Mədəni irsimiz haqqında geniş informasiya şəbəkəsi yaratmalıyıq

 

Əbülfəs Qarayev: “Azərbaycan beynəlxalq təşkilatlarda ona görə söz sahibidir ki, ədalətli mövqe tutur və digər xalqların mədəniyyətinə qarşı iddia irəli sürmür

 

Dekabrın 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirdi. Müxtəlif məsələlərə həsr olunmuş tədbirdə nazir öncə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulmuş mədəniyyətlərarası dialoq üzrə «Bakı prosesi»nin 6-cı ilinin tamam olduğunu diqqətə çatdırdı.

 

«Bakı prosesi» haqqında ətraflı məlumat verən Əbülfəs Qarayev 2 dekabr 2014-cü il tarixdən artıq III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığına start verildiyini dedi. III Forumun 2015-ci il 20-21 may tarixində gerçəkləşəcəyini deyən nazir müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda bununla bağlı təqdimatların keçirildiyini bildirdi: “Bakı Forumu UNESCO, İSESCO, Dünya Turizm Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası tərəfindən dəstəklənir. Forumla bağlı növbəti təqdimatlardan biri bu günlərdə ABŞ-da keçiriləcək. Bu təqdimatlarda Azərbaycanın nümayəndə heyəti ilə bərabər yuxarıda adını çəkdiyim qurumların təmsilçiləri də iştirak edir. Bu hadisə Azərbaycanın beynəlxalq imicinin formalaşdırılmasına müsbət təsir göstərir. Bu, eyni zamanda ölkə başçısının apardığı siyasətin bir təcəssümüdür. Çünki real olaraq bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana yönəlir”.

Kütləvi informasiya vasitələrini bütün bu tədbirləri ətraflı işıqlandırmağa çağıran Əbülfəs Qarayev gələn il fevralın 1-dən mayın 1-dək bu mövzuda ən yaxşı televiziya verilişi və məqalə müsabiqəsinin keçiriləcəyini də dedi.

Sonra nazir UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 24-28 noyabrda Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənətinin "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na salınması barədə fikirlərini bölüşdü. Bu uğurun arxasında böyük zəhmətin dayandığını bildirən Əbülfəs Qarayev kəlağayı sənəti ilə bağlı təqdimat faylının Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlandığını dedi. Nazir onu da xatırlatdı ki, ilk dəfə kəlağayının beynəlxalq ictimai təqdimatını 2000-ci il Sidney Olimpiya Oyunları zamanı təşkil edilən Azərbaycan günündə Mehriban xanım Əliyeva edib.

“Azərbaycan artıq bir neçə ildir ki, ardıcıl olaraq mədəni irs nümunələrinin bəşəriyyətin siyahısına salınmasına nail olur. Hesab edirəm ki, bu faktın ətrafında müsbət bir ab-hava formalaşdırmaq lazımdır. Biz öz uğurlarımıza sevinməyi bacarmalıyıq, xalqa da bu nailiyyətləri çatdırmalıyıq. Ümumiyyətlə, UNESCO-nun siyahısında olan hər bir maddiqeyri-maddi mədəni irs nümunələrimiz haqqında daha geniş informasiya şəbəkəsini formalaşdırmalıyıq. Media nümayəndələrinin bu baxımdan rolu danılmazdır”, - deyə nazir bildirdi.

Əbülfəs Qarayev mənfur qonşularımızın zaman-zaman Azərbaycanın mədəni irsinə, milli mətbəxinə sahib çıxmağa çalışdığını, amma buna heç zaman nail ola bilmədiklərini bildirdi. Qeyd etdi ki, bu gün davam edən müharibə əsasən mədəniyyət sahəsində gedir, bu, bir informasiya müharibəsidir. İnformasiya müharibəsində təkcə ayrı-ayrı dövlət qurumlarının deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə dövlət və ictimai fikir tərəfindən vahid siyasət yürüdülməlidir.

Nazir UNESCO Hökumətlərarası Komitəsinin sessiyasına ermənilərin təqdim etdiyi lavaş faylı haqqında qurum tərəfindən verilmiş qərara da toxundu. Bildirdi ki, Azərbaycan və Türkiyə tərəfinin səyləri nəticəsində Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı alınıb və komitə tərəfindən qəbul edilməyib. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğuna baxmayaq, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da UNESCO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır o, ermənilərin eksklüziv çörək məmulatı deyil. Bu elementin UNESCO siyahısına daxil edilməsi onun eksklüzivliyinə dəlalət etmir Ermənistan nəzərə almalıdır ki, lavaş bişirmə mədəniyyəti həm region, həm regiondan kənarda yaşayan icmalara məxsusdur.

Nazir xatırlatdı ki, bu ilin iyununda Bodrumda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında qəbul olunmuş bəyannamədə türkdilli xalqların birgə fayllarının UNESCO-ya təqdim edilməsinin təşviq olunması əksini tapıb: «Biz xalq olaraq bizə məxsus mədəniyyətin mənimsənilməsinə imkan verməməliyik bu istiqamətdə birgə mübarizə aparmalıyıq. Azərbaycan beynəlxalq təşkilatlarda ona görə söz sahibidir ki, ədalətli mövqe tutur digər xalqların mədəniyyətinə iddia irəli sürmür”.

Nazir mətbuat konfransında jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Azərbaycanda kəlağayı sənətinin UNESCO-nun siyahısına daxil edilməsindən sonra bu sənətin inkişaf etdirilməsi barədə suala cavabında nazir bildirdi ki, İqtisadi İnkişaf Nazirliyi sahibkarların bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələr aparılır: «Bu, çox vacib məsələdir. Biz bu sənəti daha da inkişaf etdirməliyik. Nazirlik olaraq kəlağayı ilə bağlı hazırlıq işlərini xeyli vaxtdır aparırıq. Xaricdən gələn əksər qonaqlarımıza Mədəniyyət Turizm Nazirliyinin loqosu ilə kəlağayı hədiyyə edirik. Onu da bildirim ki, kəlağayı bir hədiyyə kimi hər zaman qonaqlarımız tərəfindən maraqla qarşılanıb. Ona görə Azərbaycanda kəlağayı istehsalı, onun suvenir məhsulu kimi ölkəmizə gələn turistlərə təqdimatını həyata keçirmək işi daha da genişləndiriləcək».

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 3.