Baba Fazil oğlu Rzayev

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış rejissor, Lənkəran Dövlət Dram Teatrının sabiq baş rejissoru, Əməkdar incəsənət xadimi Baba Fazil oğlu Rzayev 2014-cü il dekabrın 2-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Baba Fazil oğlu Rzayev 1942-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1961-ci ildən S.Vurğun adına Mədəniyyət sarayında dram dərnəyində, sonra xalq teatrında fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət evində dram dərnəyinə rəhbərlik edən B.Rzayev 1969-1973-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində ali təhsil almışdır.

1974-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göndərişi ilə o, N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor heyətinə qəbul olunmuş, 1975-1980-ci illərdə A.Lunaçarski adına Teatr Sənəti İnstitutunun (QİTİS) rejissorluq fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.

Baba Rzayev 1974-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor, rejissorbaş rejissor kimi fəaliyyət göstərmişdir. Bu sənət ocağında çalışdığı müddətdə aktyor kimi Y.Əzimzadənin «Silahdaş» əsərində doktor Nəriman, N.Vəzirovun «Müsibəti-Fəxrəddin» faciəsində Fəxrəddin, C.Cabbarlının «Oqtay Eloğlu»nda Aslan bəy, H.Cavidin «Topal Teymur» dramında şair Kirmani, S.Rəhmanın «Toy» komediyasında Kərəmov, M.İbrahimovun «Kəndçi qızı»nda Şəkərlinski, U.Şekspirin «Qış nağılı»nda Avtolik kimi maraqlı obrazlar yaratmışdır. Teatrda rejissor kimi S.Rəhmanın «Toy» və «Əliqulu evlənir», Anarın «Şəhərin yay günləri», C.Məmmədquluzadənin «Ölülər», M.F.Axundzadənin «Molla İbrahimxəlil kimyagər» və «Xırs quldurbasan», C.Cabbarlının «Sevil» və s. müxtəlif janrlı tamaşalara quruluş vermişdir.

1980-ci ildə Moskvada keçirilən kütləvi bayram və tamaşaların ümumittifaq festival-müsabiqəsində respublikamızı təmsil edən kollektivin bədii rəhbəri olmuşdur. Hazırladığı kütləvi bayram tamaşası otuz yeddi kollektiv arasında birinci yerə layiq görüldüyü üçün sənətçiyə qızıl medal təqdim olunmuşdur.

Teatr sənətindəki xidmətlərinə görə Baba Rzayev 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. O, ömrünün 50 ilini sənətə həsr etmişdir.

Baba Fazil oğlu Rzayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 6.