Qardaş ölkədə yaşamaq həyatımın mənə verdiyi hədiyyədir”

 

Oya Ergün: “Azərbaycanda çətinlikdən daha çox gözəllik kəşf etdim. Buradan ayrılarkən özümlə çox gözəl duyğular aparacağam

 

Türkiyənin tanınmış vokalçısı və opera müğənnisi Oya Ergün gözəl səsi, ifaları ilə Azərbaycanda qısa müddətdə tanındı və sevildi. Mərmərə Universitetinin musiqi bölməsini bitirən Oya xanım İstanbulda konservatoriyada vokal müəllimi kimi fəaliyyət göstərib. Özünün dediyi kimi, Bakıya ilk öncə həyat yoldaşının işi ilə bağlı gələn sənətçi, bir sıra uğurlu layihələrə imza atıb. Azərbaycan bəstəkarlarının əsərlərini peşəkar səviyyədə ifa edən Oya xanım ilə söhbətimizdə yaradıcılığı ilə bağlı bir sıra maraqlı məqamlara toxunduq.

 

- Azərbaycanda çox gözəl musiqiçilərin olduğunu bilirdim. Ona görə də qardaş ölkəyə köçmək qərarını verəndə musiqiçi kimi burada daha da inkişaf edəcəyimi düşündüm. Artıq üç ilə yaxındır ki, Azərbaycanda yaşayıram.

- Maraqlıdır, bu müddətdə yaradıcılığınızla bağlı çətinliklərlə qarşılaşdınızmı?

- Azərbaycan da daxil olmaqla hər ölkənin özünə aid bir sıra çətinlikləri var. Yəni insanın öz işini görməsi hər zaman asan olmur. Məsələn, Avropada opera teatrları, simfonik orkestrlərin bir qismi dövlətə bağlı olduğu kimi, digər qismi də özəldir. Orada özəl konsertlər təşkil olunur. Avropada musiqi sahəsinə daxil olmaq daha asandır. Təbii ki, Azərbaycanda bütün konsertlərimi özüm təşkil etdim. Burada çətinliklərdən biri sponsor tapmaqdır. Eyni zamanda onu da demək istərdim ki, Azərbaycanda çətinlikdən daha çox gözəllik kəşf etdim. Musiqiniz çox zəngindir. Buradan ayrılarkən özümlə gözəl duyğular aparacağam.

- Bakıda daha çox hansı bəstəkar və şairlərlə əməkdaşlıq edirsiniz?

- Şairlərdən Sona Vəliyeva və Qənirə Paşayevanın şeirlərinə yazılmış mahnıları ifa etdim. Bəstəkarlara gəlincə, Firəngiz Əlizadənin musiqiləri diqqətimi çox cəlb edir. Onu Almaniyada yaşadığı illərdən tanıyıram. Avropada keçirdiyimiz konsertlərdə zaman-zaman bir yerdə olduq. Onun bəstələrini ifa etməyə çalışıram. Yəqin ki, bu, gələn il olacaq. Cavanşir Quliyevi Bakıya gəlməzdən öncə də tanıyırdım, əsərlərini hələ Hollandiyada yaşayıb fəaliyyət göstərdiyim illərdə ifa etmişəm. Digər bəstəkarların yaradıcılığı ilə Azərbaycana gələndən sonra tanış oldum. Klassik bəstəkarlardan Üzeyir Hacıbəylini, Qara Qarayevi, Cahangir Cahangirovu, Tofiq Quliyevi çox sevirəm. Mənim fikrimcə, Tofiq Quliyev Azərbaycanın Şubertidir, onun “Sənə də qalmaz” və digər başqa əsərlərini bilirdim. Hazırda bu mahnı da mənim repertuarıma daxildir.

- Klassik musiqinin auditoriyası digər janrlar kimi böyük olmur. Bu musiqiyə həvəs sizdə haradan yarandı?

- Mənim doğulduğum, böyüdüyüm evdə ancaq klassik musiqi səslənərdi. Atam hüquqşünas olsa da, çox yaxşı kaman çalardı. Bundan başqa, əmim, qardaşım da kamanda ifalar edərdilər. Mən də hər gün klassik bəstəkarları dinləyirdim. Avropaya gedərkən hər kəsin bu musiqini yaxşı bildiyini düşünürdüm. Amma gördüm ki, orada da klassik musiqini dinləyənlərin sayı azdır. Bu janrdan zövq ala bilmək üçün yaxşı təhsil almaq lazımdır. Mən uzun illər Hollandiyada yaşadım. Həm orada, həm də Almaniya, İtaliya, Fransada konsertlərim oldu.

- Bilirik ki, Azərbaycanın dünya şöhrətli sənətkarı Rəşid Behbudovun repertuarındakı mahnılardan ibarət albomunuz işıq üzü görüb...

- Rəşid Behbudovun mahnılarını uşaqlıqdan dinləmişəm və ona heyran olmuşam. Onun səsini Luçano Pavarotti və amerikalı tenor Rudolf Antoni Jozefin səsinə bənzədirəm. Dinlədiyin hər bir mahnısından onun təpədən dırnağa qədər musiqiçi olduğunu hiss edirsən. Azərbaycan deyincə ağlıma gələn ilk məqam günəş kimi parlaq Rəşid Behbudovun portretidir. Bu böyük sənətçinin ifalarından ibarət hazırladığım alboma "Sevgilim" adını verdimalbom çox uğurlu alındı. Onun repertuarından "Ayrılıq", "Sevgilim", "Küçələrə su səpmişəm", "İncə geyərsən", "Nazəndə sevgilim", "Girdim yarın bağçasına", "Lalələr", "Sənə də qalmaz", "Reyhan", "Alagöz" və s. mahnıları öz səsimlə canlandırdım və bundan olduqca məmnunam. Təsadüfi deyil ki, albom bir neçə mükafata layiq görüldüçox da sevildi.

- Yeri gəlmişkən, siz özünüz də Azərbaycanda çox qısa müddətdə tanındınız...

- Mən tanınım deyə çox canfəşanlıq etmədim. Yəni belə bir məqsədim olmadı. Konsertlərdə iştirak etdim, eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyi mənə böyük dəstək verdi. Ardıcıl konsert təklifləri oldu bundan sonra tanındım.

- Yaxın gələcəkdə musiqisevərlərin qarşısına hansı yeni layihələrlə çıxacaqsınız?

- 2015-ci ildə Rəşid Behbudovun 100 illiyidir və mən onun repertuarındakı mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəyəm. Bunun ardınca həmin konsert proqramını Hollandiyada təqdim etmək fikrim var. Konsert layihələrimin ardınca yeni CD-nin hazırlıqlarına başlayacağam. Onu da qeyd edim ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi mənə ikinci diskimin hazırlanmasında çox köməklik etdi. Azərbaycan Dövlət Filarmoniyasının studiyasında mahnıları yazdıq. Bu mənə göstərilən böyük dəstək idibuna görə onlara təşəkkür edirəm. Gələcək layihələrimin sırasında tanınmış azərbaycanlı musiqiçi Cəmilə Cavadova ilə bir Amerika konserti planımız da var. Cəmilə xanımla Amsterdam Universitetində birgə təhsil almışıq və eyni konservatoriyanın məzunu olmuşuq. Orada birgə layihələr həyata keçirdik. Cəmilə xanım bir çox ölkələrdə tanınır. O, Azərbaycanın musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqan ifaçısıdır. Gözəl zövqə malik olan sənətçinin ifası ekspressivliyi, ahəngi, çılğınlığı və eyni zamanda intellektualstilistik üsluba dəqiq riayət etməsi ilə fərqlənir. Bu ilin yayında Bakıda da birgə iki konsertimiz oldu. Bu konsert proqramını təkrarən Amerikada reallaşdıracağıq. Fevral ayının sonlarında Türkiyədə də bir konsertim olacaq.

- Sizin həm də qadın və uşaqlarla bağlı sosial layihələrə maraq göstərdiyinizi eşitmişik...

- Həm Avropada, həm də öz ölkəmdə əsasən qadın haqları ilə bağlı sosial layihələrdə çalışmışam. Sadəcə qadın olduqları üçün zülmə məruz qalan qadınlarla çox işlədim. Eyni zamanda uşaqlarla bağlı layihələrdə iştirak etdim, qısa bir müddət əlil uşaqlarla çalışdım. Bu istiqamətdə 2010-cu ildə İstanbulda bir layihə həyata keçirdim. Musiqi bir çox qapıları açan faktordur. Bakıda isə sadəcə uşaq evlərini ziyarət edə bilmişəm.

- Musiqidə müxtəlif janrların sintezinə münasibətiniz necədir?

- Yaxşıdır. Bu yaxınlarda Bakıda keçirilən Türkiyə caz festivalında bu təcrübəmi tətbiq etdim. Türk xalq mahnıları ilə cazı birləşdirdik, xalq motivlərini tamamilə caza uyğunlaşdırdıq. Hər bir şeyin əsasında sintez var. İnsanın özü belə sintezdir. Mən muğamı çox sevirəm. Alim Qasımova çox heyranam. Onu Belçikada tanımışam. Məncə, yaxşı və pis musiqi var. Muğamın da, cazın da yaxşısı möhtəşəmdir. Bəzən lazımsız uzunçuluq, eyni sözləri təkrarlamaq yaxşı deyil. Son olaraq deyim ki, Azərbaycanda yaşamaqdan çox məmnunam. Burada çox gözəl insanlar tanıdım, dostlar qazandım. Qardaş ölkədə yaşamaq əslində həyatımın mənə verdiyi bir hədiyyədir. Azərbaycanda musiqi təhsili sahəsində də çalışmaq istərdim.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 10.