Əlillər üçün sərhədsiz incəsənət

 

Tiflosurdo şərhlə "Şərikli çörək" filmi nümayiş olunub

 

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsi 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib.

 

Ramana qəsəbəsində sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində keçirilən tədbirdə "Sərhədsiz incəsənət” layihəsi çərçivəsində tiflosurdo şərhlə müşayiət olunan "Şərikli çörək" filmi nümayiş olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanda yeni olan tiflosurdo tərcüməli bir neçə filmin maliyyə dəstəyini öz üzərinə götürüb. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün son dərəcə əhəmiyyətli olan bu sahəni inkişaf etdirməkdir.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Aparatının Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, bu gün dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 min nəfərdən çox əlilliyi olan şəxs var. Onların təxminən 63 mini uşaqlardır.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev və “Sərhədsiz incəsənət” layihəsinin rəhbəri Reyhan Cəfərova layihəyə dəstək olduğu üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təşəkkürlərini bildiriblər.

Tədbirdə gənc əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib, incəsənət ustalarının ifaları dinlənilib.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 12.