“Müəllimə olarkən anladım ki, babamın yolunu davam etdirməliyəm”

 

Gülnar Seyidvaniyeva: “İsmayıl Qaspralı millətə güvənirdi. O deyirdi ki, biz millətin istəklərini, ehtiyaclarını yayanlarıq, onların tərcümanıyıq. Elə bu məqsədlə qəzetin adını “Tərcüman” qoymuşdu”.

 

Bu il türk dünyasının böyük düşüncə sahiblərindən biri İsmayıl Qaspralının (1851-1914) vəfatının 100 ili tamam olur. Türkiyənin təklifi əsasında 2014-cü il UNESCO tərəfindən “İsmayıl Qaspralı ilielan edilib. Bununla bağlı Türkiyədə, digər türkdilli ölkələrdə, İsmayıl bəyin vətəni Krımda tədbirlər keçirilib. 30 oktyabr - 1 noyabr tarixlərində Türkiyənin Bartın şəhərində gerçəkləşən beynəlxalq konfrans haqqında təəssüratlarımızı oxucularla bölüşmüşdük. Konfransın iştirakçıları arasında İsmayıl bəyin nəslinin davamçılarından olan Gülnar Seyidvaniyeva da var idi. Onunla söhbətimizdə türk dünyasının bu önəmli şəxsiyyətinin fəaliyyətinin bəzi məqamlarına toxunduq.

 

- Mən İsmayıl Qaspralının dördüncü nəslinin nəvəsiyəm. Onun böyük oğlu Rifad Qaspralının qızı mənim ulu nənəmdir. İsmayıl bəylə bağlı ailə xatirələrim çox azdır. Ona görə ki, sovet dövründə onun hətta adının çəkilməsi də yasaq idi. Ailəni qorumaq üçünöz ətrafımızda bu məsələyə çox həssas yanaşılıb. İsmayıl bəy haqqında sadəcə çox dar dairələrdə danışılıb. Xatırlayıram ki, yalnız 80-ci illərin sonlarında, yenidənqurma dalğasının başladığı dövrdə artıq İsmayıl Qaspralıdan açıq bəhs edilirdi. Mən özüm Krımda yaşayıram və 19 ildir ki, Tavriya Milli Universitetində Krım tatar ədəbiyyatı tarixi fənnindən dərs deyirəm. Tavriya Krımın əvvəlki adlarından biridir. Gənc nəsillər arasında maarifləndirmə işləri aparırıq. Tələbələrə Qaspralının yaşadığı dövrü, XIX əsrin sonu - XX əsrin əvvəllərindəki ədəbiyyatı, ədəbi hərəkatı öyrədirəm.

1783-cü ildə Rusiya Krım xanlığını işğal edib, o vaxtdan da bu əsarətə qarşı mücadilə aparılıb. Qaspralı dövründə onun həmfikirləri bu mücadilə hərəkatında mədəni bir canlanma yolu seçiblər: türk-müsəlman gənclərini oyatmaq. O zaman həm də Türküstanda, Krımda və başqa yerlərdə yaşayan türk millətlərinin aqibətləri oxşar idi. Onlar öz torpaqlarında milli kimlik şüarlarına sahib olmaq üçün böyük bir hərəkata başladılar və bu hərəkatın ən doğru yolu maarifləndirmə hesab olunub. Bu yolun başında İsmayıl Qaspralı kimi ziyalılarımız dururdu. Qeyd edim ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasında yaşayan türk xalqları arasında güclü ictimai-maariflənmə oyanışı başlandı. Bu sırada Abdunasir İbrahim al Kursavi (islahatçı), Şigbudin Marcani, Kayum Nasiri, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Krımdan Asan Nuri, Aci Abibulla Əfəndi, İsmayıl Qaspralı və digərlərinin adlarını çəkmək olar. Yəni o zaman üçün real vəziyyət bundan ibarət idi ki, türk-müsəlman millətlərini yeni durum səviyyəsinə gətirməyin yolu maarifləndirmədir və bu yolda həmin xalqların ziyalıları dayanırdı. Hazırda Krımda 400 minə yaxın tatar yaşayır. Ötən əsrin 40-cı illərindəki sürgündən sonra Orta Asiya torpaqlarında hələ də çoxlu krımlılar var. Müxtəlif ölkələrdə diasporumuz fəaliyyət göstərir.

- Maraqlıdır, bu ziyalıların maarifləndirmə, islahatlara bağlı hərəkatlarının əsasında hansı ideyalar dayanırdı?

- Burada iki yolu qeyd etmək lazımdır: dinlə bağlı islahatlar və təhsil islahatları. Təhsil islahatlarından danışarkən deyim ki, bu ibtidai siniflərdə, mədrəsələrdə yeni dərs üsulunun istifadəsi, dünyəvi fənlərin tədrisi - üsuli-cədiddir. Çünki türk xalqları hər zaman çox irəli gedən xalqlar olub. Türk-müsəlman xalqlarına dünyəvi fənləri öyrətməklə yanaşı, onların Qurani-Kərimi bilmələri İslam dininin qorunması, təbliği baxımından çox önəmli idi. Amma əvvəlki məktəblərdə bu durğunluğu yaşadan bir səbəb kimi dinin yanlış öyrədilməsi idi. Doğru olan isə Quranın ayələrinin əsas mənasını bildirən ifadələri əzbərləməklə deyil, anlamaqla, həyat tərzində istifadə etmək idi ki, Qaspralı bu hərəkatın birinciləri sırasında idi. İsmayıl Qaspralı üçün ən önəmlisi 1883-cü ildən çap olunan “Tərcüman” qəzetinin yaşadılması, ikincisibu qəzetin yayımlanması idi. O zaman Rusiya hakim dairələri başqa bir üsula əl atdılar: rus dilində “milli qəzetləri” yaymaq. Məsələn, 1828-ci ildə Tiflisdə “Tiflisskie vedomosti” qəzeti, 1838-də Krımda “Tavrıçeskie vedomosti”, 1870-ci ildə “Turkistanskie vedomosti” adlı qəzetlər fəaliyyətə başladı. Lakin bu qəzetlər bu millətlərin mənafelərini qorumurdu. Nəhayət, türk-müsəlman ziyalıları öz xalqlarının durumunu dəyişdirmək üçün milli qəzetlərin olması haqqında fikirlər irəli sürürdülər. Beləliklə, 1875-77-ci illərdə Azərbaycanda “Əkinçi” qəzeti nəşr olundu. Bundan başqa, “Ziyayi-Qafqaziyyə” kimi qəzet, Qaspralı tərəfindən 1880-1881-ci illərdə “Şəffaf” və “Tonquc” qəzetləri nəşr edildi.

- Gülnar xanım, o zaman maarifləndirmə işində “Tərcüman” qəzeti əvəzsiz rol oynamışdı. Bu barədə bir qədər ətraflı danışmağınızı istərdik...

- “Tərcüman” qəzeti “Şəffaf” və “Tonquc” qəzetlərindən sonra yayıma başlayıb. 1883-cü ildə İsmayıl bəy “Tərcüman”ın nəşrinə icazə alır. Bu qəzet həmin ilin 10 aprelindən başlayaraq 35 il çap olunub. Əvvəlcə qəzet həftədə bir dəfə olmaqla 300 nüsxə çıxırdı. Getdikcə tirajı artmağa başladı və 1500-ə çatdı. 1910-1912-ci illərdə isə artıq 10 min nüsxə nəşr olunub. Ümumiyyətlə, Birinci Rus inqilabından, yəni 1905-ci ildə əldə edilən azadlıq imkanlarından sonra və Qaspralının təsiri ilə türk xalqlarının dillərində 35-dən çox qəzet və jurnal yayımlanıb. İsmayıl Qaspralı “Tərcüman” qəzetini buraxmaqla böyük işlər görüb. Həm də o zaman buna ehtiyac var idi. Babam millətə güvənirdi. Ona görə də bu qədər səmərəli çalışıb. Bir misal gətirim, 1903-cü ildə Dağıstandan olan Əbusufyan Akayev Baxçasaraya gələrək 1 il müddətində Qaspralıdan mətbuat işini öyrənir. Dağıstana qayıtdıqdan sonra 1907-ci ildə öz mətbəəsini açır. 10 il müddətində, yəni 1917-ci ilə qədər 150 kitab yayımlayır. 1906-cı ildə Qaspralının mətbəəsinə Əli bəy Hüseynzadənin “Həyat” qəzetinin birillik nəşri hədiyyə gəlir. Əli bəy İ.Qaspralıya yazdığı məktubda “Tərcüman” “Həyat”ın qoruyucusudur”,- deyə bildirir. İsmayıl bəy isə ona belə bir açıq məktub yazır ki, qəzetin qoruyucusu millətdir. Millətin istəklərini, fikirlərini, ehtiyaclarını yayan bizlərik, onların tərcümanıyıq. Bəlkə də elə bu məqsədlə o qəzetin adını “Tərcüman” qoyub.

- “Tərcüman” qəzeti hansı ölkələrdə yayımlanıb?

- Krımın, eləcə də türk dünyasının mədəni mərkəzlərindən olan Baxçasarayda yayımlanan “Tərcüman” qəzeti Rusiya içərisində, Qafqazda, Türküstanda, tatarlar yaşayan bölgələr də daxil olmaqla, Rusiya imperiyasından kənarda da yayımlanıb, Misirə, Hindistana, hətta Yaponiyayadək gedib çıxıb. Onu da qeyd edim ki, “Tərcüman” mətbəəsində sadəcə qəzet və jurnallar deyil, dərsliklər də çap olunurdu. Müqəddəs Qurani-Kərim də “Tərcüman” mətbəəsində çap olunub. Onun keyfiyyəti o qədər yüksək idi ki, müsəlman dövlətləri Krımdan gələn tirajı böyük istəklə gözləyirdilər. Bildiyiniz kimi, ərəbcə yazılan kitablarda hər bir nöqtənin önəmi, mənası varbu nöqtələrdən birinin düzgün qoyulmaması və ya olmaması yanlış oxunmağa gətirib çıxara bilərdi. Qaspralının mətbəəsində belə xətalara yol verilmədiyi, keyfiyyətli kağızlarda nəşr edildiyi üçün bu kitablar çox qiymətli idi. Bütün bunlar İsmayıl bəyin 1884-cü ildə üsuli-cədid məktəbi açmasına bir zəmin verirözübu məktəbdə dərs deyirdi. Bundan sonra xeyli belə məktəblər açıldı.

- Gülnar xanım, yəqin ki, müəllimə peşəsini seçməniz, xüsusilə də, babanızın fəaliyyət göstərdiyi dövrü tədris etməyinizdə İsmayıl Qaspralı fenomeni təsirsiz deyil...

- Doğrudur. Amma mən müəllimə olarkən anladım ki, babamın yolunu davam etdirməli, onun fəaliyyəti ilə bağlı araşdırma aparmalıyam. Yəni bunun boynuma düşən borc olduğunu dərk etdim. Ona görə ki, müəlliməlik çox məsuliyyətli bir yoldur. Mən bu peşədə çalışmağı təkcə hesab etmirəm. Bu, bilik ocağı, maarifçilik sahəsidir. İsmayıl Qaspralı maarif yolunda xidmət edirdi. Bu yolla getmək və onun yolunu davam etdirməklə qürur duyuram.

- Ölümündən 100 il sonra da biz Türkiyənin Bartın şəhərində İsmayıl Qaspralının işığına toplaşdıq. Sizinbu tədbirdə iştirakınız hər kəsi məmnun etdi.

- Bilirsiniz, Bartına gələrkən yolda Karaköç adlı kənd gördüm. Düşündüm ki, bu, bizim Krımda baş verən 1783-cü il faciəsi ilə bağlıdır. Çünki o zaman rus əsarətindən qurtulmaq üçün minlərlə krımlı “ torpaqlaraköç etmək məcburiyyətində qalmışlar. Bu torpaqlar isə Osmanlılara aid idi. Hazırda Türkiyədə çoxlu Krım tatarı yaşayır. Onlar burada öz kəndlərini salıblar. “Köç” və “hicrət” sözləri ilə bağlı kənd adları bizim krımlılara aiddir. Sonralar babam maarifçilik hərəkatına başlayarkən bu köçün səbəblərini də araşdırdı və nəticədə belə ibarələr yazdı: “Getmək asan, qalmaq çətindir”, “Yıxılmaq asan, qalxmaq çətindir”. O belə nəticəyə gəlmişdi ki, getməklə məsələ həll olunmur. Sevindirici haldır ki, Bartın Jurnalistlər Cəmiyyəti və Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi tərəfindən təşkil edilən beynəlxalq konfransda yenə onun “Dildə, fikirdə, işdə birlik” şüarı altında toplaşdıq. Bütün natiqlər onu söylədilər. Onlar Qaspralının bizə miras qalan irsini öyrənib araşdırmağa çalışırlar və mən Bartında bu birliyin bir daha şahidi oldum.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 11.