçılar az deyil. Onlardan yuxarıda adını çəkdiyimiz Bağman Musayevin, Elməddin Məmmədovun, Telman Bağırovun, Tacir Vəliyevin, qarmonçalan Rəftar Vəliyevin, sintezator ifaçısı Cahangir Məmmədovun, nağaraçalan Samir Bədəlovun çıxışları hər yerdə tamaşaçıların ürəyincə olur, alqışlarla qarşılanır. Konsertlərin proqramları tərtib edilərkən rəqs dərnəyi üzvlərinin də məharəti nəzərə alınır. Səltənət xanım qarşıdakı planları haqqında danışdı:
- Görüləsi işlərimiz çoxdur. Əsgər balalarımızda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün tez-tez hərbi hissələrdə olmalıyıq. Bir neçə gündən sonra sərhədçilərimizlə görüşə gedəcəyik. Qiraət dərnəyimizin üzvləri Salam Qədirzadənin “Şirinbala bal yığır” komediyasından parçalar hazırlayırlar. “Araz” ansamblı üzvlərinin kənd ictimaiyyəti qarşısında çıxışını da nəzərdə tutmuşuq. Kərimbəyli kənd orta məktəbinin müəllim və şagird kollektivi ilə əlaqələrimizin sıxlığı istedadlı uşaqların üzə çıxarılmasında mühüm rol oynayır.
Onu da qeyd edim ki, Səltənət Hümbətova 43 ildir bu sahədə fəaliyyət göstərir. El-obasını ürəkdən sevən və əhatəsindəki insanlardan hədsiz dərəcədə sevgi-sayğı qazanmağa müvəffəq olan xoşbəxt bir el anası kimi öz xeyirxah missiyasını davam etdirir. Gənclik təravətini itirməyən bu xanımın üz-gözündə öləzimək bilməyən bir işıq, bir nur bərq vurur. Təbii ki, bu işıq, bu nur onun sevimli işindən, peşəsindən aldığı mənəvi zövqdən qaynaqlanır. Doğru deyiblər ki, yaxşı iş üz ağardar...
Kərəm Salahoğlu,
Yazıçılar
Birliyinin üzvü.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 12.