Azərbaycan həqiqətləri
Avropada daha geniş yayılacaq
Lüksemburqda “Qarabağ” Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb
Lüksemburqda 2011-ci ildən fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosu açılıb. Heydər Əliyev Fondunun və ölkəmizin Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə açılan büronun məqsədi Azərbaycanın mədəniyyətinin, Qarabağ haqqında tarixi həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş tanıdılmasıdır.
Noyabrın 27-də keçirilən açılış mərasimində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova və “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster çıxış edərək fikirlərini bölüşüblər. Millət vəkili Rövşən Rzayev Lüksemburqda belə assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçənlərə təşəkkürünü bildirib və belə təşkilatların avropalıların Azərbaycanla bağlı məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışlarda xalqımızın mədəni dəyərlərinin və tarixinin Avropada yayılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm işlər gördüyü xüsusi qeyd edilib.
Paytaxt Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmizlə bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu ziyarətçilərə Azərbaycan haqqında müxtəlif nəşrlər, audio və videomateriallar təqdim edəcək.
Mərasimdə kamançada Azərbaycan muğamları səslənib və qonaqlara Heydər Əliyev Fondunun nəşrləri paylanıb.
“Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədr müavini Seymur Əhmədov qurumun gələcək fəaliyyəti barədə danışaraq 2015-ci ildə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində bir çox tədbirlərin, konsert və sərgilərin təşkil edilməsinin nəzərdə tutulduğunu deyib.
Tədbirdə Lüksemburq
Xarici İşlər Nazirliyi
baş katibinin müavini Leo Faber, xarici diplomatlar,
Azərbaycan diasporunun təmsilçiləri
iştirak ediblər.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 7.