Ölkəmiz Seulda turizm forumunda təmsil olunub
Cənubi
Koreyada Naftalan neftinin təqdimatı böyük maraqla qarşılanıb
Noyabrın 11-13-də Cənubi
Koreya Respublikasının
paytaxtı Seulda turizm liderlərinin forumu, ayın 15-dən
23-dək isə turizm
liderlərinin təlim
proqramı keçirilib.
Bu tədbirlərdə ölkəmiz də təmsil olunub. «New Baku Hotel»in
baş meneceri Ceyhun Aşurov, «Ariva Hotel»in baş meneceri Azad Əhmədov və «SW Travel»in departament rəhbəri Nihat Zalıyev Mədəniyyət
və Turizm Nazirliyinin tövsiyəsi ilə forum və təlim proqramında iştirak ediblər.
Səfər təəssüratlarını qəzetimizlə bölüşən
Ceyhun Aşurovun sözlərinə görə,
foruma 20 ölkədən
100-dən artıq nümayəndə
qatılıb. «Mədəni turizm və kreativ turizmdə yeni trendlər» mövzulu tədbirdə dünyada və Koreyada bu istiqamətdə
tətbiq olunan yeniliklər müzakirə
olunub: «Forum nümayəndələri
öz ölkələrinin
turizm imkanları barədə təqdimat etdilər. Azərbaycanla bağlı məruzə
etmək mənə həvalə olunmuşdu.
Ölkəmizdə turizmin
inkişaf perspektivləri,
hazırda görülən
işlər, infrastruktur,
mədəni turizm imkanlarımız və s.
barədə geniş
təqdimat etdim. Səfər çərçivəsində Cənubi Koreyanın Deagu, Gumi, Gyeongsan, Busan, Gyeongju, İncheon şəhərlərində
də olduq, bu ölkədə turizmin inkişafı ilə tanış olmaq imkanı əldə etdik».
Səfər çərçivəsində forumun iştirakçıları
Gyongsan şəhərində
yerləşən Yeungnam
Universitetində keçirilən
təlimlərin dinləyiciləri
olub, müxtəlif mövzularda mühazirələri
dinləyiblər. Həmsöhbətimiz
deyir ki, təlimlər turizm sahəsində brendləşmə,
ölkələrdə regional turizm inkişafı, əhalinin bu sahə üzrə maarifləndirilməsi, dövlətlə
özəl sahənin
əməkdaşlığı kimi vacib məsələlərə
həsr olunmuşdu: «Təlimlərin sonunda nümayəndələr dinlədikləri
mühazirələr əsasında
öz ölkəsinə
uyğun təqdimatlar
hazırladı. Biz təqdimatımızda Naftalan
nefti barədə məlumat verdik, onun turizm məhsulu
kimi əhəmiyyətindən
danışdıq. Təqdimat böyük
maraqla qarşılandı.
İştirakçıların bəziləri Azərbaycan
haqqında məlumatları
ilk dəfə bizdən
eşidirdi. Onlara ölkəmizdə
turizmin müxtəlif
növlərinin inkişafı,
qış və müalicə turizmi imkanları haqqında geniş məlumat verdik. Səfər zamanı təkcə
Cənubi Koreyanın deyil, forum və təlimlərdə iştirak
edən ölkələrin
də mədəniyyəti,
turizm potensialı barədə məlumat aldı, həmçinin də Azərbaycan haqqında onları məlumatlandırdıq. Forumun bağlanış
günü ölkəmizin
Seuldakı səfirliyinin
birinci katibi Fərrux Cumayev də bizimlə birlikdə oldu. Fürsətdən istifadə edib
qəzetiniz vasitəsilə
ona öz təşəkkürlərimi bildirirəm».
Ceyhun Aşurov Cənubi Koreyanın turizm imkanlarından da söz açdı. Onun sözlərinə görə, bu ölkənin okeana yaxın ərazilərində çimərlik turizmi çox inkişaf edib. Ümumiyyətlə isə, ölkədə MİCE (işgüzar) turizminin inkişafına xüsusi diqqət ayrılır: «Bu sahəyə böyük investisiyalar qoyulur. Hazırda Cənubi Koreya beynəlxalq konfranslara, forumlara ev sahibliyi edir. Onu da qeyd edim ki, bundan çox böyük qazanc əldə edirlər. Tibbi turizm də inkişaf edib. Regionun əksər ölkələrinin vətəndaşları müalicə üçün məhz Cənubi Koreyaya gəlirlər. Çünki burada kosmetik, estetik tibbi cərrahiyyə yüksək səviyyədədir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 9.